Ru
15:06 / 26 Dekabr 2025

İctimai yerlərdə aqressiv davranışlar: Səbəb nədir?

İctimai yerlərdə aqressiv davranışlar: Səbəb nədir?
Eye


Mövlana Cəlaləddin Ruminin sözləridir: "Ya olduğun kimi görün, ya da göründüyün kimi ol". Amma bəzən insanlar ictimai yerlərdə olduqları kimi deyil, görünmək istədikləri kimi, hətta bir qədər də aqressiv davranırlar. Bu tendensiya təkcə sadə adamların deyil, bir çox tanınmışların da davranışlarında müşahidə olunur.

Bəs, bu cür davranışın psixoloji səbəbi nədir? Psiloloqlar bu halı necə izah edirlər?

Mövzu ilə bağlı klinik psixoloq Gülşən Rüstəmov Bakupost.az -a bildirib ki, insan davranışı cəmiyyət içində daha çox nəzərə çarpır:


"Çünki insan sosial varlıqdır və həm cəmiyyətin ona təsirindən, həm də özünün cəmiyyət təsirindən xəbərdardır. Maraqlısı odur ki, insan istədiyi reputasiyanı qazanmaq məqsədilə müəyyən davranışlar sərgiləyir. Sadə dillə desək, əgər bir cəmiyyətdə müəyyən davranışlar, məsələn, şiddət göstərmək, kobud danışmaq və ya aqressiv olmaq müəyyən dərəcədə təsirli rol oynayırsa, insanlar həmin davranışları göstərərək sosial qrupun diqqətini qazanmaq, özlərini qəbul etdirmək istəyirlər. Başqa sözlə, normal həyatda etmədikləri hərəkətləri cəmiyyətin gözləntisinə uyğun dəyişirlər.

İctimai yerlərdə aqressiv davranışlarının qarşısını necə almağa gəlincə, Gülşən Rüstəmov hesab edir ki, ən effektiv üsul insanın özünü dərk etməsi və daxili harmoniyasını qorumasıdır:

"Bütün psixoloji problemlərin bazasında insanın özü ilə münasibət qurması, özünü tanıması və emosiyalarını idarə etməsi dayanır.
Özünü dərk edən insan empatiya bacarığına malik olur, öz çatışmazlıqlarını, komplekslərini və travmalarını anlayır. Bu, onun cəmiyyətdəki davranışlarını daha konstruktiv və balanslı şəkildə idarə etməsinə imkan yaradır. Praktik olaraq, psixoloq və ya terapevtlə işləmək, özünü tanımaq və daxili resursları inkişaf etdirmək bu sahədə ən real və effektiv yanaşmadır".

Psixoloq Fəridə Musəvi də hesab edir ki, ictimai yerdə aqressiv davranışlar fərdin daxili dünyası, həm də sosial mühitlə qarşılıqlı əlaqəsi ilə sıx bağlıdır.

Onun sözlərinə görə, hər bir fərd keçmişdə yaşadığı travmalar və şəxsi təcrübələrdən asılı olaraq kütlə içində fərqli psixoloji reaksiyalar göstərir:

“İnsanın kütlə içində özünü fərqli göstərməsi onun daxili arzularının və yaşamaq istədiyi həyatın bir əksidir. O, gündəlik həyatda yaşaya bilmədiyi “mən” obrazını məhz bu cür mühitlərdə nümayiş etdirir.
Anonimlik hissi də davranışlara ciddi təsir edir. İnsan özünü anonim hiss etdikdə daha çox özünə qapanır, sosial əlaqələri azaldır və müşahidəçi roluna keçir. Bu vəziyyətdə fərd ətrafındakı insanların ona münasibətini həddindən artıq şübhə ilə dəyərləndirir və ünsiyyətdən uzaqlaşır".

Fəridə Musəvi kütləvi davranış pozuntularının qarşısının alınması üçün cəmiyyətin fərdləri olduqları kimi qəbul etməsinin vacibliyini vurğulayır. Onun sözlərinə görə, insanlara təzyiq göstərilməməli, narahatlıq və daxili gərginlik yaşadıqları hallarda isə psixoloji dəstək almağa təşviq olunmalıdırlar.

Beləliklə, kütləvi məkanlarda sərgilənən sözügedən davranışlar və anonimlik hissi insanın daxili dünyasının və sosial mühitlə qarşılıqlı münasibətinin təzahürüdür. Empatiya və psixoloji dəstək isə həm fərdlərin, həm də cəmiyyətin ümumi rifahına xidmət edə bilər.

Fəridə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar