Ru
13:06 / 13 Mart 2026

İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi?

İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi?
Eye

İki həftədir davam edən savaş ABŞ və İsrailin gözləntilərinin tam doğrulmadığını göstərir.

Bunu Bakupost.az-a açıqlamasında hərbi jurnalist Ramil Məmmədli İran–ABŞ–İsrail müharibəsinin 14 günlük nəticələrini şərh edərkən deyib.

Ekspert bildirib ki, bu müharibə ənənəvi savaş formatından xeyli fərqlənir:

“Bu müharibədə raket-artilleriya zərbələrindən sonra yerüstü əməliyyat keçirməklə hücum edib mövqeləri nəzarətə götürmək kimi addımların şahidi olmamışıq. Bunun səbəbi İran ərazisinin həm böyük olması, həm də ABŞ və İsraillə birbaşa sərhəd zolağının olmamasıdır. Ötən dövrdə İran tərəfinin atdığı addımlar əsasən raket zərbələri ilə məhdudlaşıb, qarşı tərəf isə raket və aviasiya zərbələrindən istifadə edib”.

Həmsöhbətimizin sözlərinə görə, Qərbin İran daxilində xalq hərəkatına olan ümidləri də özünü doğrultmayıb:

“Gözləntilər fərqli idi. ABŞ və İsrail qısa zamanda İranın vacib şəxslərini sıradan çıxarmaqla ölkə daxilində xalq hərəkatının başlayacağına ümid edirdi. Amma bu baş vermədi”.

R. Məmmədli hesab edir ki, İranın ABŞ-ın ərəb ölkələrində yerləşən hərbi bazalarına endirdiyi zərbələrin əsas məqsədi həmin məntəqələrdən hücum əməliyyatlarının idarə olunmasının qarşısını almaq olub və Tehran bu məsələdə hərbi baxımdan müəyyən nəticə əldə edib.

Hərbi ekspertin fikrincə, ötən müddətdə ABŞ-ın endirdiyi zərbələr isə fundamental dəyişiklik yaratmayıb:

“Hücumlar təxminən bərabər səviyyədə davam edir. Əməliyyatların bu şəkildə davamı yalnız dağıntıların artmasına gətirib çıxaracaq. Hər iki tərəfin raket ehtiyatları kifayət qədərdir. Lakin təyyarədaşıyan gəmilərin sayının artırılması belə prosesin ABŞ-ın istəyinə uyğun yekunlaşmasına hələ ki dəstək vermir. Onların atdığı addımlar hər hansı fundamental dəyişikliyə gətirib çıxarmadı. Bu isə ABŞ-ın hərbi və siyasi rəhbərliyi arasında müəyyən fikir ayrılıqlarının olması ilə bağlıdır. Belə olan halda müharibənin dayandırılması çağırışları da artır”.

Ekspert hesab edir ki, ABŞ və İsrailin bundan sonra atacağı addımlardan biri yerüstü əməliyyatların həyata keçirilməsi ola bilər. Lakin o, bunun da effektiv nəticə verəcəyinə tam əmin deyil:

“Kürd silahlı birləşmələri bu prosesdə iştirak etməkdən imtina edib. İran daxilində isə rejimə qarşı qüvvələrin fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Belə olan halda müharibə bundan sonra tamamilə fərqli formata keçə bilər. Bu şəraitdə İranın mövqeləri daha da güclənə bilər”.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatların artıq iki həftəsi tamam olur. Bu müddət ərzində Qərb ölkələri İranın ali dini lideri başda olmaqla bir sıra yüksək rütbəli şəxslərini hədəfə alıb, həmçinin ölkənin bəzi strateji hərbi obyektlərinə ciddi zərbələr endirib.

Bununla yanaşı, İran da müqavimət göstərməkdə davam edir və ABŞ-ın ərəb ölkələrində yerləşən hərbi bazaları mütəmadi olaraq raket zərbələrinə məruz qalır.

Belə demək mümkündür ki, hazırkı mərhələdə müharibədə hansısa tərəfin açıq üstünlüyə malik olduğunu və ya qalib gəldiyini söyləmək hələ tezdir.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar