İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan istiqamətində pilotsuz uçuş aparatı (PUA) zərbəsinin endirilməsi molla rejiminin növbəti dəfə nankorluq və riyakarlıq nümayiş etdirdiyini göstərir.
Bakupost.az xəbər verir ki, Azərbaycan uzun illərdir qonşuluq münasibətlərində prinsipial mövqe tutaraq regionda sabitliyin və qarşılıqlı hörmətin tərəfdarı olub. Azərbaycan ərazisi heç vaxt İrana və ümumiyyətlə heç bir ölkəyə qarşı təhlükə mənbəyi olmayıb.
Buna baxmayaraq, rəsmi Bakının bütün humanist və diplomatik addımlarına qarşı belə bir hücumun baş verməsi ciddi suallar doğurur. Azərbaycan Prezidenti İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verib, səfirliyi ziyarət edib, ölkəmizin İrana humanitar yardım göndərməsi də gündəmdə olub. Ziyarətdən 24 saat keçmədən molla rejiminin mülki obyekti – vətəndaşların istifadə etdiyi hava limanını hədəfə alınması Azərbaycan dövlət başçısının siyasi mədəniyyətinə qarşı riyakar və xəyanətkar cavab idi.
Belə bir addım yalnız nankorluq deyil, həm də dinc əhaliyə və mülki infrastruktura qarşı terror aktı kimi qiymətləndirilməlidir. Mülki infrastruktura qarşı PUA hücumu təşkil etmək nə hərbi gücün, nə də siyasi qətiyyətin göstəricisidir. Bu, sadəcə acizlik və qorxaqlıq əlamətidir.
Tarix isə göstərir ki, Azərbaycana qarşı hücum edənlər həmişə peşman olublar. Bu gün belə bir addım atan İran hakimiyyəti də gec-tez bu qorxaq və düşünülməmiş addımın nəticələri ilə üzləşəcək.