Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) oktyabrın sonunda itkin düşən Sankt-Peterburq sakini, kripto valyuta dələduzu Roman Novak və onun həyat yoldaşı Anna Novakun cəsədləri tapılıb. Bu barədə bu gün (1 dekabr0 Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq departamentinə daxil olan sənədlərə istinadən “47news” məlumat yayıb.
Bakupost.az xəbər verir ki, ər-arvadın cəsədlərinin yeri cinayəti törətməkdə şübhəli bilinən iki şəxsin etirafı nəticəsində müəyyən olunub. Cinayətkarların göstərdiyi ərazi xüsusi xidmət orqanları tərəfindən yoxlanılıb və cəsədlər polietilen kisələrə bükülmüş vəziyyətdə aşkarlanıb. İstintaq qurumları bildirir ki, cəsədlər əvvəlcə kimyəvi maddələrlə yuyulub, daha sonra səhraya aparılaraq basdırılıb. “Komsomolskaya Pravda – Peterburq” isə qurbanların qalıqlarının betonla örtüldüyünü yazır.
İstintaq orqanlarının versiyasına əsasən, cinayətdə üç icraçı iştirak edib. Keçmiş kriminal polis əməkdaşı və iki “SVO” iştirakçısı həmin ərəfədə BƏƏ-yə gələrək dələduzluq məqsədilə drop hesablar cəlb edib, həmçinin icarəyə götürülmüş kottec hazırlayıblar. Roman və Anna Novak aldadılaraq həmin ünvana aparılıb.
Nəşrin yazdığına görə, cinayətkarlar həyat yoldaşlarını kriptovalyuta hesablarının şifrələrini əldə etmək üçün işgəncəyə məruz qoyub, daha sonra boğaraq qətlə yetiriblər. Mətbuatda daha əvvəl yayılan məlumatlarda onların parçalandığı iddia olunsa da, bu fakt təsdiqlənməyib.
Cəsədlərin yaxın günlərdə Rusiyaya göndərilməsi gözlənilir.
İstintaq məlumatına görə, hadisənin təşkilatçısı kimi əvvəllər narkotik vasitələrin satışı ittihamı ilə həbs olunan və hazırda iki və daha çox şəxsin qətlində təqsirləndirilən Konstantin Şaxt (Lipatov) göstərilir. O, qətlin sifarişçini gizlətməkdə şübhəli bilinir.
Cavid, BakuPost