"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Belə ki, 1 barel neftin dünya bazarındakı qiyməti 1,45 ABŞ dolları və ya 2,05 faiz azalaraq 69,14 dolları təşkil edib. Halbuki, Azərbaycanın builki dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Bəs qiymətlərin enməsi dövlət büdcəsi üçün problem yarada bilərmi?
Məsələ ilə bağlı neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev
Bakupost.az-a açıqlamasında bildirib ki, hazırkı şəraitdə neft qiymətlərində ciddi azalma gözlənilmir:
“İndiki bazar şərtləri daxilində neftin qiymətinin 67-68 dollardan aşağı düşməsi ümumiyyətlə, mümkün deyil. Çünki Rusiyanın beynəlxalq ixrac qabiliyyətinə çox ciddi məhdudiyyətlər qoyulub. Rusiyanın neft-qaz ixracı təhdidlər altındadır. Ona görə də dünya bazarında tələbatdan artıq neft həcmlərinin formalaşması indiki bazar şərtləri daxilində faktiki mümkün deyil. Bu səbəbdən də neft qiymətlərinin kəskin aşağı düşməsi gözlənilmir.
Ekspert bildirib ki, Azərbaycan nefti həmişə Brent etalon markalı neftə nisbətən baha satılır:
“Əgər bu gün, deyək ki, kotirovka qiyməti 67-68 dollardırsa, bu o demək deyil ki, Azərbaycan nefti 67 və ya 68 dollar/barel hesabı ilə satılır. Satış proqramlarına nəzər yetirsək, görərik ki, Azərbaycan nefti Brent etalon neftə nisbətdə həmişə 2 dollar 50 sent, bəzən isə bazar şərtlərindən asılı olaraq, 3 və ya 4 dollar mükafatla satılıb. Ona görə də Azərbaycan neftinin 70 dollardan aşağı qiymətə satılması ehtimalı demək olar ki, mümkün deyil. Doğrudur, iyul ayının axırı və avqust ayının əvvəlində Azərbaycan neftinin satışında premiyanın səviyyəsi aşağı düşdü. Bu da yaxınlarda Ceyhan limanından yüklənən Azərbaycan neftinin tərkibində xlor üzvü birləşmələrin faizinin normadan bir qədər yüksək olması ilə bağlıdır. Amma növbəti satış bazarlarında düşünürəm ki, Azərbaycan neftinin satış qiyməti yenə də Brent etalon markalı neftin qiymətindən yüksək olacaq.”
Zəfər Vəliyevin fikrincə, neftin qiymətinin kəskin aşağı düşməsi ehtimalı olmadığı üçün Azərbaycanın büdcə problemi də olmayacaq:
“Hesab edirəm ki, ilin sonuna kimi 70 dollar baza qiymətində ciddi bir dəyişiklik baş verməyəcək və buna da ehtiyac olmayacaq. Çünki Rusiyaya tətbiq edilən sanksiyaların sərtləşməsi fonunda bazarda tələb-təklif balansında dəyişiklik olacaq. Yəni tələbat qarşılığında neft həcmləri daha az olacaq. Bu baxımdan bazarda tələbatdan artıq neft həcmlərinin formalaşması mümkün deyil. Bu da neft qiymətlərində müəyyən artımlara səbəb olacaq. Nəticə etibarilə, Azərbaycan büdcəsində də hər hansı bir dəyişikliyin olması gözlənilmir”.
Lalə Novruz,
BakuPost