“Ermənilərin 30 illik Azərbaycan torpaqlarının işğalı müddətində də, ölkəmizin tarixi qələbəsindən sonra da İranla-Ermənistan arasında təmasların yüksək olduğunu görmüşük. İran istənilən vaxt Ermənistana öz dəstəyini göstərib. Müsəlman ölkəsi olan Azərbaycana isə əksini edib”.
Bunu
Bakupost.az -a açıqlamasında
millət vəkili Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, İran Azərbaycana qarşı bu addımları dərhal dayandırmalı, iki qonşu ölkə arasında münasibətlərin normal vəziyyətə düşməsinə çalışmalıdır:
“Vətən müharibəsində qazandığımız qələbədən sonra Azərbaycan İran tərəfinə rəsmi qaydada narazılığını çatdırdı. Qeyd etdi ki, İranın yük maşınlarının Ermənistana gedərək separatçıların güclənməsinə dəstək verib. Eyni zamanda, son günlər İran rəsmilərinin Azərbaycana qarşı qərəz və böhtan xarakterli fikirlər səsləndirməsi qəbuledilməzdir. Azərbaycanın yanaşması ondan ibarətdir ki, İran bunları dayandırmalıdır.
İran hər zaman müsəlmanlar arasında vəhdətdən və birlikdən danışır. İslamın hamisi qismində çıxış edir. Atdığı addımlar isə bunların əksini göstərir”.
Millət vəkili qeyd edib ki, Qarabağda 67 məscidimiz dağıdılıb, yerlə-yeksan edilib. Amma bu günə qədər bununla bağlı İranın heç bir reaksiyasını görməmişik:
“İran bir dəfə də olsun bununla bağlı heç bir reaksiya və heç bir mövqe bildirməyib.
Prezident İlham Əliyev dəfələrlə çıxışında qeyd edir ki, “Məscidləri dağıdan ölkə müsəlmanların dostu ola bilməz”. Bu birmənalıdır. İran tərəfi də bu reallığı nəzərə almalı və öz siyasətində bu prinsipləri gözləməlidir. Əlbəttə ki, İran müsəlman ölkəsi olan Azərbaycanı dəstəkləməlidir. Amma biz bunu heç vaxt görmədik. İran anlamalıdır ki, artıq Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Bu reallıqları hər kəs qəbul etməlidir. Başqa variant yoxdur və ola da bilməz. Həmçinin, İran Ermənistana olan dəstəyinə son qoymalıdır. Zəngəzur-Gorus-Qafan yolunu bağlayırıq, amma İran Ermənistanla bu yola alternativ yol çəkir ki, yenidən dəstəyini davam etdirsin.
Hesab edirəm ki, İran bunu nəzərə alıb Azərbaycanın təklifini diqqətdə saxlamalı və normal münasibətlərin bərpası üçün çalışmalıdır. Əgər bunu etməsə Azərbaycan da öz prinsipial mövqeyindən geri çəkilməyəcək”.
Fəridə Söhrabqızı
Baku Post