Ru
14:55 / 17 Sentyabr 2026

İnternet yenə bahalaşır: Ekspektdən SƏRT AÇIQLAMA – "Bu, real keyfiyyət yaratmır"

İnternet yenə bahalaşır: Ekspektdən SƏRT AÇIQLAMA – "Bu, real keyfiyyət yaratmır"
Eye

1 oktyabrdan Azərbaycanda genişzolaqlı internet üzrə minimum tarif 18 manatdan 25 manata qaldırılır. Eyni zamanda, təqdim olunan minimum internet sürəti 40 Mbit/s-dən 100 Mbit/s-yə yüksəldilir.

İKT üzrə ekspert Elvin Abbasov “Bakupost”a bildirib ki, tarif artımı ilk növbədə köhnə mis (ADSL/VDSL) naqil şəbəkələrinin sıradan çıxarılması və ölkə üzrə fiber-optik (GPON) infrastrukturunun qurulması xərclərini qarşılamaq məqsədi daşıyır.

Onun sözlərinə görə, yüksək buraxılış qabiliyyətinə malik “GPON” şəbəkəsi eyni vaxtda çoxlu sayda cihazın kəsintisiz internetə qoşulmasına və məlumat axınının dayanıqlığına imkan yaradır.

Ekspert qeyd edib ki, istehlakçı bu artım müqabilində nominal olaraq 2,5 dəfə daha yüksək internet sürəti əldə edir. Lakin şəbəkənin “1 Gbit/s” sürəti dəstəkləyən texniki potensialı fonunda minimum sürətin “100 Mbit/s”yə qaldırılması xidmətin real keyfiyyətinin yüksəldilməsi üçün kifayət deyil.

“Xidmət keyfiyyəti təkcə nominal sürətlə deyil, pik saatlarda şəbəkənin gecikmə dərəcəsi (ping), paket itkisi (packet loss) və beynəlxalq kanallara çıxış tutumu ilə ölçülür”, – deyə Elvin Abbasov bildirib.

Ekspertin fikrincə, tarif dəyişikliyinin sadəcə əlavə xərc yükünə çevrilməməsi və real keyfiyyət artımı yaratması üçün provayderlər daha yüksək sürətli paketləri əlçatan etməlidirlər.

O bildirib ki, hazırda “250 Mbit/s”sürətli tarifdə hər Mbit/s üçün orta ödəniş təxminən 0,14 manat təşkil edir. Hər Mbit/s üçün düşən xərci 10-20% azaltmaqla “250-300 Mbit/s”kimi yüksəksürətli minimal paketləri kütləviləşdirmək mümkündür.

“Yalnız vahid sürət vahidinin qiymətini ucuzlaşdırıb yüksək sürətli paketlərin əlçatanlığı təmin edildikdə bu tarif artımı istehlakçı üçün həqiqi rəqəmsal keyfiyyətə və şəbəkə dayanıqlığına çevrilə bilər”, – ekspert vurğulayıb.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar