Kiprin Pafos Beynəlxalq Hava Limanı ərazisində fövqəladə vəziyyət elan olunduğu və hava limanının təxliyə edildiyi barədə məlumatlar yayılıb.
Bakupost.az xəbər verir ki, buna səbəb pilotsuz uçuş aparatı (PUA) təhlükəsi ilə bağlı siqnalların işə düşməsi olub.
Məlumata görə, hava limanında həyəcan siqnalı səsləri eşidilib, personal və sərnişinlər təhlükəsizlik məqsədilə parkinq ərazisinə yönləndirilib. Hadisə fonunda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
İddialara əsasən, adanın Britaniya hərbi bazalarının yerləşdiyi bölgələrində tüstü müşahidə olunub. Xüsusilə “RAF Akrotiri” aviabazası yaxınlığında gecə saatlarında PUA hücumu baş verdiyi barədə məlumat yayılıb. Pafos hava limanı həmin bazadan təxminən 60 kilometr məsafədə yerləşir.
Bundan başqa, hava limanına yaxın Timi və Mandria yaşayış məntəqələrində də əhalinin təxliyəsinə başlanıldığı bildirilir. Təhlükəsizlik səbəbindən Kiprdə keçirilməsi planlaşdırılan Avropa Birliyi ölkələrinin nazirlər görüşünün ləğv edildiyi qeyd olunur.
Hazırda hadisə ilə bağlı Kipr rəsmiləri və ya beynəlxalq strukturlar tərəfindən tam və ətraflı rəsmi açıqlama verilməyib.
Cavid, BakuPost