Ru
13:38 / 07 Avqust 2026

İran-Oman razılaşması: Tehranın əli güclənir

İran-Oman razılaşması: Tehranın əli güclənir
Eye

İran və Oman arasında müzakirə olunan razılaşma layihəsi Tehranın Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olan gəmilər üzərində nəzarət səlahiyyəti əldə etməsini nəzərdə tutur.

“Bakupost” xəbər verir ki, layihənin məqsədi aylardır davam edən ABŞ-İran qarşıdurmasına son qoymaqdır.

Məlumata görə, razılaşma qüvvəyə minərsə, bu, regionda qüvvələr balansını İranın xeyrinə dəyişə bilər.

Konfliktoloq Azər Hüseynov Bakupost.az-a bildirib ki, ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə İranla Oman arasında müvafiq razılaşmanın əldə olunması belə Vaşinqton-Tehran qarşıdurmasına son qoymayacaq:

“İran və ABŞ arasında baş verən son münaqişə heç nəyin ilk baxışdan göründüyü kimi olmadığını göstərdi”.

Ekspertin sözlərinə görə, hadisələrin gedişi fonunda ABŞ-nin Hörmüz boğazına tam nəzarət etmək imkanlarının elə də geniş olmadığı ortaya çıxdı:

“Çünki belə bir nəzarəti təmin etmək üçün böyük hərbi qüvvə, ciddi maddi resurslar və uzunmüddətli hərbi imkanlar tələb olunur. Hətta dünyanın ən zəngin və güclü dövlətlərindən biri olan ABŞ üçün bunu tam şəkildə həyata keçirmək asan deyil”.

Müsahibimiz İranın bu məsələdə müəyyən üstünlüklərə malik olduğu qənaətindədir:

“Çünki söhbət İranın birbaşa yerləşdiyi regiondan gedir. İran coğrafi baxımdan özünə yaxın ərazidə, daha məhdud resurslarla, lakin yerli imkanlardan istifadə etməklə ciddi müqavimət təşkil edə bilir. Bu da hərbi gücün yalnız silah və texnologiya ilə ölçülmədiyini göstərir. Coğrafiya, logistika və əraziyə yaxınlıq da ən azı digər amillər qədər əhəmiyyətlidir”.

Konfliktoloq düşünür ki, bu məsələnin son nəticədə İran və Oman arasında müəyyən razılaşma yolu ilə həlli mümkündür:

“İran və Oman Hörmüz boğazında təhlükəsizliyin və gəmiçiliyin təmin edilməsi məsələsində birlikdə hərəkət etmək istiqamətində addımlar ata bilərlər”.

Amma həmsöhbətimiz deyir ki, sözügedən razılaşma Tehranın mövqeyinin güclənməsinə xidmət edəcəksə, Vaşinqton birmənalı şəkildə onun əleyhinə çıxacaq:

“Ona görə də burada əsas suallardan biri ABŞ-nin belə bir razılaşmaya münasibətidir. Ortaya çıxacaq razılaşma İranın mövqeyini müəyyən mənada gücləndirəcəksə, Vaşinqtonun bunu müsbət qarşılayacağını düşünmürəm. ABŞ tərəfindən müəyyən etirazların və siyasi təzyiqlərin olması mümkündür.

Ümumiyyətlə, mən hazırkı ABŞ hakimiyyəti dövründə bu problemin qısa müddətdə və tam şəkildə həll olunacağına bir qədər skeptik yanaşıram. Bununla belə, hadisələrin sonrakı inkişafı bir çox məsələyə aydınlıq gətirəcək. Qarşıdakı proseslər göstərəcək ki, tərəflər hərbi qarşıdurmadan daha çox hansı formada siyasi və regional razılaşmaya gedə biləcəklər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar