Ru
11:31 / 10 Oktyabr 2019

Keçmiş nazirin müsahibəsi qalmaqal yaratdı - Sensasion iddialar

5414

Azərbaycanın keçmiş Təhsil naziri, professor Firudin Cəlilovun dünən BakuPost-a verdiyi müsahibə böyük rezonansa səbəb olub. Onun müsahibəsində qeyd etdiyi fikirlər bir çox insanlar tərəfindən dəstəklənsə də, həmin dövrdə hakimiyyətdə olan şəxslərin bəzilərinin kəskin narazılığına səbəb olub. Müsahibəyə ilk reaksiyanı keçmiş Baş nazir Pənah Hüseyn və Elçibəyin köməkçisi olmuş Oktay Qasımov verib.

BakuPost hər iki şəxsin fikirlərini təqdim edir:

Pənah Hüseyn:

“Müsahibəni oxudum və təəccübləndim, məyus oldum və qəzəbləndim. Bu nə saçma iddialar?
...Özünün dediyinə görə Firudin müəllim ildə bir neçə dəfə ürək əməliyyatına girir. Bəlkə anasteziyanın təsirindən hələ çıxmayıb?
...Azərbaycanda qəbul imtahanları sahəsində hökm sürən korrupsiyanın aradan qaldırılması üçün test imtahan sisteminin tətbiqi ideyası da, bu işi həyata keçirəcək və təhsil nazirliyindən, ali və orta ixtisas təhsili müəssisələri rəhbərlərindən asılı olmayan, birbaşa prezidentə tabe olan orqanın - TQDK-nın yaradılması ideyası da, bu ideyaların realllaşdırılması ilə bağlı icraya yönəlik rəsmi göstərişlər də birbaşa Elçibəyə məxsusdur və AXC- nin seçki platformasına daxil idi.



F.Cəlilovun guya, bu məsələ ətrafında Prezidentlə davalar, mübahisələr etməsi, Prezidentin məni F. Cəlilovu bu məsələlərə razı salmaq üçün onun yanına göndərməsi barədə deyilənlər isə belə demək mümkünsə sadəcə gopdur və o dövrdə idarəçilik sistemində işləyənlərdə yalnız gülüşə və bir də Firudin müəllimin sağlıq halına dua oxumağa səbəb ola bilər.

Firudin müəllim ümumiyyətlə prezidentin qəbulunda məncə, heç bir dəfə də olmayıb. Çünki əlifba əhvalatlarından sonra Elçibəy onu silmişdi və sonradan vəzifədə də mənim təkidlərimdən və xahişlərimdən sonra saxlamışdı, bir şərtlə ki, F.Cəlilov onun gözünə görünməsin. Bunu ki, hamı bilir! Mənim Firudin müəllimin yanına gedib-gəlməyimə gəldikdə isə açığı, mən onun heç hansı kabinetlərdə oturduğu bir yana qalsın, kabinetinin hansı mərtəbədə olduğunu da bilməmişəm. Çünki, buna ehtiyac olmayıb. .

F. Cəlilovun dediklərində bir şey düzdür. O da TQDK sədrliyinə mərhum Vurğun Əyyubu razı salmağı. Mən bir neçə dəfə demişəm ki, Vurğun Əyyubun namizədliyini F.Gəlilov irəli sürüb. Əslində, bu dəqiq deyil. Vurğun Əyyuba prezidentin təklifini mən bildirmişdim və o bizim komanda ilə işləmək istəmədiyini deyib təklifdən imtina etmişdi. Müəyyən narazılıqları vardı...

Prezidentin Vurğun bəyi TQDK sədrliyində görmək istəməsinin səbəbi o idi ki, Vurğun bəy,1991-ci ildə AXC tərəfindən Azərbaycandan ilk olaraq Türkiyə universitetlərinə göndərilən 50 nəfərlik tələbə qəbulunu çox parlaq şəkildə həyata keçirmişdi və Elçibəy bunu həmişə təqdirlə qeyd edirdi. Mən Firudin müəllimə Vurğun Əyyubun Prezidentin təklifini qəbul etmədiyini demişdim, o da danışıb razılığa gətirmişdi. Bu qədər. İndi bu adam deyir ki, guya, Prezident V.Əyyubun namizədliyinin əleyhinə olub! Ya sənin Prezidentlə danışmaq imkanın var idimi ki, onun nəyə razı olması, ya etiraz etməsini biləsən?!

Mən Firudin müəllimə hörmətlə yanaşmışam. Onun xidmətlərini qiymətləndirmişəm. Və zaman-zaman demişəm ki, bu doğru olmayan söhbətləri qurtar. Hər kəs olduğu və durduğu yerdə böyükdür. Belə görünür ki, inandıra bilməmişəm. Təəssüf”.


Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oktay Qasımov:

“Gop, yalan, böhtanın sərhədinin pozulduğu müsahibəni təəccüblə oxusam da, gözlənilməz deyildi. Çünki professor Cəlilov əvvəllər də verdiyi bəzi müsahibələrdə Əbülfəz bəyə qarşı etikaya uyğun olmayan formada qərəzini büruzə vermişdi. O zaman xəstəliyini nəzərə alıb cavab verilməmişdi. Amma indi elə iddialar səsləndirib ki, şahidi və iştirakçısı olduğumuz yaxın tarixi saxtalaşdırmasına dur demək zərurəti yarandı. Müsahibədə belə bir fikir var: "İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır". Adamdan soruşarlar, “nə üçün Elçibəyin və Vurğun Əyyubun sağlığında yox, onların yoxluğunda danışmağa başladın?”

Rəhmətə gedənin arxasınca danışmaq, özü də yalan danışmaq hansı milli mənəvi dəyərin göstəricisidir? Professor cəmiyyətdən ona yönələcək suallara yəqin ki, aydınlıq gətirər. Ona qədər bəzi məsələlərə açıqlıq gətirməyin faydalı olacağını düşündük.



1. 1991-ci ilin avqustunda Elçibəyin təklifi ilə AXC tərəfindən Türkiyəyə göndərilən 50 tələbənin qəbul imtahanına rəhbərlik edən V.Əyyuba sənədlərin hazırlanması və texniki işlərdə AXC qərargahının ştatlı işçiləri kimi Ellada Məmmədli ilə kömək etmişik.

Prosesin yüksək səviyyədə və şəffaflıqla həyata keçirilməsi Elçibəy tərəfindən yüksək qiymətləndirilib və sonradan V.Əyyubun TQDK-ya sədr təyin olunmasında əsas faktorlardan biri olub.

2. Bir universitet müəllimi olan Elçibəy təhsil sahədəki problemləri yaxşı bilir, bu sistemindəki korrupsiya və rüşvətxorluğu aradan qaldırmağın yolunun test üsulunun tətbiqindən keçəcəyinə dərindən inanırdı. Misirdə işlədiyi vaxtdan bu barədə düşünmüş, sonrakı dövrlərdə Türkiyədən gələn təhsil mütəxəssisləri ilə bu mövzuda xeyli müzakirələr aparmış, Test üsulunun tətbiqi məsələsini Seçki platformasına daxil etmişdi. İdeyanın müəllifinin Elçibəy olduğunu çox sayda şahidlər təsdiqləyə bilər.

3. Elçibəylə F.Cəlilovun münasibətləri 1991-ci ilə qədər yaxın olsa da, o zaman Ali Sovetdə Latın əlifbasına keçidlə bağlı aparılan müzakirələr aralarında soyuqluq yaranmışdı. Belə ki, Elçibəy gələcəkdə yaranacaq vahid Türk əlifbası məsələsində onunla həmrəy olduğunu bildirən Firudin müəllimə aralarındakı razılaşmanın AS-dəki müzakirələrdə yeni əlifbada nəzərə alınmasını təklif etməyi tövsiyə edir. O, isə bu söhbəti mərhum İsmayıl Şıxlıya çatdıraraq prosesə mane olduğundan Elçibəy bunu ona sonadək bağışlamadı. Hakimiyyət dönəmində prezident tərəfindən qəbul edilməyən nazirin onun qapısını çırpıb getmək uydurması sadəcə gülüş doğurur və qeyri-ciddidir. Firudin müəllimi Baş Nazirin müavini vəzifəsinə Elçibəy yox, Mütəllibov təyin edib və 18 may 1992-ci ildə Rəhim Hüseynov başda olmaqla Mütəllibovun 14 mayda təyin etdiyi bir çox şəxslərin təyinatı əldə edilən razılaşmaya görə AS-də təsdiq edilib. Elçibəyin Cəlilova soyuq münasibətinin nəticəsi və işindəki bəzi nöqsanlara görə Təhsil nazirliyi iki yerə ayrıb və digər hissəsinə mərhum Tofiq Haciyev rəhbər təyin edilib.

4. Firudin müəllimin yaddaşındakı problem ortada. Əvvəla TQDK Təhsil Nazirliyinə yox, birbaşa prezidentə tabe olduğundan bu qurumu onun yaratması fikri yumşaq desək, yalandır. Bu qurum Elçibəyin fərmanı ilə yaradılıb. Digər tərəfdən 2000 nəfər Türkiyəyə göndərilən tələbələr üçün ayrıca imtahan keçirilməsi fikri absurddur. Bütün tələbələr üçün imtahan bir dəfə keçirilib.

Firudin müəllimə xatırlatmaq istəyirəm ki, Prezidentin iradəsi, istəyi olmasa, istənilən nazir ən gözəl ideyasını belə həyata keçirə bilməz. Bu həm də Firudin müəllimə aiddir. Digər tərəfdən cəmiyyətin gözü tərəzidir. Bunu da unutmaq lazım deyil”.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər