Ru
14:43 / 01 Sentyabr 2025

İran xüsusi xidməti azərbaycanlı yazıçını necə öldürüb? - Hadisə şahidi danışır - VİDEO

İran xüsusi xidməti azərbaycanlı yazıçını necə öldürüb? - Hadisə şahidi danışır - VİDEO
Eye

Cənubi azərbaycanlı müəllim və yazıçı Səməd Behrəngi 1968-ci il avqustun 31-də Araz çayında boğularaq müəmmalı şəraitdə ölüb. Bir çoxları onun şah rejimi tərəfindən öldürüldüyünə inansa da, bu iddiaları sübut edən dəlil yoxdur.

Bakupost.az xəbər verir ki, son günlər Behrənginin qəsdən öldürülməsi ilə bağlı həmin dövrdə Araz kənarında yük maşını sürücüsü olan yaşlı kişi danışıb. Onun videosu sosial şəbəkələrdə paylaşılıb.

“4 nəfər məmur olduqlarını deyərək, Səməd Behrangiyə sərhədən axan Araz çayında çimmək istədiklərini bildirirlər. Behrəngidən xahiş ediblər ki, rəisdən onlar üçün icazə alsın. Səməd Behrəngi qonaq olduqları üçün yerli polis məmurundan çaydan çimməyə icazə alır. Lakin həmin şəxslər çayda onu boğurlar, sonra isə deyirlər ki, üzməyi bacarmadığı üçün boğulub. Sonra Səmədin qardaşı Əsəd gəldi, dedi ki, qutu gətirmişəm, meyiti Təbrizə aparmaq lazımdır. Mən də meyiti İmamiyyə qəbiristanlığına gətirdim, orada da dəfn edildi.

Sonra gördülər ki, hər yerdə hadisəni danışıram. Gecə ilə polis məni apardı dindirməyə. Mən də məlumatsız olduğumu dedim”, - hadisə şahidi danışıb.

Qeyd edək ki, Azərbaycan əsilli iranlı müəllim, tərcüməçi, nasir, publisist Səməd Behrəngi İranda uşaq ədəbiyyatının banisidir. Daha çox özünün "Balaca qara balıq" əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilib.

1957-ci ildən etibarən kənd məktəblərində dərs deyib, kitablarla yanaşı çox sayda pedaqoji məqalələr yazıb. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzib və Azərbaycan folkloruna aid nümunələri toplayıb. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə edib.

1968-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar