Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Zəngəzur (Mehri) dəmir yolu sahəsinin hüquqi statusu və Azərbaycanın bu infrastruktur üzərindəki mülkiyyət hüquqları ilə bağlı növbəti açıqlama yayıb. O bildirib ki, sözügedən dəmir yolunun Mehri hissəsi Azərbaycan SSR-nin hüquqi varisi kimi Azərbaycan Respublikasının mülkiyyətidir. Diplomat xatırladıb ki, 1991-ci ildə SSRİ dağılandan sonra bir çox mülki, sənaye, strateji və hərbi obyektlər coğrafi olaraq başqa respublikanın ərazisində qalsa da, hüquqi baxımdan onları inşa edən və maliyyələşdirən dövlətlərin mülkiyyəti kimi tanınıb.
Görəsən, beynəlxalq məhkəmələrdə iddia qaldırmaqla haqqında söhbət gedən dəmiryolunu hüquqi varis olaraq Azərbaycanın mülkiyyətinə qaytarmaq mümkün olarmı?
Hüquqşünas
Qulamhüseyn Əlibəyli "Bakupost"a bildirib ki, bu, mürəkkəb hüquqi məsələ kimi qiymətləndirilə bilər.
Ekspert deyir ki, nəzəri baxımdan Azərbaycan həmin istiqamətdə müəyyən iddia qaldırmaq hüququna malikdir:
“Yəni məsələ müzakirə oluna bilər”.
Amma müsahibimizin sözlərinə görə, məsələnin praktik baxımdan həlli yalnız mülkiyyət hüquqi yanaşması ilə mümkün deyil:
“SSRİ dağılandan sonra həmin məkanda mülkiyyətlə bağlı çoxsaylı mübahisələr yaranıb və onlar da dövlətlərin hüquq varisliyi, beynəlxalq müqavilələr, məhkəmə yuridiksiyaları və siyasi-diplomatik razılaşmalarla həll olunub”.
Hüquqşünas onu da qeyd edir ki, SSRİ dövründə tikilmiş dəmir yollarının hüquqi iştirakçısı birmənalı olmayıb:
“Dəmir yolları həmin dövrdə vahid nazirlik tərəfindən idarə olunub. Amma ayrı-ayrı respublikaların balansında olub. O cümlədən, dəmir yolunun Mehridən keçən hissəsi Azərbaycan Dəmiryolları İdarəsinin balansında olub. Hətta mümkündür ki, həmin dəmir yolu Azərbaycanın vəsaiti hesabına tikilib”.
Ekspert xatırladır ki, SSRİ dağılandan sonra həmin dəmir yolunun infrastrukturu bölüşdürülərkən ərazi prinsipi əsas götürülüb:
“Onun da mahiyyəti odur ki, dəmiryolu infrastrukturu SSRİ dağılan anda hansı respublikanın ərazisində yerləşirdisə, həmin respublikanın mülkiyyət və nəzarətinə keçirdi. Mehri ərazisindən keçən dəmiryolu Azərbaycanın balansında ola bilərdi. Azərbaycanın mülkiyyəti, vəsaiti hesabına tikilə bilərdi. Amma ərazi Ermənistan ərazisidir. Yəni həmin infrastruktur Ermənistanın infrastrukturudur. Çox güman ki, məhz bu əsas tutularaq məsələ barədə müəyyən iddia qaldırmaq məsələsi də müzakirə olunmayıb”.
Q. Əlibəyli bildirdi ki, Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) yalnız dövlətlərin razılığı olduqda belə mübahisələrə baxa bilər:
“Yəni birtərəfli qaydada sözügedən mülkiyyətlə bağlı iddianı BƏM-ə çıxarmaq olmaz. Beynəlxalq Arbitraj Məhkəmələri də əmlak və mülkiyyət mübahisələri üçün nəzərdə tutulmayıb. Burada da məsələnin müzakirəsi üçün dövlətlərin razılığı vacibdir”.
Amma həmsöhbətimiz proseslə bağlı kompensasiya məsələsinin qaldırılmasını daha məqbul hesab etdi:
“Təbii ki, uyğun məhkəmə tapıb, məsələni orada qaldıra bilərik. Nəzəri cəhətdən mümkündür ki, Azərbaycanın vəsaitləri hesabına tikildiyindən və onun balansında olduğundan ölkəmizin həmin dəmiryoluna mülkiyyət hüququ tanınar. Amma praktik baxmdan onun necə icra olunacağı məsələsi problemlidir. Onun yerləşdiyi ərazi Ermənistan ərazisidir. Azərbaycan da SSRİ dağılan andan mövcud əraziləri tanıdığını bildirib. Alma-Ata bəyannaməsi əsasında keçmiş SSRİ respublikaları arasındakı mövcud inzibati sərhədlər dövlət sərhədlərinə keçib. Ona görə də məsələnin praktik həlli o qədər də uğurlu görünmür. Uzağı kompensasiya məsələsini qaldırmaq olar.
Hesab edirəm ki, məsələni diqqətdə saxlayıb, sadəcə olaraq Zəngəzur dəhlizinin keçiləsi yolları ilə kompleks şəkildə müzakirə edib, eksteritoriallıq prinsipi əsasında Azərbaycan və onun yüklərinin həmin yerdən sərbəst gediş-gəlişinin təmin olunmasını nəzərdən keçirmək olar”.
Rüfət Sultan,
BakuPost