Ru
10:07 / 09 Oktyabr 2019

İnsanların qeyb olduğu yer: ziyarətgah, şəfa mənbəyi... – Naxçıvandan FOTOREPORTAJ

10284
Vətənimizdə inanclı insanların rahatlıq tapdığı ziyarətgahlar çoxdur. Onlardan biri də Naxçıvanda yerləşən "Əshabi-Kəhf" ziyarətgahıdır. "Əshabi-Kəhf" həm də Azərbaycanın ən qədim tarixi abidələrindəndir.

Bu tarixi məkanı görmək çoxdankı arzum olsa da, vaxt məhdudiyyəti istəyimi reallaşdırmağa imkan vermirdi. Nəhayət, necə deyərlər “şeytanın qıçını sındır”maq nəsib oldu. Biletləri aldıq, sübh tezdən Bakı-Naxçıvan reysinə özümüzü çatdırdıq. Bir saatlıq uçuşun ardından dillər əzbəri, cənnət məkan Naxçıvan şəhərindəyik. Burada çox maraqlı hadisələrin şahidi olacağımı bilirdim. Qarşılaşdığım ilk maraqlı həmsöhbət elə hava limanındakı taksi sürücüsü oldu.

Sarı taksilərin “qırmızı xətti”

... Naxçıvanda bütün taksilər sarı rəngdədir. Hər sürücü avtomobili təyin olunmuş yerdə saxlamalıdır. Şəhərdə cəmi 500 taksi var. 501-ci ola bilməz: “Artım olarsa tıxac yarana bilər” – bizi “Əshabi-Kəhf”ə aparan taksi sürücüsü deyir. Ən diqqətimi çəkən məqam isə bu oldu - taksi sürücüləri qonaqların qarşısına qaça bilməz. Sərnişin özü istədiyi taksini seçməlidir...




Tərtəmiz şəhər – Kimlər təmizləyir?



Naxçıvan çox təmiz şəhərdir. Bunu yol boyu müşahidə etmək mümkündür. Taksi sürücüsü deyir ki, şəhərdə hər həftənin şənbə günü dövlət orqanları və özəl sektor nümayəndələrinin iştirakı ilə iməcilik keçirilir. Hər bir təşkilat ona ayrılan ərazini təmizləməlidir. Yollara maşından zibil tullamaq qadağandır. Bunu edənlər qanunvericiliyə uyğun cərimə olunurlar.
Şəhərin infrastrukturu da gözəldir. Naxçıvan canlı muzeyi xatırladır. Burada tarixi tikililərə, tarixi abidələrə xüsusi qayğı və diqqət var. Yox olma təhlükəsi ilə üzləşən abidələr restorvasiya olunaraq yenidən milli-mədəni irsimizdə öz yerini bərpa edib.



“Əshabi-Kəhf”

“Əshabi-Kəhf” də daim diqqətdə olan, qorunan tarixi abidələrdəndir. “Əsahabi-Kəhf” mağarasının müqəddəsliyi xalq arasında yayılmış və bir sıra qaynaqlarda əksini tapmış rəvayətə əsaslanır. Həmin rəvayətə görə, Allahdan üz çevirib bütlərə tapınan Dağ Yunis adlı hökmdarın zülmünə dözə bilməyən vəzir Təmirxan bir neçə dostu ilə dağlara sığınmağa qərar verir. Yolda onlara zülmdən cana doyan və ümidini Allaha bağladığını deyən hökmdarın çobanı da qoşulur. Bu vaxt çobanın iti də qaçanların ardınca gəlir. Lakin onlar itin səs salacağından ehtiyatlanır. İti heç bir vasitə ilə qova bilməyən çoban məcbur olub onun əvvəlcə bir, sonra isə digər ayağını sındırır. Bu zaman insan kimi dil açan it də zülmdən qaçdığını bildirir və ölür. Çoban onu mağaranın girəcəyindən bir az aralı, hazırda «Qıtmir» adlanan yerdə basdırır və çomağını üstünə taxır. Bundan sonra qaçıb, yaxınlıqdakı mağaraya sığınırlar. Orada onları dərin yuxu aparır. Oyandıqdan sonra acdıqlarını hiss edərək vəziyyəti öyrənmək və çörək almaq məqsədilə vəziri şəhərə göndərirlər. Vəzir Təmirxan şəhərdə pul verib çörək almaq istəyərkən ondan soruşurlar ki, bu pullar hardandır? Vəzir şəhərdəkiləri inandırmağa çalışır ki, pullar onun özünündür. Onu başa salırlar ki, pullar üç yüz il bundan əvvəl hökmdarlıq etmiş Dağ Yunisə aiddir.

