Ru
14:15 / 18 Noyabr 2026

Məzuniyyətlə bağlı yeni qadağa: İşçilər dincəlmək əvəzinə işləməyə məcbur edilir – Ekspert

Məzuniyyətlə bağlı yeni qadağa: İşçilər dincəlmək əvəzinə işləməyə məcbur edilir – Ekspert
Eye

Azərbaycanda işçilərin illik əmək məzuniyyətinin minimum 21 günlük hissəsinin pul kompensasiyası ilə əvəz edilməsi qadağan olunur. Lakin yeni qaydanın işçilərin istirahət hüququnu nə dərəcədə təmin edəcəyi sual altındadır.

"Bakupost" xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisdə birinci oxunuşda qəbul olunub.

Dəyişikliyə əsasən, əmək müqaviləsinə xitam verilən hallar istisna olmaqla, minimum 21 günlük məzuniyyət müddətinin kompensasiya ilə əvəz edilməsinə yol verilməyəcək.

Layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları da daha dəqiq müəyyənləşdirilir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Bakupost-a bildirib ki, bu qadağa əvvəllər də tətbiq edilib, lakin sonradan müəyyən hallarda kompensasiya ödənilməsinə yenidən imkan yaradılıb.

Ekspertin sözlərinə görə, minimum məzuniyyət müddətinin pulla əvəz edilməsi düzgün yanaşma deyil:

“Əmək məzuniyyətinin minimum müddəti 21 təqvim günüdür. Lakin bəzi qulluqçu kateqoriyaları üçün 30, xüsusi kateqoriyadan olan işçilər üçün 56, əlilliyi olan şəxslər üçün 42, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslər üçün isə 46 günlük məzuniyyət nəzərdə tutulur.

İşçi ən azı 21 gün istirahət etməlidir. Bu, Konstitusiyanın 37-ci maddəsində təsbit olunmuş istirahət hüququndan irəli gəlir. İstirahət həm də əməyin mühafizəsinin tərkib hissəsidir. İnsan davamlı işləməməli, sağlamlığını və əmək qabiliyyətini qorumaq üçün dincəlməlidir”.

Sahib Məmmədov hesab edir ki, əsas problem qanunun qəbul edilməsi deyil, onun praktikada necə tətbiq olunacağıdır.

Onun sözlərinə görə, Azərbaycanda işçinin rəsmi olaraq məzuniyyətə göndərildiyi, lakin faktiki olaraq işləməyə davam etdiyi hallar mövcuddur:

“Belə hallar dövlət sektorunda da geniş yayılıb. İşçiyə məzuniyyət verilir, amma ondan yenə işə çıxması tələb olunur. Bu, qanunsuzdur. Təəssüf ki, praktikada belə hallarla qarşılaşırıq”.

Ekspert bildirib ki, bu cür pozuntulara nəzarət etmək də ciddi problemdir.

“Hazırda Əmək Müfəttişliyi məzuniyyətin verilib-verilmədiyini əsasən elektron sistem üzərindən izləyir. Lakin işçinin rəsmən məzuniyyətdə olduğu halda faktiki işləməsini müəyyənləşdirmək çətindir. Çünki 2015-ci ildən sahibkarlıq subyektlərində yoxlamaların aparılmasına məhdudiyyətlər tətbiq olunur.

Şikayət olduqda məsələ araşdırıla bilər. Amma işçilər əksər hallarda şikayət etmirlər. Bəziləri işini itirmək qorxusundan, bəziləri isə başqa səbəblərdən məzuniyyət dövründə də işləməyə razılıq verir”.

Sahib Məmmədovun fikrincə, yeni qadağanın real nəticə verməsi üçün məzuniyyətin yalnız sənədlərdə rəsmiləşdirilməsinə deyil, işçinin həmin müddətdə həqiqətən istirahət etməsinə də nəzarət olunmalıdır.

Beləliklə, təklif edilən dəyişiklik işçilərin istirahət hüququnun qorunmasını hədəfləsə də, onun nə dərəcədə işlək olacağı hələlik açıq qalır.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar