Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla Kremldə görüşəcək. Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, son iki həftə ərzində üç dəfə telefonla danışan liderlər E. Makronun Moskvaya səfəri ilə bağlı razılığa gəliblər.
Bəs Rusiya-Fransa sammitinin gündəliyində hansı məsələlər müzakirə olunacaq?
Məsələ ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Bakupost.az -a açıqlamasında deyib ki, əsas müzakirə mövzusu Ukrayna olacaq:
“Fransa yanvar ayından başlayaraq Avropa İttifaqına sədrlik edir. Ona görə də istər-istəməz Avropa İttifaqını narahat edən mövzularla bağlı Fransa məşğul olmalıdır. Bu səbəbdən Fransa prezidenti Emmanuel Makron həm Ukrayna, həm də bizim bölgə ilə bağlı danışıqları intensivləşdirib. Lakin əsas müzakirə mövzuları Ukraynadır. Çünki Rusiya-Ukrayna münasibətləri gərgindir və müharibə ehtimalı azalmayıb. Digər tərəfdən, bizim bölgə ilə bağlı da fikir mübadiləsi gedir. Təsadüfi deyil ki, bu günlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan arasında onlayn formatda görüş keçirildi”.
Politoloq vurğulayıb ki, Fransa Vətən müharibəsi və sonrakı dövr ərzində nümayiş etdirdiyi siyasətlə Azərbaycan və Ermənistan arasında vasitəçi ola bilməzdi:
“Lakin Avropa İttifaqının vasitəçiliyini qəbul edirik. Noyabrdakı görüş və bəyanat da bizim xeyrimizə oldu.
Aprel ayında Fransada prezident seçkiləri keçiriləcək. Makronun reytinqi elə də yüksək deyil və reytinqini düzəltməyə çalışır. Əgər Fransa xarici siyasətini korrektə edərsə, balanslaşdırılmış mövqeyə qayıdarsa, bəli, bizimlə əməkdaşlıq mümkündür.
Fransa Ukrayna mövzusunda da fəallığını artırıb. Rusiya düşünür ki, Ukrayna ilə müharibə başlasa, Avropaya qaz tədarük edə bilməsə, alternativ yol kimi Çinə boru xətti ilə daha çox qaz tədarük etsin. Amma Avropa istiqamətindən imtina Rusiyaya baha başa gələ bilər. Bu, təkcə qaz tədarükü deyil. Sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir edir və rubl dəyərdən düşür. Əgər Rusiya Ukrayna ilə müharibəyə başlayarsa, bu, Rusiya üçün çox ağır nəticələrə gətirib çıxaracaq”.
Siyasi analitik Teymur Qasımlı isə bildirib ki, Fransa son zamanlar aktiv siyasət aparır və maraqlı gedişlər edir:
“Son dövrlər Makron həm Putin, həm də ABŞ prezidenti Bayden ilə tez-tez danışıqlar aparır. Danışıqların əsasında Ukrayna məsələsi dayanır. Fransa Ukrayna məsələsində onun əleyhinə olmasa da, əsasən Rusiya tərəfindən çıxış edir. Ötən il dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü baş tutdu. Həmin görüşdə Emanuel Makronla qeyri rəsmi üçtərəfli görüş keçirildi. Həmçinin iki gün öncə videoformat şəklində görüş oldu. Fransa son zamanlar aktiv siyasət aparır və maraqlı gedişlər edir”.
Siyasi analitik qeyd edib ki, Makronun Moskvaya səfəri öncəsi daha bir onlayn görüş nəzərdə tutulub:
“Moskovada isə əsas Ukrayna məsələsi müzakirə olunacaq. Çünki Fransa ilə Rusiyanın Ukrayna məsələsində, demək olar ki, baxışları eynidir. Amma bir fərq var: Fransa “Normandiya” paktının formatını bərpa etməlidir. Buna Zelenski “yaşıl işıq” yandırıb.
Fransanın enerji təchizatı ilə bağlı məsələlər də görüşdə müzakirə oluna bilər. Bildiyiniz kimi, Rusiya enerjiyə görə Avropanı qazla şantaj edir. Avropa Rusiya enerjisindən asılıdır.
Bu görüşdə Azərbaycan Ermənistan arasındakı məsələlər, sərhəd, delimitasiya məsələləri də müzakirə edilə bilər.
Bir məsələni də qeyd etmək istərdim ki, Fransa həm çar, həm də sovet Rusiyası ilə İngiltərə və ABŞ-a qarşı birlikdə hərəkət edib. Hazırda Rusiya ilə Fransa Qafqazda birlikdə hərəkət edirlər ki, buraya İngiltərə, ABŞ gəlməsin. Son zamanlarda videoformatda keçirilən görüşlər, Makronun aktivliyi, əlbəttə, yaxşıdır və bizim maraqlarımıza da cavab verir”.
Fəridə
Baku Post