Ru
19:24 / 05 Mart 2026

İranın bu addımı Azərbaycana qarşı açıq təxribatdır - Deputat

İranın bu addımı Azərbaycana qarşı açıq təxribatdır - Deputat
Eye

"İran tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi təxribat, fars molla rejiminin uzun illərdir nümayiş etdirdiyi riyakarlığın və nankorluğun növbəti təzahürüdür. Azərbaycan dövləti bütün dövrlərdə qonşuluq münasibətlərinə hörmətlə yanaşıb, qarşılıqlı etimad və əməkdaşlıq prinsipinə sadiq qalıb. Azərbaycanın ərazisindən İran da daxil olmaqla heç bir ölkə üçün təhlükə olmayıb və bu gün də yoxdur".


Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman humanist mövqe sərgiləyib: "İranın Ali Liderinin vəfatı ilə bağlı Azərbaycan Prezidenti Cənab İlham Əliyev dərhal başsağlığı verib, İran səfirliyini ziyarət edib, hətta humanitar yardım göndərilməsi də planlaşdırılırdı. Lakin belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyektə, dinc vətəndaşların istifadə etdiyi hava limanına zərbə endirməsi xainliyin göstəricisidir. Mülki infrastruktura qarşı dron hücumu beynəlxalq hüququn pozulması və dinc əhaliyə qarşı yönəlmiş vəhşilikdir. Dinc insanların istifadə etdiyi obyektləri hədəfə almaq terror aktı kimi qiymətləndirilməlidir.



Azərbaycan xalqı tarix boyu belə təxribatlarla üzləşib, lakin hər dəfə daha güclü şəkildə ayaqda qalıb. Azərbaycana qarşı düşmən mövqeyi seçənlər sonda öz səhvlərinin ağır nəticələri ilə üzləşiblər. Qorxaq İran rejimi də bu addımına görə gec-tez peşman olacaq.

Digər tərəfdən, regionda baş verən hadisələr bir həqiqəti də açıq göstərir. İran daxilində uzun illərdir davam edən zülm və ədalətsizlik artıq dözülməz həddə çatıb. Xüsusilə Cənubi Azərbaycanda yaşayan 30 milyondan çox soydaşlarımız illərdir ana dilindən, milli kimliyindən və ən fundamental hüquqlardan məhrum edilib. Azərbaycanlı fəallar təqib olunub, həbs edilib, hüquqları sistemli şəkildə tapdanıb".

Deputat deyib ki, İran molla rejimi yalnız qonşularına qarşı təxribatçı siyasət yürütmür, eyni zamanda öz ölkəsinin daxilində yaşayan xalqlara qarşı da ayrı-seçkilik və təzyiq siyasəti həyata keçirir: "Bu rejim azərbaycanlılara qənim kəsilib və onların kimliyini, dilini, milli varlığını boğmağa çalışıb.

Tarix göstərir ki, heç bir zülm əbədi olmur. Bu gün İran daxilində baş verən proseslər də göstərir ki, molla rejiminin ömrü tükənmək üzrədir.

Artıq Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ayağa qalxmaq vaxtıdır. Onilliklərdir milli kimliyi tapdalanan, ana dilində təhsil hüququndan məhrum edilən, hüquqları boğulan milyonlarla azərbaycanlının səsini heç bir rejim susdura bilməz. Tarixi fürsət yarananda millətlər öz taleyini özü müəyyən edir. Cənubi Azərbaycandakı soydaşlarımız da öz ləyaqəti, dili və milli varlığı uğrunda ayağa qalxmalı, onları illərlə təzyiq altında saxlayan molla rejiminə layiq olduğu cavabı verməlidir.

Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın öz haqlarını tələb etməsi, milli kimliklərini qorumaq uğrunda mübarizə aparması tamamilə haqlıdır. Artıq uzun illərdir gizlədilən həqiqətlərin açıq şəkildə səsləndirilməsinin vaxtı çatıb. Cənubi Azərbaycanda azərbaycanlılara qarşı törədilmiş haqsızlıqlar, hüquq pozuntuları və repressiyalar beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılmalıdır.

Tarix hər zaman ədalətin tərəfində dayanır. Zülm üzərində qurulan heç bir rejim uzunömürlü olmayıb. Molla rejimi də həmçinin. Azərbaycan xalqı harada yaşamasından asılı olmayaraq bir millətdir və milli kimliyinə, ləyaqətinə sahib çıxmağa qadirdir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar