Ru
17:32 / 27 Mart 2026

“İrandakı rejim ABŞ-yə sərf edir” – Neft qiymətlərində 200 dollar ehtimalı

“İrandakı rejim ABŞ-yə sərf edir” – Neft qiymətlərində 200 dollar ehtimalı
Eye

Yaxın Şərqdə davam edən gərginlik fonunda qlobal enerji bazarlarında kəskin qiymət artımı riski artır. Avstraliyanın maliyyə şirkəti “Macquarie Group” xəbərdarlıq edib ki, İranla münaqişə uzanarsa, neftin qiyməti rekord səviyyələrə çata bilər.

Şirkətin analitikləri, o cümlədən Vikas Dvivedi bildirib ki, müharibə iyun ayına qədər davam edərsə və Hörmüz boğazı bağlı qalarsa, “Brent” markalı neftin qiyməti 200 dollara qədər yüksələ bilər.

Analitiklərin qiymətləndirməsinə görə, bu ssenarinin baş vermə ehtimalı 40 faizdir. Alternativ ssenaridə isə (60 faiz ehtimalla) münaqişənin yaxın günlərdə səngiyəcəyi və bazarlarda sabitliyin qismən bərpa olunacağı gözlənilir.

Hazırda “Brent” qiymətləri artım tendensiyası göstərir. Mart ayının əvvəlində 119,5 dollara qədər yüksələn neft hazırda təxminən 107 dollar civarında ticarət olunur.

Analitiklər bildirir ki, Hörmüz boğazının bağlanması qlobal enerji təchizatına ciddi zərbə vurur. Boğazın uzun müddət bağlı qalması həm xam neftin, həm də emal olunmuş məhsulların qiymətini kəskin artırır.

ABŞ prezidenti Donald Tramp İranın enerji obyektlərinə mümkün zərbə ilə bağlı qərarı 10 gün təxirə salıb. Son tarix 6 aprel kimi göstərilir.

Analitiklər hesab edir ki, regionda hərbi risklərin qalması bazarlarda qeyri-müəyyənliyi artırır və qiymətlərin yüksəlməsini dəstəkləyir.

Bakupost.az neft qiymətləri ilə bağlı iddialara cavab almaq üçün “ReAl” partiyasının sədri, iqtisadçı Natiq Cəfərlidən münasibət öyrəndi.

– Natiq bəy, bu, Avstraliyanın “Macquarie Group” açıqlama verib ki, əgər Hörmüz boğazı iyun ayına qədər bağlı qalarsa və müharibə davam edərsə, neft qiymətləri iki yüz dolları keçə bilər. “Macquarie”nin 200 dollar ssenarisi nə qədər realdır?


– Bu demək olar ki, ən fantastik ssenaridir. Reallaşması ehtimalı çox, həddindən artıq aşağıdır. Çünki dünya iqtisadiyyatı bunu qaldıra bilməz. Neft 200 dollar olduqda nə olacaq ki? Dünya iqtisadiyyatında çox böyük dərin böhran yaşanacaq. Ona görə də həm ölkələr ehtiyatlarından istifadə edərək bazara artıq neft çıxaracaqlar. Venesuela aprel ayından bazara daha çox neft çıxaracaq. Artıq orada bununla bağlı işlər gedir. Yəni bu ssenari ən az ehtimal olunan ssenarilərdən biridir.


– Sizcə, Hörmüz boğazının bağlanması nə qədər davam edə bilər?

– Birincisi Hörmüz boğazı əslində bağlı deyil. Sadəcə əvvəlki trafik yoxdur. Əvvəl gün ərzində 100-ə yaxın tanker keçirdisə, indi təqribən 15-20 tanker keçir. Yəni tam bağlı olduğunu söyləmək düz deyil. Məsələn, Çinin, Hindistanın tankerləri oradan rahat keçir və İran tərəfi onlara maneçilik yaratmır. Hətta, bununla bağlı da dəfələrlə açıqlama da veriblər. Amma bəli, Hörmüz boğazı əvvəlki qaydada işləmir və oradan keçən tanker sayında ciddi azalma var. Bundan başqa da əsas problem heç bağlı yox, təhlükənin olmasıdır. Yəni sığorta şirkətləri Hörmüz boğazından keçən tankerləri sığortalamaq istəmir. Çünki bu, baha başa gəlir. Ya çox yüksək sığorta qiyməti təyin edirlər ki, bu da daşıyıcı şirkətlərə sərf etmir. Yəni əvvəlki qiymətdən hardasa 8-10 dəfə baha sığorta qiymətlərlə tanker sahibləri razılaşmır. Və yaxud da elə sığorta şirkətləri var ki, təhlükənin olduğuna görə gəmiləri sığortalamaqdan imtina edirlər. Çünki tankerlərin başına bir iş gəlsə, on milyonlarla dollar ziyana düşə bilərlər. Ona görə də, əslində Hörmüz boğazı ətrafında baş verən hadisələr tam da bağlıdır anlamına gəlmir. Sadəcə təhlükələrin mövcudluğu orada tanker trafikini dəfələrlə zəiflədib.

– Alternativ marşrutlar bu itkini kompensasiya edə bilərmi?

– Artıq bununla bağlı müəyyən işlər də görülüb. Qırmızı dənizdə Səudiyyə Ərəbistanının iki limanı var. Gündəlik təqribən 1,6-2 milyon barrelə yaxın neft borularla Qırmızı dənizdəki limana ötürülür. Oradan tankerlərə doldurularaq Aralıq dənizinə çıxır. Amma həcm olaraq kiçikdir. Sadəcə bu Hörmüz ətrafında olan problemlər boru xətlərinin çəkilməsini yenidən aktuallaşdırdı. Bir neçə il bundan öncə tankerlərlə daşınma artmağa başladı. Əvvəllər tankerlərin həcmi 500 min barreli keçmirdi. İndi hətta 2 milyon barrel tutumu olan böyük tankerlər var. Cənubi Koreyalılar bir neçə il bundan qabaq onları bazara buraxarkən düşündülər ki, boru kəmərlərinin əhəmiyyəti qalmayacaq. Amma bu hadisə onu sübut etdi ki, əksinə boru kəmərləri daha etibarlıdır, uzun və orta müddətli istifadədə daha ucuz başa gəlir. Ona görə də boru kəmərlərinə önəm artacaq. Bu hadisələrdən sonra Körfəz ölkələri də Bəsrə – yəni İraq üzərindən keçməklə Türkiyəyə yeni boru xətlərinin çəkilməsini müzakirə edirlər. Bilirsiniz ki, Ceyhan limanına qədər uzanan Kərkük-Yumurtalıq boru xətti var. İndi həmin boru xəttini genişləndirmək və yenilərinin çəkilməsi gündəmə gəlib. Bu da hər hansı təhdid zamanı Hörmüz boğazının dünya iqtisadiyyatına kəskin təsir etməməsinə qarşıdır.

– Tutaq ki, neft qiymətləri qalxdı 200 dollara. Nə baş verəcək?

– O zaman benzinin, aviakerosinin qiyməti qalxacaq. Daşıma xərcləri artacaq. Dünyada iki rəqəmli böyük inflyasiya olacaq. Kənd təsərrüfatı məhsullarının istehsalında axsamalar olacaq. Afrika və Asiya qitəsindəki kasıb ölkələr öz torpaqlarını becərmək üçün bahalaşan dizel yanacağını ala bilməyəcəklər. Yəni dünyada çox böyük fəlakət, aclıq yaranacaq və biz bunu ilkin ssenarisində görmüşük. Əslində, bugünkü neft qiymətləri ən yüksək deyil. Dünyada maksimum qiymətlər 2007-2008-ci illərdə olub. Həmin vaxt Brent markalı neftin qiyməti 147, Azərbaycan nefti 149 dollara qalxmışdı. Bu qısamüddətli oldu, amma dünyada çox ciddi inflyasiya yaratdı. Yəni qiymət artımı müşahidə olundu, amma dünya iqtisadiyyatı bunu qaldıra bilmədiyinə görə neft yenidən yüz dollarlara qədər ucuzlaşdı. İkincisi, bir neçə il bundan qabaq da çox az müddətdə yüz dollardan da çox idi. Nə qədər qəribə səslənsə də, qiymətin yuxarı olması istehsalçı ölkələrə belə sərf etmir. Axı neft istehsal edən ölkələrin özü də idxalçıdırlar. Məsələn, Azərbaycanı götürək – ərzaq məhsullarının 74, geyimin 86, dərmanın 94 faizini xaricdən alırıq. Neft 200 dollar olsa, daşıma xərcləri iki dəfədən çox artacaq. O zaman daxildə də qiymətlər qalxacaq. Azərbaycan neftdən qazanacaq, amma xaricdən aldığı məhsulları iki dəfə daha baha qiymətə alacaqsa, burada uduzacaq. O cümlədən elə Ərəb ölkələri, Rusiya, yəni istənilən neft hasil edən ölkə belə çox qısamüddətli qiymət artımından udur. Amma orta və uzunmüddətli dünya iqtisadiyyatının bir-birinə inteqrasiya olunduğunu nəzərə alsaq, onlarda da ciddi inflyasiya problemləri yaşanır.


– Bu vəziyyət manatın məzənnəsinə təsir edə bilərmi?

– Manatın məzənnəsi bizdə bazar iqtisadiyyatı qaydaları ilə yox, inzibati tənzimlənir. Yəni Azərbaycan valyutasının məzənnəsinin dəyişməsi Mərkəzi Bankın səlahiyyəti çərçivəsindədir. Neftin qiymətinin artması təbii ki, müsbətdir. çünki valyuta ehtiyatları artır. Amma mən düşünmürəm ki, manatın məzənnəsinə möhkəmlənməsi yönündə təsir göstərsin. Yenə təkrar edirəm, biz bu qiymətləri əvvəllər görmüşük. Üç il bundan öncə pandemiyadan sonra qiymətlər düşdü. Pandemiya bitəndən sonra, Rusiyanın Ukraynaya təcavüzü başlayanda qiymət elə indiki səviyyədə idi. O vaxt manatın məzənnəsi möhkəmləndi? Xeyr. Ona görə də düşünmürəm ki, manatın məzənnəsinə hansısa bir təsir göstərsin.

– Azərbaycanda yanacaq qiymətlərində dəyişiklik gözlənilə bilərmi?

– Bu da hökumətin seçimidir. Benzin qiymətləri də Azərbaycanda bazar iqtisadiyyatı ilə tənzimlənmir. Dizel yanacağı və “Aİ 92” benzinin qiymət Tarif Şurası tərəfindən müəyyənləşir və təzəliklə artıb. Dizel yanacağı 10, “Aİ 92” benzin 5 faiz bahalaşdı. Ona görə də düşünmürəm ki, Azərbaycanda buna ehtiyac var. Amma bəli, indi konyuktura uyğun olaraq Azərbaycan hökuməti belə bir qərar verə bilər. Amma onda da gərək öhdəlik götürsün ki, neft ucuzlaşanda benzinin qiymətini yenidən aşağı salsınlar. Belə bir öhdəliklə həmin addımın atılması mümkündür. Amma mən buna ehtiyac olduğunu düşünmürəm.


– Natiq bəy, siz iqtisadçı olmaqdan başqa, həm də partiya sədrisiniz, siyasətçisiniz. Sonuncu sualımı həm iqtisadi, həm də siyasi prizma ilə cavablandırmanızı istəyirəm. Ən real ssenari hansıdır – sürətli sabitləşmə, yoxsa uzunmüddətli gərginlik?

– Bu gərginliyin yaxın həftələrdə səngiyəcəyini düşünürəm. Yəni bu gərginlik dünya iqtisadiyyatına, o cümlədən müharibə aparan ölkələrlə bərabər, hamıya mənfi təsir göstərir. Bu səbəbdən yaxın həftələrdə münaqişənin yavaş-yavaş söndüyünü görəcəyik. Bundan əlavə, mayın əvvəllərində ABŞ prezidentin Donald Trampın Çinə səfəri gözlənilir. Həmin səfərə qədər münaqişə dəqiq bitəcək. Çünki ABŞ Çinlə anlaşmalarda Venesuela kartından istifadə etdiyi kimi, İran kartından da istifadə etməyə çalışacaq. Münaqişənin yaxın 2-3 həftədə səngiməsi ehtimalı çox yüksəkdir. Əvvəlcədən məlumdur ki, hər bir tərəf özünü qalib elan edəcək. Amma əsl anlaşmanın nədən ibarət olduğunu çox az insan biləcək. Çünki bu tipli hadisələr zamanı cəmiyyətə, dünyaya elan olunan müqavilə ilə gözdən pərdə asılır. Bir də gizli protokollar var ki, onu heç vaxt elan eləmirlər. Məsələn, 1940-cı ildə Almaniya ilə SSRİ arasında Molotov-Ribbentrop protokolları imzalanmışdı. Orada nə yazıldığı üstündən qırx il keçəndən sonra bilindi. Yəni bizə elan edilən o qədər də önəmli olmayacaq. İran, Amerika, İsrail də özünü qalib elan edəcək və öz xalqlarına, cəmiyyətlərinə mesajlar verəcəklər. Amma əsl danışıqların və əsl anlaşmanın mahiyyətinin nədən ibarət olacağını gedişatda görəcəyik. Əsl anlaşmanın nədən ibarət olduğu İran ətrafında olan hadisələrlə əsasında məlum olacaq. Nə qədər qəribə səslənsə də, bu müharibənin düyün nöqtələrindən biri ABŞ ilə İsrailin məqsədlərinin fərqli olmasıdır. İranda rejimin tamamilə çökməsi ABŞ-a sərf eləmir. Çünki bu həm ərəb ölkələrinə, həm də İsraillə müəyyən təzyiq vasitəsidir. İrandakı rejim region ölkələrinə ABŞ unutmamaları üçün rıcağıdır.
Amma bu müharibədə İsrailin məqsədi fərqlidir. Tel-Əviv ən azından rejimi tamamilə dəyişməyə, hətta imkan olarsa, İranın parçalanmasına nail olmağa çalışır. Bu fərqli baxışlar müharibənin gedişin gedişatına da təsir göstərən amilə çevrilir. İstər-istəməz İsrail də anlayır ki, Amerika çəkilərsə, tək başına müharibənin sona qədər aparmağın mənası yoxdur. Çünki ciddi itkilərlə nəticələnə bilər. Ona görə Amerika çəkiləndə İsrail də eyni addımı atacaq. Heç də təsadüfi deyil ki, dünən İsrail mətbuatında məlumatlar yayıldı ki, yaxın günlərdə bacardıqca daha çox zərbələr endirmək, İranın gücünü zəiflətmək lazımdır. Çünki Netanyahu Trampın gec-tez müharibədən çəkiləcəyini bilir.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar