Rüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunan Eyvaz Niftalıyev və Ramis Hümmətovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Bakupost.az bildirir ki, "Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə çoxsaylı şahidlərin ifadələri gözlənilsə də, yalnız bir şahidin iclasda iştirak etməsi məlum olub. Prosesə sədrlik edən hakim cinayət işində 101 şahidin adının keçdiyi halda, yalnız bir nəfərin iclasa gəlməsinə iradını bildirib.
Şahid İntiqam Nuriyev ifadəsi zamanı Eyvaz Niftəliyevi tanıdığını deyib:
"Mən Eyvaz Niftəliyevi "TikTok"da tanımışam. Elə bilirdim hüquqşünasdır. Sosial yardım almaqla bağlı ona müraciət etmişəm. Sənədlərin hazırlanmasında mənə kömək edəcəyini demişdi. Buna görə də, onun kartına 250 manat ödəniş etmişəm. 5 ay gedib-gəldik, bir nəticə əldə edilmədi. Aldığı pulu da qaytarmadı".
Şahid digər təqsirləndirilən Ramis Hümmətovu isə tanımadığını deyib. Eyvaz Niftəliyev buna etirazını bildirərək şahidin yaddaşında problem olduğunu bildirib.
Eyvaz Niftəliyev aldığı pulu Ramis Hümmətovla yarı böldüyünü vurğulayaraq qeyd edib ki, Ramis Hümmətov bu kimi işlardə vergi məsələləri ilə bağlı ona yaxından kömək edib. Bütün işlərdə Ramis Hümmətovun onun yanında olduğunu bildirib.
Digər şahidlərin ifadələrinin alınması üçün proses oktyabrın 16-dək təxirə salınıb.
Qeyd edək ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarənin böyük elmi işçisi olub.
Eyvaz Niftəliyev isə əvvəllər Şamaxı rayonunda müəllim vəzifəsində çalışıb.
İstintaq orqanı tərəfindən Eyvaz Niftəliyevin barədə Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma və 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Ramis Hümmətov isə həmin məcəllənin 178.2.1, 178.2.2, 32.4, 178.2.3, 32.5, 178.2.4, 32.4, 29, 195.2, 32.5, 29, 195.2, 32.4, 308.2, 32.4, 313, 32.5, 313, 32.4, 311.3.3 ve 32.5, 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb.
Eyvaz Niftaliyev barəsində həbs qətimkan, Ramis Hümmətov barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Eyvaz Niftəliyev su vulkanlarının tədqiqatının aparılması ilə bağlı şəxslərlə müqavilə bağlamaq və digər müxtəlif işlərlə baglı üzərinə öhdəlik göturərək 100 nəfərdən artıq insanın pulunu mənimsəməkdə təqsirləndirilir.