Fars körfəzi ətrafındakı ərəb ölkələri çıxılmaz vəziyyətə düşüblər. Belə ki, regionda gərginliyin qalması fonunda onlardan İranla İsrail arasında seçim etmək tələb olunur.
Bu yöndə son zamanlar onlara yönəlik çağırışlar da artmaqdadır.
Belə ki, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi körfəzdəki ərəb dövlətlərinə müraciət edərək, onları tərəf seçməyə çağırıb. Səfirin sözlərinə görə, bölgə ölkələri artıq İsrail ilə İran arasında konkret seçim etməlidir.
Hazırda əsas məsələ Körfəz ölkələrinin bu "seçim" tələbinə necə reaksiya verəcəyi və edəcəkləri seçimin ABŞ-ərəb münasibətlərinə necə təsir edəcəyi sualıdır.
Konfliktoloq Azər Hüseynov
Bakupost.az-a bildirib ki, Mayk Hakabinin mövqeyi ABŞ daxilindəki müəyyən siyasi-mühafizəkar və evangelist çevrələrin İsrailə baxışını əks etdirir:
"Bu yanaşmada İsrail təkcə strateji müttəfiq deyil, həm də tarixi və dini legitimliyi olan bir dövlət kimi təqdim edilir. Buna görə də bəzi çıxışlarında yəhudilərin “tarixi torpaqlara qayıdışı” tezisi vurğulanır və Fələstin məsələsində daha sərt israilyönlü mövqe ortaya çıxır”.
Bu baxımdan həmsöhbətimizə görə, bəzi diplomat və siyasətçilərin israilyönlü ritorikası təkcə Təl-Əvivə simpatiya deyil, həm də ABŞ siyasi sistemində müəyyən dairələrə mesaj xarakteri daşıya bilir”.
Ekspertin sözlərinə görə, mövcud tələb fonunda ərəb ölkələri çətin seçim qarşısında qalacaqlar:
“Ərəb dövlətlərinin mövqeyi isə daha mürəkkəbdir. Körfəz ölkələri və digər ərəb hakimiyyətləri bir tərəfdən İranın regional nüfuzunun artmasından narahatdırlar. Çünki İranın İraq, Livan, Suriya və Yəməndə təsir imkanları onların təhlükəsizlik balansını dəyişdirir. Digər tərəfdən isə İsrailin həddindən artıq güclənməsi də onlar üçün risk hesab olunur. Xüsusilə Fələstin məsələsinin tam arxa plana keçməsi ərəb cəmiyyətlərində ciddi narazılıq yarada bilər”.
Konfliktoloqun fikrincə, İsrailin seçim təklifinə BƏƏ-in müsbət cavab verəcəyi istisna deyil:
“Onlar artıq deyəsən müsbət cavab da veriblər. Digər ərəb ölkələri isə məsələyə münasibətdə idarə olunan bitərəflilik göstərəcəklər. Amma eyni zamanda, İranı da tənqid edəcəklər”.
Rüfət Sultan, BakuPost