Ru
20:32 / 11 Dekabr 2025

“Sev”gilərlə Natiq Məmmədli - FOTO

“Sev”gilərlə Natiq Məmmədli - FOTO
Eye

Medianın İnkişafı Agentliyinin icraçı direktor müavini, yazıçı, publisist Natiq Məmmədlinin “Sev” romanının təqdimatı və imza günü keçirilib.

Bakupost.az xəbər verir ki, təqdimat mərasimində tanınmış ictimai-siyasi şəxslər media nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, "APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı, Milli Məclisin deputatı, şair Elçin Mirzəbəyli, Professor Qulu Məhərrəmli, Jurnalist Fuad Babayev və digərləri çıxış edib, əsərlə bağlı fikirlərini bildiriblər.

Rəşad Məcid çıxışında “Sev” romanında iki gəncin sevgisinin əsas xətt kimi götürüldüyünə diqqət çəkib:
Rəşad Məcid

“Romanda müəllif qəhrəmanların müxtəlif ölkələrdəki səyahətlərini təsvir edir və həmin məkanlar barədə maraqlı məlumatlar təqdim edir. Bununla yanaşı, Azərbaycan folklorunu, xüsusilə Sarı Aşığın yaradıcılığını romanda ustalıqla təsvir edib. Sarı Aşığın sevgisi, Yaxşıya olan məhəbbəti və hamımızın dilinin əzbəri olan gəraylıları insanın sevgi, hiss və duyğularının ifadəsində mühüm yer tutur”.


"APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı isə Natiq Məmmədlinin hekayələrindən söz açıb:
Vüsalə Mahirqızı

"Onun "Professor və samuraylar", "Tiflis yolçuları", "Qəzet köşkünün yerində qalan boşluq", "Molyerin öldüyü gün", "Yiyəsiz baş" hekayələri ilə tanışam. Bu əsərlər Natiq Məmmədlinin ədəbi düşüncəsini, müasir yanaşmasını bariz göstərir. "Sev" romanı da Natiq Məmmədlinin yaradıcılığında növbəti mərhələdir".

Vüsalə Mahirqızı Natiq Məmmədlinin həm də Azərbaycan jurnalistikasının istedadlı nümayəndələrindən biri olduğunu bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, şair Elçin Mirzəbəyli romanın adının onu cəlb etdiyini bildirib:


"Ümumiyyətlə, bu gün mənəvi olaraq sevgiyə böyük ehtiyacımız var. Natiq Məmmədlinin əvvəlki əsərləri də səmimiyyəti ilə seçilirdi. Əvvəlki hekayə və romanlarına əsasən deyə bilərəm ki, onun yaradıcılığında heç bir süni effekt yoxdur".

Professor Qulu Məhərrəmli son dövrlər insanlarda sıxlıqla rast gəlinən aqressiyaya diqqət çəkərək, "Sev" romanının bu konteksdə olduqca önəm daşıdığını bildirib.

Qulu Məhərrəmli


Sonda Natiq Məmmədli çıxış edib və romanın arxasında böyük bir psixoloji travma dayandığını qeyd edib:


"Bu travmadan çıxmaq üçün özümə bir yol kimi bu imza gününü seçdim. Kitabın adını “Sev” qoymuşam. Bu, sadəcə sevgi romanı deyil, bir marketinq prinsipidir. “Sev” “İncil”in ilk cümləsidir. Allah kitabı göndərəndə insanlara “sev” deyə müraciət edir. Bu, bir müjdədir. Kitabı pandemiya dövründə yazmışam. Pandemiyadan əvvəl həyatımda böyük bir boşluq yaranmışdı və mən bu roman üzərində işləməyə başladım. Mənim düşüncəmdə ədəbiyyat mütləq gənclərə müraciət etməlidir. Ona görə də bu romanı məhz gənclər üçün yazmaq istədim".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar