Ru
21:32 / 23 Fevral 2026

Mehdiyevin bankından oğurluq edənlərə hökm oxundu

Mehdiyevin bankından oğurluq edənlərə hökm oxundu
Eye

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi Belarus vətəndaşları, 1976-cı il təvəllüdlü Aleksey Ramizoviç Babayev və 1990-cı il təvəllüdlü Sergey Oleqoviç Qrinkeviçin cinayət işi üzrə məhkəmə prosesində hökm elan olunub.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, hər iki müttəhimə qarşı Cinayət Məcəlləsinin 177.4 - xüsusi külli miqdarda oğurluq maddəsi ilə ittiham irəli sürülüb. İstintaqın gəldiyi qənaətə görə, müttəhimlər Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus “BTB Bank”da müştərilərin depozit otağındakı seyflərdən 800 min manat oğurlayıblar.

1990-cı il təvəllüdlü Sergey Qrinkeviç özünü qismən təqsirli bilib. Onun sözlərinə görə, 2022-ci ilin yayında Türkiyədə tanış olduğu “German” adlı şəxs tərəfindən bu işə cəlb olunub. Qrinkeviç iddia edib ki, ona təqdim edilən ssenari cinayət kimi göstərilməyib: “Elə vəziyyət yaratmışdı ki, bu iş cinayət kimi görünməsin. Demişdi ki, götürülən əşyalar tanışlarınındır, onlar müəyyən səbəblərdən Azərbaycana gələ bilmirlər. Şərt belə idi ki, götürülənlərin 10 faizi mənim olacaq və sahibləri şikayətçi olmayacaq”.

O bildirib ki, Azərbaycana gəlmək və burada qalmaq xərclərini də həmin şəxs ödəyib. Bank seyflərinin açılması ilə bağlı ona video-təlimatlar göndərilib. Qrinkeviç ittiham aktında göstərilən məbləğlə razılaşmadığını və oğurladıqlarını tam şəkildə geri qaytardığını deyib. Digər təqsirləndirilən Aleksey Babayev isə özünü təqsirli bilməyib. Onun ifadəsinə görə, Bakıya onu da “German” göndərib. O bildirib ki, Bakıda qaldığı müddətdə xərclər qarşılanıb, daha sonra ona bir çanta verilib. Çantanı açdıqda içində 316 min manat və 38 min dollar olduğunu görüb. O, bu barədə Germana məlumat verdikdən sonra saxlanıldığını bildirib.

Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb: Nurlan Kazımlı, Fuad Lütvəliyev, Zibeydə Qurbanova, Reyhan Hacıyeva və Tuqay Rəhimli. Bəzi seyflərə müdaxilə edilsə də, içərisindən heç nə götürülməyib və həmin şəxslər şikayətçi olmayıb. Ən çox ziyan dəyən şəxs isə Zibeydə Qurbanova olub. İttihama əsasən, ona məxsus saxlanc yerindən 55 min dollar pul və 405 min manat dəyərində qiymətləndirilmiş 156 ədəd qızıl-zinət əşyası oğurlanıb. O bildirib ki, həmin əşyalar özünə və övladlarına məxsus olub. İstintaq zamanı 30 min dolların manat ekvivalentində və qızıl əşyalarının böyük hissəsinin geri qaytarıldığı bildirilib. Zərərçəkmiş qeyd edib ki, əlavə 150 min manat ödəniləcəyi təqdirdə təqsirləndirilən şəxslərə qarşı şikayətçi olmayacaq.

Zibeydə Qurbanova hazırda İnterpol-un Azərbaycandakı Milli Mərkəzi Bürosunun rəis müavini vəzifəsində çalışan Namiq Camalovun anasıdır. Namiq Camalov 2023-cü ilin mayında bu vəzifəyə təyin olunub. Onun digər oğlu Natiq Camalov isə Qaradağ rayonu 38-ci polis bölməsinin rəisidir.

Gununsesi.info-nun məlumatına görə, məhkəmə Sergey Qrinkeviç və Rusiya vətəndaşı Aleksey Babayevin hər birini 12 il müddətinə azadlıqdan məhrum edib. Hökmə əsasən, onlar cəzalarını çəkib başa vurduqdan sonra Azərbaycandan deportasiya olunacaqlar.

Qeyd edək ki, “Bank BTB”nin əsas səhmdarı Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. Bank səhmlərinin 74,99 faizi Nigar Mehdiyevaya, 19,01 faizi Sadiq Rza İsmayıl oğluna, 6 faizi isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar