Azərbaycanda ildə azı bir dəfə minimum əməkhaqqının məbləğinə yenidən baxılacaq.
Bakupost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Qeyd edilib ki, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və bu gün bütün dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi bir çox beynəlxalq qurumların, xüsusən də Beynəlxalq Əmək Təşkilatının diqqətdə saxladığı məsələlərdəndir. Bu xüsusda Dünya Bankı Qrupunun “Business Ready” hesabatında qanunvericilikdə minimum əməkhaqqının dövri yenilənməsinin məcburiliyinin təsbit edilməməsi bal itirən suallar kateqoriyasına şamil edilib.
Qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikası Baş nazirinin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 2025-ci il 19 fevral tarixində təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması” tədbirinin icrasını təmin etmək məqsədilə Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurətindən irəli gələn qanun layihəsi hazırlanıb.
Layihənin qəbulu ölkəmizdə sosial müdafiənin effektiv aləti sayılan minimum əməkhaqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək və sözügedən hesabatda qeyd olunan sualla bağlı ölkənin bal itirmə səbəbi aradan qalxacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.