Ru
13:30 / 23 Noyabr 2021

İrandan Naxçıvana qaz ötürüləcək - Bu, gərginliyi azaldacaqmı? - Ekspertlər

5209
Ötən gün Baş nazirin müavini Şahin Mustafayev İranın neft naziri Cavad Oci ilə görüşüb.

Görüşdə Azərbaycan və İran Naxçıvana qaz mübadiləsi haqqında razılığa gəliblər.



Məsələ ilə bağlı Bakupost.az -a danışan millət vəkili Azər Badamov bildirib ki, Naxçıvanla hələ də quru yolumuz açılmadığı üçün İrandan qaz mübadiləsi vacibdir:



“Son vaxtlar siyasi arenada məlum soyuqluğun yaranmasında kənar qüvvələrin cəhdləri müşahidə olunurdu. Amma bunlara baxmayaraq hər iki ölkə arasındakı tarixi bağlılıq, qonşuluq və dostluq əlaqələri bütün xarici təsirləri kənarlaşdırmaqla, ölkələrimiz arasındakı strateji əməkdaşlığın davam etdirilməsinə imkan verib.
Naxçıvanla hələ də quru yolumuz açılmadığı üçün İrandan qaz mübadiləsi vacibdir. Bu, Naxçıvanın fasiləsiz enerji ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda, Azərbaycanın İranla bütün sahələrdə, o cümlədən enerji sahəsində böyük əməkdaşlıq potensialı mövcuddur. Bu həm Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində, həm də digər istiqamətlərdə əməkdaşlıqda özünü təsdiq edəcək. Təbii ki, ölkələrimiz arasındakı qonşuluq, dostluq və əməkdaşlığın möhkəmlənməsi ölkələrimizin iqtisadi inkişafına da öz müsbət töhfəsini verir”.

İqtisadçı-ekspert Elşad Məmmədov da bu razılaşmanı müsbət dəyərləndirir:



“Bu iqtisadi münasibətlərin dərinləşməsinə və hər iki tərəf üçün faydalı şəkildə inkişaf etməsinə şərait yaratmalıdır. Belə ki, Azərbayacanda Naxçıvanın sosial-iqtisadi inkişafı, sənayeləşməsi ilə bağlı kifayət qədər ciddi çağırışlar var. Bu konteksdə Naxçıvana qaz tədarükünün İrandan edilməsi coğrafi vəziyyəti nəzərə alaraq, iqtisadi cəhətdən daha səmərəlidir, nəinki Bakıdan qaz xətlərinin çəkilməsi.

Bu, İran üçün qaz ixracatı ilə bağlı əlavə bazarın tapılması kimi dəyərləndirilə bilər.

Ölkələr arasında siyasi dialoqun, siyasi əməkdaşlığın dərinləşməsi hər iki ölkənin, bütövlükdə bölgənin maraqlarına cavab verir. Dünyada baş verən proseslər konteksində regional təhlükəsizlik prizmasından məsələyə yanaşdıqda, düşünürəm ki, həm Azərbaycan, həm də İran üçün olduqca mühümdür. Bölgədə gərginliyin azaldılması, əməkdaşlıq və sabitlik platformalarının inkişaf etdirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, humanitar və sosial sferada dövlətlərin inkişaf xətti üzrə hərəkət etməsi olduqca vacibdir. Bu tip razılaşmalar iki ölkə və bölgənin maraqları ilə uyğunluq təşkil edir”.

F. Söhrabqızı
Baku Post



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər