Əməkdar artist, İTV-nin əməkdaşı Nailə İslamzadə "Azərbaycan milli mətbuatının 150 illiyi" yubiley medalı ilə təltif edilib.
Bakupost.az xəbər verir ki, bu barədə aparıcı özü açıqlamasında bildirib.
“Bəzən bir qurumun ruhunu binası yox, onu idarə edən insan formalaşdırır. Son 6 ildə çalışdığım televiziyanın arxasında məhz belə bir rəhbərlik durur — ədalətli, işinin peşəkarı, səmimi və insanlara dəyər verən.
İTV-nin 20 illik yolunda hər mərhələyə hörmətlə yanaşmaq, hər İTV günündə sələflərini unutmamaq, onlara diqqət göstərmək və qiymət vermək, bayram şənliklərinə dəvət etmək, ümümiyyətlə, rəhbərlər arasında görünməmiş bir hadisədir. Bu, peşəkarlıqdan əlavə, dəyərlərə sədaqətin, insani münasibətin göstəricisidir. Kollektivlə münasibətdəki səmimiyyət, eyni zamanda, işə olan tələbkarlıq, hər yeni layihəyə öz doğması kimi yanaşma — bunlar İTV-ni insanlara sevdirən əsas səbəblərdəndir.
"Azərbaycan milli mətbuatının 150 illiyi" yubiley medalını alan media nümayəndələri çoxdur, hər bir uğurun arxasında dayanan görünən və görünməyən bir zəhmət olur. Hər birini təbrik edirəm, elə özümü də. Amma şəxsən mənim üçün ən böyük mükafat hazırladığım hər veriliş sonrası tamaşaçıların verdiyi qiymətdir, rəhbərin "yaxşı ki, bizimlə çalışırsınız" deməyidir. Bu fürsətdən istifadə edib, rəhbərimizə təşəkkürümü bildirmək istəyirəm. Yalnız idarə edən yox, həm də güvənilən bir rəhbər olduğu üçün. İşə belə yanaşma medianın gələcəyini daha möhkəm və daha etibarlı edir!” - Nailə İslamzadə qeyd edib.
Asena,
BakuPost