Burada bir möcüzə olduğunu bilən vəzir başına gələnləri şəhərdəkilərə danışır. İnsanların maraq üçün mağaraya doğru axışdığını görən vəzir yoldaşlarını üç yüz ildən çox yatdıqları barədə xəbərdar etmək üçün hamıdan əvvəl içəri girir. Baş vermiş möcüzədən xəbərdar olan mağaradakılar dərhal Allaha əl açıb ondan qeyb olmalarını diləyirlər. Allah onların səsini eşidir və hamısı olduğu yerdəcə qeybə çəkilir. Mağaraya daxil olanlar onların izlərini tapırlar və o zamandan bura ziyarətgaha çevrilir.
Xalq arasında yayılan digər rəvayət sonralar mağaranın müqəddəsliyini daha da artırır. Həmin rəvayətə görə, həzrəti Əli “Əshabi-Kəhf”i ziyarət edərkən orada namaz qılıb və onun atı Düldülün ayaq izi mağaradakı qayalıqda qalıb.

“Əshabi-Kəhf” neçə yüzilliklərdir müqəddəs ocaq sayılır. Hətta Sovet hökumətinin qadağaları da insanları ona pənah aparmaqdan çəkindirməyib. El arasında deyirlər ki, “Əshabi-Kəhf”i 7 il dalbadal ziyarət etmək Kərbəla, hətta Həcc ziyarətinə bərabərdir. Yəni həmin ziyarətgahlara gedə bilməyənlər “Əshabi-Kəhf”də olmaqla savaba çata bilər. “Əshabi-Kəhf”i ilin istənilən fəslində ziyarət etmək mümkündür.
Mağaranın əsas inancları daş, su, ağac kultu ilə bağlıdır. “Əshabi-Kəhf”in ətrafındakı bütün kol və ağaclara əl yaylıqları, parça hissələrinin bağlandığını görmək mümkündür. İnsanlar bunu niyyət edərək bağlayırlar.
“Əshabi-Kəhf”ə çatmamış, yolun kənarında çoxlu məzarlar var. Ziyarətgaha gələnlərin bir çoxu əvvəlcə həmin məzarları ziyarət edir, sonra mağaralara qalxırlar. Bu məzarların nə vaxt salındığı və kimlərə məxsus olduğu məlum deyil.

Mağarada izlər var. Bu, sanki divara söykənmiş insan izləridir ki, onlara da "Yeddi kimsənə" deyilir. Bu izlər qeybə çəkilən həmin insanların izləri hesab olunur. Xalq arasında olan inama görə, həmin izləri öpmək vacibdir.



“Əshabi-Kəhf”dəki qayalıqda həzrəti Əlinin Düldül adlı atının ayaq izləri var. İnsanlar niyyət edib yerdən təqribən 5-6 metrə qədər hündürlükdə olan həmin çalalara kiçik daşlar atırlar. Niyyəti hasil olanın daşı orda qalır. Bir qayda olaraq üç daş atılır. Mən atdığım 3 daşdan 2-ci orda qaldı.

Yolumuza davam edirik. "Məscid"ə və "Cənnət bağı"na çıxan yolun solunda gözümə qayada rahatlıqla seçiləcək formada olan dəlik toxundu. Niyyəti olanlar deşikdən keçib həmin qayanın başına üç dəfə dolanırlar. Deyilənə görə bunu daha çox xəstələr, sonsuz qadınlar və uşaqlar edirlər.

Məscid...


Məsciddə namaz qılmaq üçün hər cür şərait var. Namaz qılan kim, nəzir qoyan kim. Məscidin kişilərə aid hissəsində iki kitabə var. Kitabələrdən birində Qurani-Kərimin “Əshabi-Kəhf” hadisəsindən bəhs edən “əl-Kəhf” surəsindən 9-12, 17-18-ci ayələr həkk edilib.

