Ru
18:09 / 14 May 2026

Londonla Paris Hörmüzdə nə axtarırlar?

Londonla Paris Hörmüzdə nə axtarırlar?
Eye

Yaxın Şərqdə hərbi əməliyyatlar dövründə kənarda qalmağa üstünlük verən Böyük Britaniya və Fransa artıq Hörmüz boğazında aktivləşməyə başlayıblar.

Belə ki, Böyük Britaniya “HMS Dragon” döyüş gəmisi, pilotsuz dəniz gəmiləri və “Typhoon” döyüş təyyarələri ilə Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinə yönəlmiş çoxmillətli missiyaya töhfə verəcəyini açıqlayıb.

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib ki, missiyaya ölkənin avtonom mina ovlama sistemləri, dron əleyhinə sistemlər və pilotsuz sürətli qayıqları daxil olacaq.
Nazir missiyanın “şərtlər imkan verdiyi zaman” fəaliyyətə başlayacağını bildirib.

Qeyd edək ki, hazırda Böyük Britaniyanın “HMS Dragon” gəmisi Hörmüz boğazına doğru hərəkət edir. Fransa isə daha əvvəl “Şarl de Qoll” təyyarədaşıyan gəmisini Qırmızı dənizə yerləşdirməklə missiyaya dəstək verəcəyini bəyan edib.

Politoloq Aytən Qurbanova Bakupost.az-a bildirib ki, İran ətrafında gərginlik davam etməkdədir:

“ABŞ Prezidenti Donald Trampın Çin səfəri və gündəlikdə olan məsələlərə nəzər yetirdikdə görürük ki, dünya dövlətləri Hörmüz boğazının blokadadan çıxarılması və İranın bu yöndə təzyiqlərinin aradan qaldırılması üçün maksimum təzyiq və təsir imkanlarından istifadə etməyə çalışırlar. Bu mənada Böyük Britaniya ilə Fransa da prosesdə yer almaq istəyir. Hörmüz boğazına yaxınlaşan bu gəmilər fonunda əslində həmin istiqamətdə İranın geri addım atıb-atmayacağının ölçülməsi və ictimai rəyin formalaşdırılması ilə bağlı yanaşmalar da gündəmdə ola bilər”.

Ekspertin fikrincə, böhrana tamamilə son qoyulmaması onu deməyə əsas verir ki, münaqişənin genişlənməsi onun təsir dairələrini də genişləndirir:

“Bunlar sadəcə, regional kontekstdə deyil, qlobal iqtisadi münasibətlərə, neftin qiyməti, ticarət münasibətlərinə də birbaşa zərbə vuracaq addımlardır. Hərbi əməliyyatlar dövründə London və Parisin ABŞ-yə birmənalı hərbi dəstək vermədiyini gördük”.

Həmsöhbətimizin sözlərinə görə, bundan sonrakı mərhələdə ticari əlaqələr, iqtisadi maraqlar daha çox gündəmə gələcək. Hərbi əməliyaytlar dövründə kənarda dayanan Londonla Paris də məhz bu səbəbdən hazırda prosesdə yer almağa çalışırlar:

“Nəticədə İrana qarşı maksimum təzyiq siyasəti gündəmə gələ bilər. Lakin bütün bunlar heç də London və Parisdən asılı olan məsələlər deyil. Donald Tramp Pekini İrana qarşı çıxmağa razı sala bilsə, məhz bu amil prosesdə ən böyük təsir mexanizmi olacaq”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar