Çempionlar Liqasının “play-off”da ilk dəfə çıxış edən “Qarabağ” və “Newcastle United” komandaları sabah bu mərhələnin ilk oyunu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcəklər.
Bakupost.az xəbər verir ki, İngiltərə mediasında bu oyunla bağlı müxtəlif analitik yazılar dərc olunur. Bu yazıları Sizə təqdim etməyə çalışacağıq.
Cari mövsümdə Avropada dörd səfər oyunundan üçündə qalib gələ bilməyən “sağsağanlar” Bakıda həm ümidverici çıxışa, həm də nəticəyə nail olmağa çalışacaqlar. Məqsəd Azərbaycanın təmsilçisinin uğurlu avrokubok yürüşünü dayandırmaq və “St James’ Park”dakı cavab oyununa daha rahat şəkildə çıxmaqdır.
Oyunöncəsi təhlil
Əgər Çempionlar Liqasının bu mövsümündə ilk topa toxunulmazdan əvvəl hər hansı bir “Qarabağ” azarkeşinə komandanın bu mərhələyə qədər irəliləyəcəyini desəydilər, yəqin ki, tərəddüd etmədən buna inanardı.
Azərbaycan klubu tarixində ilk dəfə sentyabr ayında “Benfika”ya qarşı 3:2 hesablı geridönüş qələbəsi ilə Çempionlar Liqasında üç xal qazanıb. Ardınca “Kopenhagen” və “Ayntraxt Frankfurt” üzərində qazanılan qələbələr bu uğurun təsadüfi olmadığını göstərib.
Liqa mərhələsinin son turunda “Liverpul”a 0:6 hesablı məğlubiyyətə baxmayaraq, Qurban Qurbanovun komandası tarix yazaraq Çempionlar Liqasında pley of mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub və indi bu uğuru daha da irəli aparmaq niyyətindədir.
Bununla belə, statistika “Qarabağ”ın əleyhinədir. Komanda Avropa turnirlərində İngiltərə klublarına qarşı keçirdiyi səkkiz oyunun yeddisində uduzub, birində isə heç-heçə edib.
Ancaq azarkeşlər son İngiltərə təmsilçisi ilə oyunu xatırladacaqlar. “Qarabağ” noyabrın əvvəlində “Çelsi” ilə Bakıda 2:2 hesablı heç-heçə edib. Bu, Liqa mərhələsində evdə keçirilən dörd oyundan ikincisi idi ki, Qurbanovun komandası azı iki qol vurmuşdu. Həmin oyunlarda “Kopenhagen” və “Ayntraxt Frankfurt” müvafiq olaraq 2:0 və 3:2 hesabları ilə məğlub edilib, “Ayaks”a isə 2:4 uduzulub.
Bakıda “Qarabağ”ın yüksək məhsuldarlığının fərqində olan “Newcastle” azarkeşləri komandalarının Azərbaycan səfərindən müsbət nəticə ilə dönəcəyinə ümid edirlər. Məqsəd Çempionlar Liqasında səfər oyunlarındakı qələbəsiz seriyanı dayandırmaqdır.
“Union SG” üzərində 4:0 hesablı qələbədən sonra Eddi Haunun komandası ardıcıl üç oyunda qalib gələ bilməyib: “Marsel”ə 1:2 hesabı ilə uduzub, “Bayer Leverkuzen” (2:2) və PSJ (1:1) ilə heç-heçə edib.
Xüsusilə Parisdə, turnirin son çempionunun stadionunda qazanılan bir xal “Newcastle” üçün daha çox əldə edilmiş nəticə kimi qiymətləndirilir.
Yerli çempionatda “Tottenhem” və “Aston Villa” üzərində son qələbələrin verdiyi impulsu davam etdirmək istəyən “sağsağanlar” sabah bütün turnirlər üzrə mövsümdə üçüncü dəfə ardıcıl üç qələbə qazanmağı hədəfləyirlər. Daha əvvəl bu, 2025-ci ilin oktyabrında və 2025 dekabr – 2026 yanvar aralığında baş verib.
Spurs və Villa Parkda qazanılan geridönüşlü qələbələrdən sonra — sonuncusu hakim qərarları səbəbilə mübahisəli sayılır — “Newcastle” Avropada səfərdə 15 oyunda cəmi iki qələbəlik statistikanı yaxşılaşdırmaq niyyətindədir.
“Qarabağ” – Çempionlar Liqası:
U H U U Q U
“Qarabağ” – bütün turnirlər:
U U Q U Q Q
“Newcastle United” – Çempionlar Liqası:
Q Q U H Q H
“Newcastle United” – bütün turnirlər:
H U U U Q Q
Hər iki komandada ciddi itkilər var
Şahruddin Məhəmmədəliyev noyabrın ortalarından bəri oyun praktikası keçməyib və qapıçının zədəsi səbəbindən bu oyunda da meydana çıxmayacağı gözlənilir.
Həftəsonu Leandro Andradeni əvəzlədikdən cəmi səkkiz dəqiqə sonra qırmızı vərəqə alan Kadi Borqes buna baxmayaraq “Qarabağ”ın heyətində yer ala bilər.
Kamilo Duran (4 qol) və Andrade (3 qol) bu mövsüm “Qarabağ”ın Liqa mərhələsində vurduğu 13 qolun 53,8%-nə imza atıblar ki, bu da “Newcastle” üçün əsas təhlükə mənbəyidir.
“Newcastle”da Bruno Gimaraeş (bud), Joelinton (qasıq), Tino Livramento (bud), Fabian Şer (topuq) və Emil Kraft (diz) zədəlidir. Sven Botman (bel), Lewis Miley (bud) və Yoane Wissa (zədə) isə oyuna qədər qiymətləndiriləcək.
Bu mövsüm Çempionlar Liqasında yalnız Kilian Mbappe (13), Harri Keyn (8) və Erlinq Haaland (7) Entoni Qordondan (6) daha çox qol vurub. İki məhsuldar ötürmə ilə də seçilən hücumçu səfər komandasının əsas ümididir.
Harvi Barns da beş qol və bir assistlə Avropada “Newcastle” üçün vacib fiqur olub. Qordon və Barns birlikdə komandanın Avropadakı 17 qolunun 64,7%-ni təmin ediblər.
Ehtimal olunan start heyətləri
“Qarabağ”:
Koçalski; Silva, Mustafazadə, Medina, Cəfərquliyev; Bikalyo, Yankoviç; Andrade, Montiel, Zubir; Duran
“Newcastle United”:
Poup; Trippyer, Tiao, Bern, Hol; Remsi, Tonali; Elanqa, Villok, Qordon; Voltemade
“Qarabağ” 2–2 “Newcastle United”
“Qarabağ” Avropada ev oyunlarında adətən iki və ya daha çox qol vurur və ardıcıl yeddi oyundur qapısını toxunulmaz saxlaya bilməyən “Newcastle”a qarşı da şanslarını yüksək qiymətləndirir.
Bununla yanaşı, İngiltərə təmsilçisi hücum potensialına görə ev sahibinin məhsuldarlığını balanslaşdıra bilər və nəticədə Bakıda baxımlı heç-heçə qeydə alına bilər.
Cavid, BakuPost