Kürdəmir rayonunun Şıxımlı kəndində bədbəxt hadisə baş verib və ildırım vurması iki nəfərin ölümünə səbəb olub.
Ərazidə çobanlıq edən Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Hacalıyev Zahir Vahid oğlunu ildırım vurub və o, həyatını itirib.
Eyni kəndin sakini olan Baba Habil oğlu Calalov da həmin gün axşam saatlarında ildırım vurması nəticəsində hadisə yerində vəfat edib.
Hadisə zamanı bir neçə xırdabuynuzlu heyvan da tələf olub.
İldırım vurmasından necə qorunmaq olar?
AMEA-nin Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev
“Bakupost”a bildirib ki, ildırım müxtəlif elektrik yüklü buludların toqquşmasından yaranır:
“Eyni zamanda, yerlə bulud arasında da elektrik boşalması baş verir. İldırım çaxarkən milyon voltlarla gərginlik yaranır. Yüz min dərəcədən çox temperatur alınır. Hündür ağaclar, antenalar, elektrik xətlərinin olduğu yerlər bu mənada təhlükəlidir. Bu fonda çöl şəraitində telefonun olması da təhlükəlidir”.
Müsahibimiz yağışlı havada telefondan uzaq durmağı da məsləhət gördü:
“Çöl şəraitində olarkən mümkün qədər telefondan uzaq olmaq lazımdır. Habelə, hündür ağaclar və elektrik dirəklərinə yaxın yerlərdən uzaq olmalıyıq. Həmçinin, belə vəziyyətlərdə imkan daxilində çökəkliklərdə daldalanmaq lazımdır”.
Ekspert qeyd edir ki, ildırım çaxması hadisəsi əsasən fəsil dəyişmə dövrünə, yay-payız aylarına təsadüf edir.
Rüfət Sultan,
BakuPost