Ru
16:48 / 27 Fevral 2026

“Moody’s” SOCAR-ı “yüksələn ulduz” adlandırdı

“Moody’s” SOCAR-ı “yüksələn ulduz” adlandırdı
Eye

Beynəlxalq reytinq agentliyi “Moody’s” Azərbaycan Dövlət Neft Şirkətini – SOCAR-ı 2025-ci ildə qlobal neft-qaz sektorunun 6 “yüksələn ulduz” şirkətindən biri kimi qiymətləndirib.

Bakupost.az xəbər verir ki, agentlik şirkətə investisiya səviyyəli “Baa3” reytinqi və “sabit” proqnoz verib.

“Moody’s”in açıqlamasında bildirilir ki, SOCAR-ın reytinqinin artırılması Azərbaycanın suveren kredit reytinqinin yüksəldilməsi ilə birbaşa bağlıdır. 2025-ci ilin yekunlarına görə, dünya üzrə 6 neft-qaz şirkəti ilk dəfə investisiya kateqoriyasına daxil edilib, yalnız bir şirkət isə bu statusu itirərək “düşmüş mələk” kateqoriyasına keçib.

Hesabata əsasən, 2025-ci ildə sektorda 43 reytinq artımı və 21 reytinq endirilməsi qeydə alınıb. Lakin illik müqayisədə artımların sayı 9% azalıb, endirmələr isə 50% artıb. Analitiklər qlobal neft-qaz sektorunda gələcəkdə reytinq azalmalarının arta biləcəyini istisna etməsələr də, sahənin qiymət dəyişkənliyinə qarşı nisbətən dayanıqlı olduğunu bildirirlər.

SOCAR-ın inkişaf strategiyası


UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Emin Qəribli “Vestnik Kavkaza”ya açıqlamasında bildirib ki, SOCAR son illər neft hasilatının ümumi azalması fonunda belə artımı təmin edən yeni istiqamətlər üzrə fəaliyyətini genişləndirir.

Onun sözlərinə görə, şirkət ilk növbədə mövcud yataqlarda hasilatın səviyyəsini qorumaq üçün intensivləşdirmə texnologiyalarını tətbiq edir, eyni zamanda qaz hasilatını artırır və bazarların şaxələndirilməsi hesabına ixrac imkanlarını genişləndirir.

Emin Qəribli vurğulayıb ki, SOCAR yalnız Azərbaycandakı karbohidrogen yataqlarının işlənməsi ilə kifayətlənmir. Şirkət istiqrazlar buraxır, müxtəlif sənaye sahələrinə investisiya yatırır və biznes modelini geniş miqyasda diversifikasiya edir. Bu yanaşma şirkətin maliyyə dayanıqlığını gücləndirir və gəlir sabitliyini təmin edir.
SOCAR-ın beynəlxalq layihələrdə iştirakı da artmaqdadır. Özbəkistan, İraq və Şərqi Avropa ölkələrində həyata keçirilən layihələr şirkətin uzunmüddətli perspektivdə dayanıqlığını və gəlirliliyini artırmağa yönəlib. Ekspertə görə, dövlətə məxsus olmasına baxmayaraq, SOCAR effektiv kommersiya müəssisəsi kimi fəaliyyət göstərir.

İqtisadçı hesab edir ki, böyük şirkətin yalnız bir sektordan asılı qalması risklidir və diversifikasiya beynəlxalq təşkilatların da tövsiyə etdiyi əsas strateji xətdir. SOCAR-ın topladığı kapitalı digər gəlirli sahələrə yönəltməsi onu tədricən maliyyə və inkişaf institutuna çevirir.

Bununla yanaşı, şirkət qlobal enerji bazarındakı trendlərə uyğun olaraq yaşıl enerji layihələrinin inkişafına da diqqət yetirir. Bu istiqamətdə atılan addımlar SOCAR-ın gələcəkdə enerji istehsalı ilə bağlı digər sahələrə də daxil ola biləcəyini göstərir.

Ekspertlərin fikrincə, məhz bu kompleks və şaxələndirilmiş inkişaf strategiyası “Moody’s”in yüksək qiymətləndirməsində əsas rol oynayıb. SOCAR hazırda regionda etibarlı biznes tərəfdaşı imicini möhkəmləndirib və uzunmüddətli perspektivdə fəaliyyətini uğurla davam etdirmək potensialına malikdir.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar