Ru
20:46 / 29 Yanvar 2017

İlahiyyat məscidini kimlər və niyə sökmək istəyirlər?

İlahiyyat məscidini kimlər və niyə sökmək istəyirlər?
Eye

Azərbaycanda sökülən məscidlərin siyahısına  biri də əlavə olunur. Yasamal rayonunda yerləşən İlahiyyat məscidi adı ilə tanınan məscidin Yasamal rayon icra hakimiyyəti tərəfindən qanunsuz tikili olduğu əsas gətirilərək sökülməsi planlaşdırılır.

 

 İlahiyyat məscidi 1993-ci ildə Türkiyə Diyanət Vəqfinin maddi dəstəyi ilə tikilmişdir. 1996-cı ildən fəaliyyətə başlayan  məscidin yanında Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi yerləşdiyindən (2005-ci ildən fakültə başqa ünvana köçürülmüşdür)  məscidə  İlahiyyat məscidi deyilir.  Azərbaycan müstəqillik əldə etdiyi dövrdə bir çox sahələrdə olduğu kimi din sahəsində də böyük boşluq mövcud idi. Bu boşluğun doldurulmasında, İslam dininin əsaslarının  xalqa düzgün təbliğ olunmasında İlahiyyat məscidinin əvəzsiz rolu olmuşdur. İlk vaxtlar məscidə Türkiyədən imam təyin edilsə də sonralar bu vəzifəni Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən  təyin edilmiş yerli imamlar icra edirdilər.

 

 İstifadəyə verildiyi vaxtdan bəri məsciddə heç bir təriqət-məzhəb qarşıdurması yaşanmamışdır. Bunun  səbəblərindən biri məsciddə xidmət edən imam, müəzzin və vaizlərin savadlı, dini və milli dəyərlərə bağlı insanlar olması, məscidi sadəcə insanların istifadəsinə verilmiş dini bir qurum deyil, həm də Allahın evi olaraq görmələridir. Məscid icmasının fəaliyyəti dini tolerantlığa, humanizmə və dini maariflənməyə əsaslanır.

Məscidin inşa edildiyi dövr qaçqın və məcburi köçkünlərin öz yurdlarından didərgin düşdüyü zamana təsadüf edirdi. Bakı Dövlət Universitetinin tələbə yataqxanalarında məskunlaşmış qaçqın soydaşlarımızın mənəvi təsəlliyə daha çox ehtiyacı olduğu bir vaxtda yaxınlıqda bu məscidin tikilməsi onların yaralı qəlbinə azacıq da olsa məlhəm olmuşdur. Dini və milli bayramlarımızda məscid icması qaçqın soydaşlarımızı, şəhid ailələrini, əlilləri və yetimləri diqqətdən kənar tutmamış, onlara mənəvi dəstək olmaqla birlikdə maddi yardım da göstərmişdirlər. 

2006-cı ilədək eyni ünvanda yerləşən İlahiyyat fakültəsinin  tələbələrinin savadlı, bəlağətli imam, xətib, vaiz kimi yetişməsində bu məscidin rolu inkar edilə bilməz.

 

Məscid fəaliyyət göstərdiyi tarixdən bu günədək dövlətlə razılaşdırılmamış, qeyri-qanuni heç bir iş görməmişdir. Bununla belə Yasamal rayon icra hakimiyyəti məscidin söküləcəyi ilə bağlı dəfələrlə icmaya xəbərdarlıq etmişdir. Bunun səbəbi məscidin fəaliyyətindən narahat olmaqdan daha çox bəzi işbazların qabaran iştahasıdır. Belə ki, həmin ərazidə BDU-nun tələbə şəhərciyində məskunlaşmış qaçqınların  Yeni Müşfiqabad qəsəbəsinə öçürülməsindən sonra yataqxana binaları sökülməyə başlanmışdır. Bununla əlaqədar məscidin yanındakı binada yerləşən Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi də başqa ünvana köçürülmüşdür. İşbazların boşaldılmış ərazidə çox mərtəbəli hündür binalar tikmək planları var. Buna görə də məscidin ərazisinin zəbt edilməsi və burada da yaşayış binası və ya ticarət obyekti tikmək fikrindən əsla vaz keçmək istəmirlər. Digər tərəfdən tikiləcək yeni yaşayış binasının yaxınlığında  məscidin mövcud olması onları narahat edir. Azərbaycan əhalisinin hamısının dindar olmadığını nəzərə alsaq işbazlara  görə məscidin yaxınlığında yerləşən binanın mənzillərinin baha qiymətə satışını təşkil etmək müşkül məsələyə çevrilə bilər. Bura gələcəkdə məsciddə baş verə biləcək hər hansısa münaqişə, bina sakinlərinin övladlarının məscidə cəlb oluna bilmə qorxusu, məsciddən verilən azan səsindən duyulan narahatçılıq, bayram və cümə namazı kimi kütləvi ibadətlər zamanı yaranan və hərəkəti məhdudlaşdıran qələbəlik və s. bu kimi məsələlər daxildir. İşbazlara görə bunun ən yaxşı həll yolu Allahın evini sökməkdir.

 

Azərbaycanda dini ibadətgahların bağlanması və sökülməsi son zamanlar adi hal almışdır. Lakin nəzərə almaq lazımdır ki, məscidin sökülməsi həll yolu deyil. Bakıda sökülən məscidlərdə ibadət edən dindarlar başqa bir məscidə üz tutmağa məcburdurlar ki, bu da öz növbəsində həmin məsciddə ibadətə gələn dindarların sayının çoxalmasına gətirib çıxarır. Bu isə ayinlərin rahat bir şəkildə icra edilməsini çətinləşdirir. Buna misal olaraq İlahiyyat məscidində bayram namazlarının eyni gündə iki, bəzən hətta üç dəfə qılınmasını göstərmək olar. Cümə namazlarında məscidin içərisi və həyəti qələbəlik olduğundan dindarlar namazı küçədə qılmağa məcbur olurlar. Nəzərə alsaq ki, Bakıda küçələr qardan və buzdan təmizlənmir bu dindarların çəkdiyi əziyyəti təsəvvür etmək elə də çətin olmaz. Azərbaycanda iş zamanı dindarlara ibadət etmə imkanı verilmədiyindən dindarlar nahar fasiləsini fürsət bilərək ibadətlərini qısa müddətdə icra edə bilmək üçün məscidə avtomobillə gəlməyə məcburdurlar. Buna görə də kütləvi ibadətlər zamanı məscidin ətrafında tıxac yaranır. Bunun həll yolu məscidi bağlamaq deyil əksinə məscidlərin sayını artırmaqdır. Hər bir dindar vətəndaş evinə və ya iş yerinə yaxın məsciddə ibadət etmək istəyər. Belə olduğu təqdirdə hamının eyni bir məsciddə toplanması zərurəti də aradan qalxmış olar. Dindarların sıx olduğu məscidlərdə təhlükəsizliyin təmin edilməsi də çətinləşir.



Dünyaya dini tolerantlıq dərsi verən Azərbaycan hökuməti Gürcüstandakı erməni kilsələrini pulsuz təbii qazla təmin etdiyi halda İlahiyyat məscidinə mavi yanacağı pulla satır.  Nəzərə alsaq ki, məscid yalnız buraya gələn dindar camaatın verdiyi ianələr hesabına maliyyələşir o zaman məscidin idarə edilməsində yaranan problemləri anlamaq mümkündür. 



Məscidin qeydiyyata alınması uzun zamandan bəri müxtəlif  bəhanələrlə gecikdirilir. Dini icmaların qarşısında duran bu bürokratik maneələri dəf etmədikcə heç bir problemin həllindən söhbət gedə bilməz.

 





Elşən Musayev

İlahiyyat üzrə fəlsəfə doktoru



İlahiyyat məscidini kimlər və niyə sökmək istəyirlər?
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar