Ru
14:59 / 27 Aprel 2026

Mobil operatorlar qiymətləri qaldırdı: Ekspert “tarif oyunbazlığı”ndan danışdı

Mobil operatorlar qiymətləri qaldırdı: Ekspert “tarif oyunbazlığı”ndan danışdı
Eye

Azərbaycanda mobil operatorlar - “Azercell”, “Bakcell” və “Nar” internet paketlərinin qiymətlərində artım tətbiq edib. Bu isə istifadəçilər arasında ciddi narazılığa səbəb olub.
Qiymət artımının hansı paketlərə və nə qədər şamil olunduğunu dəqiqləşdirmək üçün hər üç operatora sorğu ünvanladıq. Lakin “Bakcell” və “Nar” sorğuya cavab verməkdən imtina etdi.

“Azercell”dən isə Bakupost.az-a bildirildi ki, son illərdə istifadəçi davranışlarında baş verən dəyişikliklər – sosial şəbəkələrdən istifadənin artması, video və multimedia məzmununa tələbatın yüksəlməsi mobil data sərfiyyatının əhəmiyyətli dərəcədə artmasına səbəb olub:

“Hazırda mobil internet trafikinin əsas hissəsi yüksək keyfiyyətli video məzmun (HD və 4K), qısa video platformaları, canlı yayımlar və onlayn görüşlər üzərində cəmləşir. Bu tendensiya həm gündəlik həyatın, həm də iş və təhsil proseslərinin ayrılmaz hissəsinə çevrilərək abunəçilər tərəfindən istifadə edilən internet istehlakının davamlı artımını şərtləndirir”.

Açıqlamada qeyd olunub ki, “Azercell Telekom” MMC 06.04.2026-cı il tarixindən etibarən bir sıra tarif paketlərində internet və danışıq imkanları artırılmaqla öz tarif cədvəlini optimallaşdırıb:

““Azercell Telekom” MMC-nin yeni tarif cədvəli abunəçilərin istifadə vərdişləri və bazar dinamikası əsasında formalaşdırılıb və artan data tələbatı fonunda rabitə xidmətlərindən daha səmərəli istifadə imkanı yaradılıb.

Tariflərin yenilənmiş şərtləri təqdim olunan əlavə internet/dəqiqə həcmi nəzərə alınaraq müəyyən edilib. Eyni zamanda, müvafiq tarif paketləri üzrə mövcud digər üstünlüklər əvvəlki şərtlərlə qüvvədə qalır. Təqdim olunan xidmətlərə görə xidmət haqları bazar araşdırmaları, abunəçi tələbatı və beynəlxalq təcrübə, o cümlədən həm ölkə daxilində fəaliyyət göstərən operatorların, həm də xarici və MDB-yə daxil olan ölkələrdə fəaliyyət göstərən mobil operatorların analoji xidmətləri üzrə tətbiq etdiyi yanaşmalar nəzərə alınmaqla formalaşdırılır.

Tarif dəyişiklikləri barədə abunəçilərə kütləvi informasiya vasitələri ilə əvvəlcədən məlumat verilib”.

Məsələ ilə bağlı İKT üzrə mütəxəssis Fərhad Mirəliyev Bakupost.az-a bildirdi ki, ölkəmizdə mobil operatorların qiymət siyasətinə dair sistemli təhlil və ictimai hesabatlılıq kifayət qədər zəifdir:

“Mobil operatorların istədikləri tərzdə qiymət siyasətini yeritməsi, yeni tariflər müəyyənləşdirməsi çox təəssüf doğurur. Mən şəxsən bir neçə dəfə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlamışam, ancaq normal cavab ala bilməmişəm. Qayda-qanun pozulsa da rəsmi cavabda bunu inkar ediblər.

Biz tez-tez sosial şəbəkələrdə və cəmiyyətdə mobil operatorların fəaliyyətindən ciddi narazılıqların olduğunu görürük. Burada istər tariflərin yüksək olması, istərsə də data xidmətlərində müəyyən “tarif oyunbazlığı” adlandırılan hallar - məsələn, faktura ayının 28 günə endirilməsi, data xidmətlərindən istifadə zamanı 5 MB civarında yuvarlaqlaşdırmanın aparılması və s. nəzərə çarpır. Yəni vətəndaş 2 MB istifadə edib interneti bağlayanda ondan 5 MB çıxılır. Nəyə görə? Bütün bunlarla bağlı təəssüf ki, heç bir ciddi tədbir görülmür”.

Fərhad Mirəliyevin sözlərinə görə, bir çox inkişaf etmiş ölkələrdə istehlak bazarına nəzarət daha sərt həyata keçirilir və istehlakçı hüquqları prioritet kimi qorunur:

“Məsələn, Avropa Birliyi “Apple” şirkətinin məhsulları olan “iPhone” telefonlarının Avropa Birliyi ərazisində satılması üçün 3 il əvvəl belə bir şərt qoydu ki, bu telefonların bağlantı portu “USB Type-C”yə keçirilməlidir. Əvvəlki dövrdə daha çox “Lightning” port istifadə edilirdi. Avropada tənzimləyici qurumlar düşündülər ki, vətəndaşlar bir evdə müxtəlif şarj kabelləri istifadə etmək məcburiyyətində qalmamalıdırlar. Bu qərardan sonra “Apple” telefonlarda portları dəyişdirməyə məcbur oldu.

Bu istehlak bazarına nəzarət və antiinhisar qurumlarının fəaliyyəti ilə bağlı bariz nümunədir. Avropada vətəndaş hüquqları ciddi şəkildə qorunur. Amma bizdə çox təəssüf ki, mobil operatorlar istədikləri kimi davranır, absurd və məntiqsiz fəaliyyətlə məşğul olurlar və bunun qarşısı alınmır”.

Fərhad Mirəliyev bildirib ki, mobil nömrə almağa gedən vətəndaş əvvəlcədən tarif seçə bilmir:

“Ona deyilir ki, əvvəl sən A tarifini almalı, sonra əlavə ödənişlə B tarifinə keçməlisən, daha sonra yenidən B tarifinin tarif haqqını ödəməlisən. Siz bu absurd plana fikir verin! Yəni bunlar vətəndaşları necə istismar edir, hörmətsizlik göstərir, vəsaitlərini mədəni şəkildə talayırlar!

Biznes daha çox qazanc əldə etmək üçündür, bu başa düşüləndir. Amma biznes vətəndaşların hüquqlarını poza bilməz. Ona görə də istehlak bazarına nəzarət edən tənzimləyici qurumlar buna ciddi müdaxilə etməlidirlər ki, belə halların qarşısı alınsın”.


Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar