İsrailin baş naziri Beynamin Netanyahunun Parisi antisemitizmi qızışdırmaqda ittiham etməsi “bütün Fransaya təhqir”dir.
Bakupost.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Netanyahuya yazdığı məktubda qeyd edib. Məktubun mətnini Le Monde yayıb.
Makron onun Fələstin dövlətini tanıyacağını vəd etməsini antisemitizmi qızışdırmaq kimi qiymətləndirən İsrail baş nazirinin məktubuna cavab verib. O, Netanyahunu Fransa prezidentinin özü məktubu almamış onu mediada dərc etdiyinə görə tənqid edib: “Müzakirəmizdə aydınlıq olması üçün mənim cavabım da dərc olunacaq, amma mən öz növbəmdə sizə məlumat verirəm və siz məktubu oxuyana qədər gözləyirəm, çünki bu, elementar nəzakət qaydasıdır”.
Bundan sonra Makron İsrailin baş nazirini antisemitizm anlayışını siyasi məqsədlər üçün manipulyasiya etdiyinə görə qınayıb və onun hakimiyyəti dövründə respublikada yəhudiləri qorumaq və antisemitizmlə mübarizə aparmaq üçün edilən çoxsaylı təşəbbüsləri və səyləri xatırladıb. O, həmçinin Parisin İsrailin təhlükəsizliyinə sadiq qaldığını xatırladıb: “Ona görə də var gücümüzlə mübarizə apardığımız bu fəlakət qarşısında fəaliyyətsizlik ittihamları qəbuledilməzdir və bütün Fransaya qarşı təhqirdir”.
Makron qeyd edib ki, Holokostun xatirəsi İsrailin hazırda Qəzza zolağında və digər Fələstin ərazilərində yürütdüyü siyasətə haqq qazandırmır. O, həmçinin İsrailin baş nazirinin Fələstinin tanınmasının radikal HƏMAS hərəkatını dəstəkləməyə bərabər olması ilə bağlı arqumentlərini rədd edib və bildirib ki, hazırkı döyüşlər təkcə Qəzza üçün deyil, həm də İsrailin özü və bütövlükdə region üçün dağıdıcıdır. Makron Qəzzadakı vəziyyəti "humanitar fəlakət" adlandırıb və fələstinlilərin bu ərazilərdən köçünün "mənəvi şərəfsizliklə bərabər, regional və beynəlxalq təhlükəsizlik üçün birbaşa və uzunmüddətli nəticələrə səbəb olacağı"na dair xəbərdarlıq edib: "Bu gün hökumətiniz Qəzzanın yenidən işğalına aparan hücumun yeni mərhələsinə başlamaq qərarına gəlib. Əminəm ki, belə bir tədbir İsrail xalqının onilliklər boyu həyatına təsir göstərəcək, Fələstinli qonşularınız üçün dözülməz bir yük olacaq və baş nazir kimi qarşınızda açılan tarixi fürsətin itirilməsinə səbəb olacaq. Qəzzanın işğalı, fələstinlilərin məcburi köçkünləşdirilməsi, onların aclığı, nifrət dolu, insanlıqdan kənar ifadələr, İordan çayının qərb sahilinin ilhaqı heç vaxt İsrailə qələbə gətirməyəcək. Əksinə, onlar sizin ölkənizin təcridini dərinləşdirəcək, bunda antisemitizm üçün bəhanə tapanları qidalandıracaq və dünyadakı yəhudi icmalarını təhlükə altına salacaq".
Məktubun sonunda Makron “dost kimi” Netanyahunu iki dövlətin birgə yaşaması prinsipi əsasında regionda sülhə nail olmaq üçün digər beynəlxalq tərəfdaşlarla işləməyə dəvət edib. O, həmçinin onu "İordan çayının qərb sahilinin qeyri-qanuni və əsassız müstəmləkəçiliyini dayandırmağa və beynəlxalq tərəfdaşların uzadılmış əlini qəbul etməyə" çağırıb.