Abşeron rayonu Masazır qəsəbəsi, Məcburi köçkünlər şəhərciyində 2 yaş 9 aylıq uşağı it dişləyib.
Bakupost.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun valideynləri məlumat verib.
Bildiriblər ki, azyaşlı anası ilə birlikdə həyətdə gəzərkən sahibsiz itlər ona hücum edib. Ətrafdakıların köməkliyi ilə uşağı xilas etmək mümkün olsa da, o, xəsarət alıb.
Xəstəxanaya çatdırılan azyaşlıya quduzluq əleyhinə vaksin vurulub, ilkin yardım göstərildikdən sonra evə buraxılıb, hazırda vəziyyəti kafidir.
Yaxınlarının sözlərinə görə, uşağa hücum edən it bir müddət sonra ölüb, bu da onun quduz olması anlamına gəlir.
Qonşuların bildirdiyinə görə, bu ərazidə sahibsiz itlər olduqca çoxdur. Oxşar hadisələr də tez-tez baş verir. Bu səbəbdən də uşaqlar həyətə çıxıb oynaya bilmirlər. Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülmür.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:
“Sahibsiz heyvanlarla bağlı qaldırdığınız məsələ ilə əlaqədar olaraq bildiririk ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Sahibsiz İtlərə Qayğı Mərkəzləri tərəfindən rayon ərazisində olan ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlər parklardan, küçə və prospektlərdən götürülüb. Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə Qayğı Mərkəzinə daşınıb. Hazırda da bu işlər davam etdirilməkdədir.
Bununla yanaşı olaraq Abşeron rayonunda Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin yaradılması istiqamətində də işlər aparılır və hazırda bu işlər sənədləşmə mərhələsindədir”.