“Qarabağ Regional Mədəniyyət İdarəsinin bir avtobusu yoxdur, 10 rayonu təmsil edir. Bu adamlar əsgərlərlə görüşə gedirlər, musiqi alətlərini hara qoysunlar?! Oxuyanlar, çalğıçılar nə ilə gedib-gəlsinlər?!”
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Rzayev bildirib.
“Bunun üçün diqqət, qayğı lazımdır. Xadimə, gözətçi və s. ştatı ləğv etmək asandır. Ancaq onlara çörək vermək lazımdır. Minlərlə belə ştatlar ləğv edilib. Haradasa bir dövlət məmuru özünə iş yeri açır, ora milyonlarla vəsait qoyur. Bu, büdcəyə qənaət deyil, ziyan vurmaqdır. Belə məsələlər gündəmə gətirilib lazımi tədbirlər görülməlidir. Biz büdcəyə nəzarətdən danışırıq. Bir də görürsən bir nazir, nazir müavini, icra başçısı saxlanıldı, ortalığa milyonlarla vəsaiti, villası, obyektləri qoyuldu. Bunlar haradandır, haradan oğurlayıb? Bu, rüşvət deyil, bir çox hallarda maliyyə sənədlərinin saxtalaşdırılmasıdır. Layihələr, tenderlər var ki, onların başdangetdi həllidir. Büdcəyə qəsd, dövlətə, xalqa qəsddir. Hər birimiz bu sahədə mübarizəmizi aparmalıyıq”, - komitə sədri əlavə edib.