ABŞ Prezidenti Donald Trampın ölkəsinin NATO-dan çıxa biləcəyilə bağlı verdiyi açıqlamalar təşkilata daxil olan bir sıra digər üzvləri də sözügedən yolu tutmağa həvəsləndirib. Bakupost.az xəbər verir ki, Sloveniyanın Dövlət Assambleyasının (parlamentin aşağı palatası) yeni sədri, Resni.ca partiyasının lideri Zoran Stevanoviç ölkənin NATO-dan çıxması ilə bağlı referendum keçirməyi planlaşdırdığını bəyan edib.
Bu bəyanat onu deməyə əsas verir ki, Trampın NATO-ya qarşı tutduğu kəskin mövqe fonunda təşkilat öz monolitliyini qoruyub saxlamaqda çətinlik çəkəcək. Hətta Sloveniyanın istəyi gerçəkləşsə, Alyansa üzv digər Avropa ölkələri də anoloji yolu tuta bilərlər.
Politoloq
Tofiq Abbasov Bakupost.az-a bildirib ki, ABŞ və Sloveniya tərəfindən səslənən bu fikirlər NATO-da “yarpaq tökümü”nün başlandığına işarədir:
“NATO özünün ən kritik dövrünü yaşayır. Dünyada meyarlar, standart və baxışlar dəyişir. Köklü transformasiyalar baş verir. Nəticədə NATO daxilində də mərkəzdənqaçma meylləri yaranır. Bu prosesə yön verən isə ABŞ Prezidenti Donald Trampdır. O, NATO-nu özünəməxsus tezislərlə üz-üzə qoyub”.
Politoloqun fikrincə, əslində NATO çoxdan buraxılmalı idi:
“Varşava Müqaviləsinin buraxılması ilə keçən əsrin 90-cı illərində NATO da özünü buraxmalı idi. Lakin ABŞ İslam fundamentalizmini bəhanə etməklə təşkilatın saxlanılması və genişlənməsi yolunu tutdu”.
Həmsöhbətimizin sözlərinə görə, NATO da Varşava Müqaviləsi Təşkilatı buraxılan dövrdə buraxılsaydı, indi dünya tam başqa atmosferdə inkişaf edəcəkdi:
“Lakin bəlli oldu ki, Qərbə adi həyat, düşmən olmadan yaşamaq əlverişli deyil. Ona görə də qondarma şəkildə yeni düşmən icad etdilər”.
T. Abbasov hesab edir ki, Sloveniyanın atmaq niyyətində olduğu bu addımın ardınca NATO daxilində anoloji hərəkətlər başlayacaq. Politoloq düşünür ki, digər Balkan ölkələri də Sloveniyanın addımını təkrarlaya bilərlər:
“Bu gözləniləndir. Sloveniya kimi bir sıra NATO ölkələri sülhpərvər siyasət yürüdür və düşmən axtarmırlar. Kimsə də onlarla düşmənçilik etmir. Ən azından çirkin oyunlardan uzaq durmaq üçün Sloveniyanın addımını bəzi digər Balkan ölkələri də təkrarlaya bilər”.
T. Abbasovun qənaətincə, bir neçə dövlət NATO-nu tərk etsə, nəhayət onun da parçalanmasının əsası qoyulacaq.
Rüfət Sultan, BakuPost