“Milli Şura həm də İsa Qəmbərin prezidentliyə namizədliyinin qarşısının alınması üçün yaradılmışdı. Müsavat Partiyası Milli Şuraya daxil olmaq istəmirdi. O vaxtlar bizi açıq şantaj edir, birliyi pozmaqda ittiham edirdilər. Bu məsələ bir neçə dəfə Divanda müzakirə edildi”.
Bakupost.az xəbər verir ki, bu fikirləri Müsavat funksioneri, tanınmış vəkil Osman Kazımov bildirib.
O qeyd edib ki, Milli Şurada gedən ilkin müzakirələr Rusiyaya münasibətdə çox gərgin keçib:
“O vaxtkı "Azadlıq" qəzetinin nömrələrini, Müsavat Partiyasının Milli Şuradan çıxmasına dair qərarını oxusanız, hər şey aydın olacaq.
Zaman-zaman Müsavat Partiyası, onun rəhbərliyi təhqir olunur, qarayaxma kampaniyası aparılırdı. Bütün şantaj və qarayaxmalar eyni mərkəzdən - eyni dəstə tərəfindən idarə olunurdu. 2003 cü il prezident seçkilərində də Müsavata qarşı eyni çirkin siyasət aparıldı. Azadlıq meydanında yüzlərlə müsavatçı döyüldü, əzildi, həbs edildi".
O.Kazımov qeyd edib ki, hazırda "boz kardinal" (Ramiz Mehdiyevi nəzərdə tutur-red.) bütün işgəncələrin başında özünün durduğunu etiraf edir:
"Zatən o vaxt biz bunları deyirdik. İfşa edirdik. İsa bəyin qalib gəlməməsi üçün bu dəstə əl-ələ verib hər şeyə getdi. Fosforlu Cevriyələr. Nənə babadan, baba nəvədən, nəvə turpdan yapışdı. Xalqı bir gün, bir neçə dəfə aldadarsan. 40 günün möhlətində hər şey açılar. İlham Əliyevin onun yanında olub ondan bəhrələnənlərin xəyanətini xoşlamır. Bir dəfə açıq dedi. Başa düşmədilər, hədəfi legitimləşdirdi.
Əli Kərimlinin evindən Ramiz Mehtiyevin məktubunun çıxması isə çox primitivdir. "Keçmiş olsun" deyirəm. Zaman hər şeyi yerinə qoyur. Allah günahlarını bağışlasın. Namərd körpüsündən keçilməz. Sonu selə qərq olmaqdır. Heç kim həqiqəti yazmaq, demək istəmir. Acıdır, dost qazandırmır, sərf etmir. "Pis kişi" olmaq istəmir. Amma məhv edilmiş keçmişimiz, gələcəyimiz, mübarizəmiz və qələbəmiz elə belə"pis kişi"likdən keçir. Rusiya xalqımıza qarşı çirkin oyununu davam etdirir. Bu, Ramiz Mehdiyevin deyil, Rusiyanın planıdır. Ramiz Mehdiyev 200 illik senarinin onun üçün ayrılmış bəlkə də son rolunu ifa edir - Yalıncıqlarla birgə. Hədəf azadlığımız, müstəqilliyimiz, sərvətlərimiz, çox əlverişli geostrateji məkanımızdır".
Lalə, BakuPost