Suriya hökumət rəsmiləri və “Hizbullah” sentyabr ayında Türkiyədə gizli görüş keçiriblər. Bəşər Əsədin devrilməsindən bəri iki tərəf arasında ilk dəfə üzbəüz danışıqlar aparılıb.
“Bakupost” xəbər verir ki, Türkiyənin "Yeni Şafak" qəzetinin məlumatına görə, Türkiyənin təhlükəsizlik və kəşfiyyat xidmətləri tərəfindən başlanan danışıqlar gərginliyin azaldılmasına yönəldilib.
Suriya “Hizbullah”a qrupun tərksilah edilməsi üçün Livana hərbi müdaxilə etməyəcəyinə söz verib. Eyni zamanda “Hizbullah”dan sərhəddən silah qaçaqmalçılığını dayandırmağı və Suriyadakı qalan qruplarını dağıtmağı istəyib. Hizbullah Suriya işlərinə qarışmamağa söz verib, lakin bu tələblərə birbaşa cavab verməyib. İki tərəf arasında yekun razılaşma əldə edilməyib.
Konfliktoloq Azər Hüseynov
“Bakupost”a bildirib ki, “Hizbullah”la yeni Suriya hökuməti arasında danışıqların aparılması, ilk növbədə, İsrail amilinin bölgədə güclənməsi ilə bağlıdır:
“Faktiki olaraq, İsrail Suriyanın bir sıra ərazilərinə nəzarət edir. Yeni Suriya hakimiyyətinin silahlı qüvvələr vasitəsilə İsrailin bu irəliləyişini dayandırmaq imkanları isə məhduddur”.
Ekspertin sözlərinə görə, mövcud Türkiyə hakimiyyəti də birbaşa Suriyadakı proseslərə hərbi müdaxilə edərək İsraillə qarşı-qarşıya gələcək vəziyyətdə deyil:
“Çünki bunun üçün müəyyən siyasi və hərbi şəraitin formalaşması lazımdır. İstər-istəməz Türkiyə öz fəaliyyətini NATO və ABŞ ilə koordinasiya etməlidir. ABŞ isə Türkiyənin Suriyada İsraillə birbaşa toqquşmasını istəməz. Lakin Ankarada yaxşı anlayırlar ki, Suriyada İsrailin irəliləyişi getdikcə Türkiyə sərhədlərinə yaxınlaşa və bunun nəticəsində ölkənin təhlükəsizliyinə, hətta ərazi bütövlüyünə müəyyən mənfi təsirlər yarada bilər”.
Müsahibimiz qeyd edir ki, belə bir şəraitdə İsrailin bölgədəki kürd qruplaşmaları ilə əlaqələrinin olması da Ankara üçün əlavə təhlükəsizlik məsələsi yaradır:
“Son dövrlər İraqdan türk ordusunun çəkilməsi prosesləri isə İsrailin İraqda da kürd qruplaşmaları ilə daha fəal əməkdaşlıq edə biləcəyi ehtimalını gündəmə gətirib. Belə bir şəraitdə bölgədə asimmetrik güc imkanlarına malik “Hizbullah”la Suriya hakimiyyəti arasında müəyyən anlaşmanın əldə olunması üçün siyasi əsasların yarandığını düşünmək olar”.
Həmsöhbətimizə görə burada əsas məqam digər qüvvələrin bu yaxınlaşmanı və qarşılıqlı güzəştlər əsasında mümkün razılaşmanı qəbul edib-etməyəcəkləri məsələsidir:
“Xüsusilə Qərbin yeni Suriya hakimiyyətinə təzyiq göstərib-göstərməyəcəyi məsələsi də açıq qalır. Bütün bunların necə inkişaf edəcəyini isə qarşıdakı proseslər göstərəcək”.
Rüfət Sultan,
BakuPost