Xəbər verdiyimiz kimi, Bakıdan Şarjaya uçan "Air Arabia" aviaşirkətinə məxsus və içində azərbaycanlıların da olduğu təyyarə mövcud gərginlik səbəbindən Pakistana təcili eniş edib.
Bakupost.az xəbər verir ki, təyyarədəki sərnişinlərdən biri də bloger Nəzakət Heydərli olub.
O, sosial şəbəkə hesabında 2 gün əvvəl Pakistana eniş etdiklərini bildirərək, çətin vəziyyətdə qaldıqlarını qeyd edib:
“7-8 saat Pakistan hava limanında qaldıqdan sonra bizi hotelə yerləşdirdilər. Çox çətin vəziyyətdəyik. Nə vaxt qayıdacağımız bəlli deyil”.
N.Heydərli bildirib ki, Air Arabia aviaşirkətinin nümayəndəsi ilə əlaqə saxlamaqda çətinlik çəkiblər:
“Nəhayət, zəngimizi açan oldu. Əvvəl zənglərimizi cavablandırmırdılar, əlaqə saxlaya bilmirdik. Otel çox natəmizdir, nə yemək yeyə bilirik, nə də qalmaq mümkündür. Heç birimiz burada qalmaq istəmirik. Deyirlər ki, bizi Bakıya qaytara bilməzlər, yalnız Şarjaya gedə bilərik. Üstəlik bildirirlər ki, əgər kimsə qayıtmaq istəsə, buradan viza almalı, İslamabada getməli, daha sonra isə Bakıya uçmalıdır və bütün xərcləri özü qarşılamalıdır”.
Lalə, BakuPost