UEFA Avropa Liqasının pley-off mərhələsində “Ferensvaroş”a ağır məğlubiyyətdən sonra “Trabzonspor”un baş məşqçisi Fatih Tekke istefa verdiyini açıqlayıb.
"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Trabzonspor” Macarıstan təmsilçisi “Ferensvaroş”la qarşılaşıb.
Budapeştdəki “Qrupama Arena”da keçirilən görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə “Trabzonspor” Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazana bilməyib.
Matçdan sonra Fatih Tekke canlı yayımlanan müsahibəsində istefa verdiyini açıqlayıb.
“Qırmızı vərəqəyə qədər yaxşı keçəcək bir matç kimi görünürdü. Nəticədə, Avropa Liqasına vəsiqə qazana bilmədik. 18 ay ərzində gecə-gündüz komandamla birlikdə daha yaxşı nə edə biləcəyimiz barədə düşünürdük. Komanda daha yaxşı olacaq, bu, dəqiqdir. Ətraflı məlumat verməyəcəyəm. Heç kim bilmir. Hazırda 18 aylıq vəzifəmdən istefa verirəm. Özümü cəzalandırmağı böyük bir məsələyə çevirmirəm”.
Tekke məğlubiyyətin onun üçün qəbuledilməz olduğunu bildirib: “Bəzi matçlar sizi dərindən incidir. Biz də o matçlardan birini yaşadıq. Taleyin hökmündən başqa heç nəyə yer yoxdur. Təəssüf ki, tutmaqdan şərəf duyduğum vəzifədən istefa verdim... Çox dəyərli işlər gördük, amma istefa verdim. Çünki oyunçularıma dediyim bir şey var: məğlubiyyətlər mənim, qələbələr onlarındır. Bugünkü məğlubiyyət qəbuledilməzdir. Uğursuzluq qəbul edilə bilər, amma mən bunu qəbul edə bilmərəm. Mən belə yata bilmirəm. Qoy hamı məni bağışlasın. Əlimizdən gələni etdik. Bəzən bir səhv belə şeylərə gətirib çıxarır. Edə biləcəyimiz bir şey yoxdur”.
Qeyd edək ki, Fatih Tekkenin istefa açıqlamasına baxmayaraq, “Trabzonspor” rəhbərliyi onun vəzifədən ayrılmasına razılıq verməyib.