Xarici işlər naziri Ceyhun Bayramovun İctimai Televiziyanın efirində yayımlanan "Təmas xətti" verilişinə müsahibəsində 44 günlük müharibə ilə bağlı açıqlaması sosial şəbəkələrin trendinə çevrilib.
Bakupost.az xəbər verir ki, nazir müsahibəsində Türkiyənin 44 günlük müharibə dövründəki bir jestini ilk dəfə ictimaiyyətə açıqladığını bildirib.
O qeyd edib ki, həmin dövrdə Türkiyə sözdə deyil, əməldə qardaşlıq nümunəsi sərgiləyib.
"Azərbaycan ictimaiyyəti bunu bilmir. Mən bunu açıq şəkildə qeyd eləməmişəm. Həmin günlər ərzində Ankaradan Türkiyənin bütün səfirliklərinə gedən bir mesaj var idi: "Ankaradan Türkiyənin bütün xarici səfirliklərinə gələn təlimat Bakıdan gələn təlimatla eyni qüvvəyə malikdir. Yəni bu mesaj o demək idi ki, Bakıdan nə təlimat gəlirsə, yoxlamadan həmin təlimatları yerinə yetirməlisiniz. Təbii ki, dövlət qaydaları, diplomatik etiketə görə biz bunu etmir, Türkiyədəki heç bir səfirliyə birbaşa müraciət ünvanlamırdıq. Sözümüz olanda Türkiyə XİN ilə əlaqə saxlayırdıq. Ancaq bu mesajın verilməsi həqiqətən də dünya diplomatiyasında görülməyən bir fakt idi. Və bu, sözdə deyil, əməldə əsl qardaşlığın təzahürü idi".
Asena,
BakuPost