Kanadanın Ontario əyalətində fəaliyyət göstərən “Air Canada” aviaşirkətində işləyən bir pilotun uzun illər lisenziyasız uçuşlar həyata keçirdiyi üzə çıxıb.
Bakupost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kanada polisi Ceffri Uoll adlı pilotun yalnız Kommersiya Pilot Lisenziyası (CPL-A) olub. Lakin onun sərnişin təyyarələrini idarə etmək üçün tələb olunan ATPL-A lisenziyası olmayıb. Buna baxmayaraq, 2009-cu ildən etibarən təxminən 17 il ərzində 900-dən çox reys həyata keçirib və 2,9 milyon Kanada dollarından artıq maaş alıb.
Polisin məlumatına görə, pilot iyunun 1-də həbs edilib. Ona qarşı fırıldaqçılıq və saxtakarlıq daxil olmaqla, bir sıra ittihamlar irəli sürülüb.
Rəsmilər hadisəni “film ssenarisi” kimi dəyərləndirib. “Air Canada” isə pilotun uçuş zamanı təhlükəsizlik qaydalarını pozmadığını bildirib.
Bahar Babaşova, BakuPost