Şübhəsiz ki, işini itirmək insanın həyatında sadəcə aylıq və ya gündəlik gəlirinin kəsilməsi ilə məhdudlaşan bir dəyişiklik deyil. Əmək haqqından məhrum olan şəxs bir anda gündəlik xərclərindən ailə büdcəsinə qədər bir çox məsələni yenidən nəzərdən keçirməli olur. Xüsusilə evin əsas gəliri həmin maaşdan formalaşırsa, işsiz qalmaq ailənin maddi vəziyyətinə birbaşa təsir edir.
"Bakupost" "AzPolitika"ya istinadən xəbər verir ki, lakin qanunvericilikdə müəyyən hallarda işini itirən şəxsin tamamilə gəlirsiz qalmasının qarşısını almaq üçün mexanizmlər nəzərdə tutulub. Məsələn, işsizlikdən sığorta sistemi məhz bu məqsədə xidmət edir və müəyyən şərtlərə cavab verən şəxslərə işsiz qaldıqları müddətdə sığorta ödənişi almaq imkanı yaradır.Ancaq bu mexanizm bütün işsizlərə şamil olunmur. Ödənişin verilməsi işdən ayrılma səbəbindən tutmuş sığorta stajına qədər bir sıra meyarlardan asılıdır.
İşsiz kimi qeydiyyata necə düşmək olar? Dövlət tərəfindən hər hansı ödəniş nəzərdə tutulurmu? Əvvəlki maaşın nə qədəri kompensasiya edilir və bu pul neçə ay verilir? İşsizlikdən sığorta kimə şamil olunur?
Sistemin əsas prinsipi sadədir - əmək müqaviləsi ilə çalışan şəxslər üçün işsizlikdən sığorta haqları ödənilir və qanunda nəzərdə tutulan sığorta hadisəsi baş verdikdə həmin şəxsin sığorta ödənişi almaq hüququ yarana bilər. Hazırda işçinin əmək haqqından 0,5 faiz, işəgötürənin isə əmək haqqı fonduna hesablanmış vəsaitdən 0,5 faiz işsizlikdən sığorta haqqı ödənilir. Bu səbəbdən əmək fəaliyyətini rəsmiləşdirmədən çalışan şəxslə rəsmi əmək müqaviləsi olan şəxsin işsiz qaldıqdan sonra vəziyyəti eyni deyil.
Qeyri-rəsmi əmək münasibətlərində sığorta sisteminə ödəniş aparılmadığı üçün həmin şəxs işsizlikdən sığorta ödənişinə də avtomatik hüquq qazanmır. Burada əməkhaqqının rəsmi hissəsi də əhəmiyyətlidir. Maaşın bir hissəsinin qeyri-rəsmi, yəni “zərfdə” verilməsi halında sığorta sistemi üzrə hesablamalar rəsmi şəkildə rəsmiləşdirilmiş gəlir əsasında aparılır.
İşdən hansı səbəblə çıxmağınız niyə vacibdir?
İşsizlikdən sığorta ödənişi ilə bağlı ən mühüm məqamlardan biri əmək müqaviləsinə xitamın əsasının nə olmasıdır. Müəssisənin ləğvi, işçilərin sayının və ya ştatların ixtisarı, əmək müqaviləsi müddətinin başa çatması, mülkiyyətçinin dəyişməsi və qanunda göstərilən digər hallarda işsiz kimi qeydiyyata alınan şəxsin sığorta ödənişi almaq hüququ yarana bilər. Amma işçinin öz ərizəsi ilə işdən çıxması bu siyahıdakı hallarla eyni deyil.
Bu məqam işdən çıxmaq ərəfəsində olan şəxslər üçün xüsusilə əhəmiyyətlidir. İşəgötürənin “öz ərizəni yaz” təklifi adi prosedur kimi görünə bilər. Halbuki əmək müqaviləsinə xitamın əsası sonradan işsizlikdən sığorta ödənişi almaq hüququna təsir göstərə bilər. Ona görə işdən çıxmazdan əvvəl sənəddə hansı əsasın göstəriləcəyini dəqiqləşdirmək vacibdir.
Ödənişin məbləği necə müəyyənləşir?
İşsizlikdən sığorta ödənişinin hamı üçün eyni məbləğdə olması barədə təsəvvür doğru deyil. Ödənişin məbləği işdən çıxma səbəbi, sığorta stajı və əvvəlki əməkhaqqı nəzərə alınmaqla müəyyənləşdirilir. Məsələn, əmək müqaviləsinin müddətinin başa çatması ilə işdən azad olunan və son 36 təqvim ayı ərzində ən azı 24 ay sığorta stajı olan şəxsə 3 ay müddətinə minimum sığorta ödənişi təyin edilir. Bu ödəniş minimum aylıq əməkhaqqına bərabərdir. 2026-cı ildə Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manatdır.
Digər hallarda, o cümlədən ixtisar və müəssisənin ləğvi zamanı müəyyən şərtlər daxilində əsas sığorta ödənişi şəxsin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi əsasında hesablanır. Bu ödəniş ilk dəfə təyin edildikdə 6 aya qədər davam edə bilər. İlk iki ayda hesablanmış məbləğin 100 faizi, üçüncü və dördüncü aylarda 80 faizi, beşinci və altıncı aylarda isə 70 faizi ödənilir. Bununla belə, ödəniş müəyyən edilmiş minimum həddən aşağı ola bilməz.
İşsiz qalan şəxs hara müraciət etməlidir?
Əmək müqaviləsinə xitam verildikdən sonra növbəti mərhələ işsiz kimi qeydiyyata alınmaqdır. Bu proses Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və DOST mərkəzləri vasitəsilə həyata keçirilə bilər.
Müraciətə baxıldıqdan sonra şəxsin sığorta stajı, əmək fəaliyyəti və xitamın əsası araşdırılır. Qərarın qəbul edilməsi üçün müəyyən müddət də nəzərdə tutulub. Dövlət Məşğulluq Agentliyinin yerli qurumları müraciətə 10 gün ərzində baxaraq sığorta ödənişinin təyin edilməsi və ya bundan imtina edilməsi barədə qərar verir. Bu mərhələdə şəxsin elektron sistemdəki məlumatları da xüsusi əhəmiyyət daşıyır. Əmək müqaviləsinin xitamı sistemdə düzgün əks olunmayıbsa, sonrakı prosesdə problem yarana bilər.
Pul neçə ay veriləcək?
Burada da vahid müddət yoxdur. Müəssisənin ləğvi, ştat və ya işçi sayının ixtisarı, mülkiyyətçinin dəyişməsi və qanunda nəzərdə tutulan digər hallarda ilk müraciət zamanı sığorta ödənişi 6 ay müddətinə təyin edilə bilər. Təkrar müraciət zamanı isə bu müddət 3 ay ola bilər. Əmək müqaviləsinin müddətinin başa çatması ilə işdən azad edilən şəxslər üçün isə ödəniş 3 ay müddətinə təyin edilir.
Beləliklə, “işdən çıxdım və 6 ay ərzində dövlət mənə maaş verəcək” yanaşması doğru deyil. Həm ödənişin məbləği, həm də müddəti şəxsin konkret vəziyyətindən asılıdır.
Ödəniş hansı halda dayandırılır?
İşsizlikdən sığorta ödənişi alan şəxsin sonradan işə düzəlməsi onun statusunu dəyişir. Yeni əmək müqaviləsinin elektron sistemdə rəsmiləşdirilməsi ilə işsizlik statusu aradan qalxır və ödəniş dayandırılır. Bundan başqa, ödəniş müddətinin başa çatması da təbii olaraq ödənişin sona çatmasına səbəb olur. Şəxsin məşğulluq sistemi qarşısında müəyyən öhdəlikləri də var.
Uyğun iş təkliflərindən əsassız imtina etmək, fərdi məşğulluq proqramının tələblərini yerinə yetirməmək və digər müəyyən edilmiş qaydaları pozmaq ödənişin dayandırılması ilə nəticələnə bilər. Bu səbəbdən işsiz kimi qeydiyyata düşən şəxsin yalnız alacağı məbləği deyil, üzərinə düşən öhdəlikləri də bilməsi lazımdır.