Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV Yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 30-cu buraxılışının yazılı variantını təqdim edir.
Rusiya əhalisi qaçır?
– Dünya gündəmində diqqətimi ən çox çəkən mövzu Rusiya əhalisinin ölkədən qaçma meylləridir. Ukrayna artıq qeyri-hərbi, lakin strateji nöqtələri vurmağa başlayıb. Mənə görə başqa əlac da yoxdur. Çünki qarşı tərəf də zaman-zaman bundan istifadə edib. Hətta mülki insanlar yaşayan binaları və əraziləri vurub. Ukrayna dinc əhalini vurmasa da, qarşı tərəfi sülhə məcbur etmək üçün strateji yerlərə hücum edir və bura neft bazaları da daxildir. Son irimiqyaslı yanğınların birində qara tüstü Moskvaya qədər gedib çatmışdı. Artıq bütün Rusiya müharibəni öz evində hiss edir və bunun ağır nəticələrini yaşayır. Bu da əhalinin kütləvi şəkildə ölkəni tərk etməsinə səbəb olur. Bu barədə konkret rəqəmlər var. Son bir ayda xarici pasportu tez almaq və ölkədən çıxış qaydalarını öyrənmək üçün müraciət edənlərin sayı 200 dəfə artıb. Eyni zamanda, benzin növbələri, tıxaclarda oğurluqlar, varlı adamların etirazı, digər özbaşınalıqlarla bağlı kamera qeydləri və s. Ümid edirik, bu dalğa böyüyüb ədalətsiz müharibə tərəfdarı olan Rusiya hakimiyyətinə qarşı yönələcək və sülh prosesi sürətlənəcək.
Məncə, Nizaminin bütün dünyanın əzbər bildiyi misralarını Kremldəkilər də unutmamalıdır:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz!
Rusiya silahlarının gücünü 44 günlük müharibədə gördük. Zəfər parkı bu rəzilliyin şanlı sübutudur. Kreml korrupsiya ilə məşğul olanda, işğalçı müharibələr aparanda, orta əsr prinsipləri ilə hakimiyyətini qorumağa çalışanda, Avropa elm öyrənirdi, mütərəqqi, proqressiv işlər görürdü. Ona görə bu gün Ukrayna da, Ermənistan da haqlı olaraq bu yolu seçir. Dünyanın sivil inkişafına heç kim maneəçilik törədə bilməz. Bunlar, sadəcə, prosesi bir az uzada bilər. Rusiya həm iqtisadi, həm siyasi, həm hərbi rəqabətdə çoxdan uduzub və onun məğlubiyyəti bütün postsovet ölkələrinin, o cümlədən Azərbaycanın rahat nəfəs alması deməkdir. Obrazlı dillə eyni sözü yenə də təkrarlamaq olar: dünyanın taleyi Ukraynadan asılıdır. Tanrı haqqın yanında olsun.
Alternativsiz mətbuatımız...
– Bu həftə Milli mətbuatımızın 151 yaşını qeyd etdik. Həmişə düşünürəm, Həsən bəy Zərdabi sağ olsaydı, bu günümüz üçün nə deyərdi? Nə qədər düşünsəm də, yekdil bir qərara gələ bilmirəm. Və məni ən çox narahat edən mətbuatımızın alternativsizliyidir. Heç bir məsələdə qarşı tərəfin fikrinə rast gəlmirik. Bütün saytlar, bütün media resursları, təxminən, eyni mövzuları yazır. Daha çox hansısa uğurun mədhiyyəsi və tərənnümü ilə məşğul olur. Mənim başa düşdüyüm mətbuat uğuru yalnız fakt kimi göstərər, təriflə məşğul olmaz, əksinə, tənqidi nüansları üzə çıxarar, problemli məsələləri qaldırar. Əks fikri mütləq verər və bunun üzərində şərhlər aparar. Təəssüf ki, belə deyil. Nəticədə isə mediada müstəqil düşüncəli, sanballı müəlliflər yoxa çıxıb. Ümumilikdə, bədii publisistika bir janr kimi ölüb. Halbuki, bu janr təkcə ağıllı təhlillər aparmır, həm də xəbər mediası ilə ədəbiyyat arasında qərar tutduğu üçün dili qidalandırır, müasir sözlərin, terminlərin işlənmə mexanizmini formalaşdırır. Alternativ fikirlərə yer verilməməsi, müəllif yazılarının yoxa çıxması söyüş söyən aparıcıların, tiktokerlərin və səviyyəsiz bloqerlərin aktivləşməsinə şərait yaradır. İnsanlar fərqli yanaşmaya həmişə acdır. Onu hər yerdə axtarır, tapmayanda daha keyfiyyətsizinə, daha səviyyəsizinə üz tutur. Bu isə uzaqmənzilli bir fəlakətdir.
Hakimiyyətə yaxın olmaq, özünü hakimiyyətə yaxın göstərmək üçün mədhiyyə və tərənnümlə məşğul olan jurnalistlər tamaşaçıları və oxucuları qıcıqlandırır. Ölkədə nələr baş verdiyini hamımız görürük: Uğurları da, uğursuzluqları da. Ən azı sosial şəbəklərdən oxuyuruq, izləyirik. Reallıqla hakimiyyət siyasi arasına düşüb tərif və mədhiyyə yağdırmaq – papadan artıq xristian olmağa çalışmaq ciddi jurnalistikanın işi deyil. Qələm bütün şərtlər altında öz azadlığını, müstəqilliyini qorumalıdır. Sən bunu qoruduğun təqdirdə meydanı heç kimə vermirsən və hakimiyyətin müsbət işləri haqqında dediyin fikirlər də insanları inandırır. Ancaq bu gün media kapitanları və tanınmış şərhçilər var ki, ən sadəlövh tamaşaçını belə dediyi sözə inandıra bilmir. Yutubdakı baxış sayları bunun əyani göstəricisidir.
Arzum fenomeni...
– Son günlər internetə baxan kimi hər yerdə, ən ciddi saytların manşetində Arzumla qarşılaşıram. Düzü, əvvəl bu xanımı tanımırdım. Xəbərlər sayəsində tanıdım və səhifələrinə baxanda dəhşətə gəldim. Gənc Azərbaycan xanımlarında Arzumun həyatına bir həsəd hiss elədim. Həsədin də başında nə gəlir: Arzum bir almanla ailə qurub! Sanki bir almanla nikahsız belə ailə qurmaq, oğul-uşaq sahibi olmaq ən yaxşı xilasdır. Məncə, ciddi sosial mühəndislər bu barədə araşdırmalar aparmalıdır. Niyə belədir? Niyə Arzumdan qat-qat səviyyəli xanımlar ona həsəd aparmalıdır? İnsanların həyatı o qədər maraqsızdır ki, Arzum onların ulduzuna çevrilib. Onun azadlığa buraxılmasına sevinirəm. Ümid edirəm, hüquq-mühafizə orqanları bundan sonra da obyektiv iş aparacaq. İndilikdə bu məsələnin mətləbə dəxli yoxdur. Mətləbə dəxli olan Arzuma həsəd aparan, öz mənəvi boşluğunu onunla dolduran yüz minlərlə gəncdir. Əlbəttə, dünyada da bu cür fenomenlər var, amma yüksək elm də var, ədəbiyyat da, kino da, teatr da, azad və müstəqil media da. Bizdə isə böyük bir boşluq var və çox zaman bu boşluğu heç bir ciddi ictimai əhəmiyyət daşımayan insanlar doldurur.
Mir Şahinin “qrin kart”ı...
– Mir Şahin müəllimin müsahibəsini dinlədim. Maraqlı mövzulara toxunub. Onlardan biri də hamımızın diqqətini çəkən, eyni zamanda, rusların öz ölkəsindən köçməsi kontekstində verilişimiz üçün daha da əhəmiyyətli görünən “qrin kart” məsələsidir. Mir Şahin müəllim deyir, “qrin kart” alan gənclər əgər sevinirsə, dostlarına qonaqlıq verirsə, demək, vətənpərvər deyillər. Onun fikirlərini eşidən kimi məndə belə bir sualı yarandı:
Azərbaycan konstitusiyasında yazılıbmı ki, hamı vətənpərvər olmalıdır? Bütün insanlar vətənpərvər olmağa borclu deyil. Biri vətəni sevər, biri sevməz, biz bura fokuslanmamalıyıq. Çünki kim vətənpərvərdirsə, biz onu mütləq görəcəyik. Hərgah bu gün məşhur deyim daha çox aktualdır – vətənpərvərlik fırıldaqçıların sığınacaq yeridir. Hətta bu konteksti də kənara qoyub deyirəm: tutalım biri vətənpərvər deyil, nə olsun? Biz fokuslanmalıyıq haraya: Azərbaycan vətəndaşı “qrin kart” alıb ölkəni tərk edəndə niyə bu qədər sevinir? Bax əsl sual budur. Mən çox istəyərdim, Mir Şahin müəllim peşəkar bir jurnalist kimi, peşəkar bir qələm əhli, peşəkar bir televiziya rəhbəri kimi bu məsələni araşdırsın, bir videomaterial, hətta sənədli film hazırlasın. Azərbaycan gənci ölkədən qaçmağa niyə sevinir? Şəxsən mənim ətrafımda gənclər var iş tapa bilmirlər, ev ala bilmirlər, işləyənlərin maaşı həyatlarını qurmaq üçün adekvat deyil. Yaxud evlənənlər birdən artıq uşaq sahibi olmaq istəmirlər. Sosial problemlər ucbatından boşanmalar artır. Nəticədə uşaqların sayı son bir ildə kəskin azalıb və bizi demoqrafik fəlakət gözləyir. “Qrin kart”a sevinməklə haqqında söz açdığım demoqrafik fəlakət eyni qəbildəndir. Əgər biz diqqətlə araşdırsaq, problemin kökünə gedib çıxa bilərik. Bəzən vətənpərvərlik ölkəni qoyub qaçmaqla özünü büruzə verə bilər.
Taleh Yüzbəyovun qadın yanlışı...
– Taleh Yüzbəyov məlum qalmaqalı bilərəkdən törətmiş olsa belə böyük yanlışa yol verdi. O, qadın hüquqları ilə bağlı bir az ciddi düşünməlidir. Bizim cəmiyyətimiz üçün bu, çox həssas mövzudur. Biz Azərbaycan qadınını o qədər incitmişik ki, əsrlərlə bu məsuliyyətin altından çıxa bilmərik. Ona görə kifayət qədər həssas davranmalıyıq. Hətta onların bir çox yanlışlarını da qəbul edib barışmalıyıq, nəinki hər hansı estetik prosedurlar üçün böyük bir qrupa istehza etmək, onu aşağılamaq... Burada digər bir məsələ Taleh bəyin sənət ölçülərini pozmasıdır. Düzdür, söhbət bir reklam rolikindən gedir, lakin Taleh bəy təsadüfi adam deyil, istedadlı aktyor, rejissordur, ona inanan, güvənən çoxlu insan var. İstərdim o, Rolan Bartın müəllifin ölümü haqda məşhur essesini oxusun. Oxuyubsa, əməl eləməyə çalışsın. Orada çox incə bir nüans var və Talehin səhvi bu nüansı qaçırmasıdır. Əlbəttə, biz demirik, Taleh niyə süni gözəlliyə qarşı təbii gözəlliyi müdafiə edir. Əslində, sənətin məqsədi çox zaman təbiiliyi, sadəliyi təbliğ etməkdir. Lakin bunu sənətkarcasına, məntiqi vurğu ilə, oxucuda və ya tamaçıda aşılayaraq etməlidir, kimisə və ya kimlərisə aşağılayaraq, hər hansı müqayisədə açıq şəkildə kiməsə və ya kimlərəsə üstünlük verərək yox. Təsadüfi deyil ki, reklam haqqında qanunda da bir brendi tərifləmək üçün başqa birini aşağılamaq yasaqdır. Sən təbiiliyi seçmək üçün, üzünə-özünə əl gəzdirən qadınlara üstdən aşağı baxa bilməzsən. Bunu müəllif mətni ilə açıq söyləyə bilməzsən. Rolan Bart bundan danışır. Müəllifin mətndə öz fikrini birbaşa diktə etməməsini önə çəkir. Müəllif verdiyi mesajı, irəli sürdüyü ideyanı öz tamaşaçısına sənətkarlıqla aşılamalıdır. Tamaşaçı özü, hətta əməliyyat keçirən xanımlar bu qənaətə gəlməlidir ki, təbiiliyi irtirərək, biri-birinə bənzəmək yaxşı deyil. Müəllif bu cür həssas mövzulara birbaşa müdaxilə edəndə, həm əsər zəif alınır, həm də özünü zərbə altına salır. Təbii, mən mənəvi linçin, təhqirin, aktyorun övladı ilə bağlı yazılanların qəti şəkildə əleyhinəyəm, lakin bu cür məsələlər mədəni şəkildə müzakirə edilməli, ictimai qınaq mütləq olmalıdır. Biz Taleh bəyi təbii və süni gözəlliyi müqayisə edib, birincinin tərəfində durduğuna görə yox, insanların seçiminə hörmətsiz yanaşdığına görə tənqid edirik. Eyni məntiqlə biri də Taleh bəyə aktyorluğu seçdiyi üçün aşağılayıcı tövrlə yanaşa bilər. Məsələn, elə dindarlar var, aktyorluğa mütriflik kimi baxır və teatrı, kinonu qəbul etmir. Bu cür yanaşmalar bütün fərqli fikirlərə qarşı aqressiyaya doğru aparır. Hərənin bir fikri, yanaşması var, hərə bir cür düşünür, bir cür yaşayır, bu normaldır. Lakin ən demokratik cəmiyyətlərdə də ortaq dəyərlər, üstəlik, sənət dəyərləri var ki, hamımız onu gözləməliyik. Konstitusiyamız da multikultural dəyərlərdən çxış edir. Ümid edirəm, bu hadisə Taleh bəyə bir dərs oldu və indən belə o, bir daha öz yaradıcılığında qadınlara bu cür seksist yanaşmayacaq.