Digər kitabədə isə lövhənin kənarlarında yazılar yazılıb. Məzmunu isə belədir: “Qar, yağış təsirindən burada yazılmış xətlər məhv olmuşdu. Ona görə də bu əzəmətli məkanın taleyi barəsində Naxçıvan ölkəsinin hakimi Şükrulla xan Kəngərli, adı çəkilən ölkənin keçmiş hakimi və xeyirxah əməllərin banisi Heydərqulu xanın xələfi qərar verərək buyurdular ki, həmin lövhənin üzünü yenidən, səhvsiz ayrı bir daş lövhəyə yazdırsınlar və yadigar olaraq keçmiş lövhənin yerinə nəsb etsinlər. Bu əmrə əsasən mərhum, mömin Molla Mustafanın oğlu Məhəmməd Xətib Naxçıvani işə başlayıb, 1190-cı ilin səfər əl-müzəffər ayında (22.03-20.04-1776) lövhəni yazıb qurtarmışdır”.



Göründüyü kimi əvvəllər bu kitabənin yerində Qurani-Kərimin qeyd olunan ayələri həkk olunan ayrı bir kitabə olub. Ancaq zaman keçdikcə təbii amillərin təsirindən aşındığı üçün həmin vaxt Naxçıvanın hakimi olan Şükrulla xan Kəngərlinin əmri ilə mətn ayrı bir mərmər lövhəyə yazılaraq onun yerinə qoyulub.

Qara daş...

Məscidin qarşısında Qara daş və Damcıxana var. Bu iki yer ziyarətin əsas məqamlarından sayılır. Qara daş müqəddəs hesab edildiyindən isanlar onu öpürlər. Bəzən xəstələr niyyət edib qara daşın yanında da yatırlar.


İnsanlar ziyarətgah və onun ətrafında üç yerdə su inamı ilə qarşılaşırlar.

Bunların biri təmizlənib müalicə olunma yeridir.
İkincisi “Əshabi Kəhf”in girəcəyindəki kiçik hovuz-bulaqdı. Suyun şəfa verici özəlliyinə inanan insanlar ondan içir və ya xörək hazırlayırlar.
Üçüncü isə Damcıxınada dilək diləməklə istəklərin yerinə yetirilib, yetirilməyəcəyini bilmək üçün tavandan daman sudur. İnsanlar xüsusi ayrılmış yerdə əyləşirlər. Əgər su baş və çiyin nahiyəsinə düşürsə, deməli niyyət tez, aşağı nahiyələrə düşürsə gec hasil olacaq. Heç düşmürsə deməli niyyət qəbul olunmayacaq.

Cənnət Bağı...



Ziyarətgahda ən hündür yer “Cənnət bağı” adlanan yerdir. Əvvəllər bura çıxmaq çox çətin olub. İndi isə dəmir pilləkənlər bu işi asanlaşdırıb. Hər tərəfdən yüksək qayalarla əhatə olunan bu məkan duaların qəbul olduğu yer sayılır. Şərqə doğru qayaların arası ilə dar keçid qalxır. Keçidin baş tərəfində, sıldırım qayada bir dağdağan ağacı bitib. Həmin ağaca dilək üçün parçalar bağlanılır.



Beləliklə, inanclara görə niyyəti təmiz insanların gedə biləcəyi “Əshabi-Kəhf” ziyarətgahı daha çox mənəvi təmizlənmə və Allaha yaxınlaşma yeridir. Buranı ziyarət edərkən insan sanki dünyəvi aləmdən ayrılır və özünü bağışlanmışlardan hesab edir.



Qaynayan bulaq

“Əshabi-Kəhf”in aşağı hissəsibndəki 15 dəqiqədən bir qaynayıb köpüklənən mineral bulaq sehrli xüsusiyyətlərinə görə insanlar arasında müqəddəs sayılır. Bura müxtəlif xəstəlikləri olan adamlar gəlirlər. Xalq arasında belə bir inam mövcuddur ki, bulağın ən kəsərli vaxtı köpüklənmənin şiddətləndiyi dövrüdür. İlin bütün fəsillərində beləcə qaynayıb-yatan bulaqda təkcə xəstələr deyil, bəzi zəvvarlar da yuyunub təmizlənir. Burada yuyunmaq ziyarətə hazır olmaq deməkdir.



Əgər siz hələ də “Əshabi-Kəhf”i ziyarət etməmisizsə mütləq ora baş çəkin. Əmin olun ki, çox fərqli hisslər yaşayacaqsınız...































Fəqan Muxtarlı
BAKUPOST
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər