İraqın Ərbil şəhərində yerləşən İtaliya hərbi bazası gecə saatlarında raket zərbəsinə məruz qalıb.
BakuPost.az “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyi rəsmi açıqlama verib. Açıqlamada qeyd olunur ki, insident zamanı heç bir hərbçi xəsarət almayıb, bazadakı şəxsi heyət mühafizə sığınacaqlarına yerləşdirilib.
“Raket bazamıza dəydi, lakin İtaliya hərbçiləri arasında itki və xəsarət yoxdur, onlar hamısı təhlükəsizdir”, – deyən Müdafiə naziri Guido Crosetto komandanlıqla əlaqəni qoruduğunu və vəziyyətə nəzarət altında olduğunu bildirib. Xarici işlər naziri Antonio Tajani də şəxsi heyətin bunkerdə və yaxşı durumda olduqlarını təsdiqləyib.
Bildirilir ki, həmin bazada təxminən 300 hərbçi xidmət edir.
Raketin hansı tərəfdən atıldığı və konkret olaraq İranla əlaqəsinin olub olmadığı hələ də dəqiq şəkildə müəyyənləşdirilməyib. Rəsmi açıqlamalarda bu barədə müfəssəl məlumat verilməyib, lakin regionda davam edən qarşıdurma ilə əlaqədar müxtəlif hərbi qrupların fəaliyyətləri şübhə ilə izlənilir.
Ərbil ətrafında raket və pilotsuz uçuş aparatlarının hücumları artmaqda davam edir və İtaliya bazasında baş verən bu zərbə, mövcud gərginliyin daha da genişlənə biləcəyi barədə suallar doğurub.
Cavid, BakuPost