Ru
17:59 / 03 Aprel 2026

Nizami Kino Mərkəzinin divarına qrafit çəkmək vandalizmdir

Nizami Kino Mərkəzinin divarına qrafit çəkmək vandalizmdir
Eye

Nizami Kino Mərkəzinin divarına bəzi məsuliyyətsiz gənclər tərəfindən qrafit çəkilməsi cəmiyyətdə geniş etiraza səbəb olub.

İctimaiyyət bu hərəkəti paytaxtın mədəni-tarixi əhəmiyyətli abidələrinə qarşı vandal hərəkəti kimi dəyərləndirir.

Onların fikrincə, baş vermis hadisə sadəcə “divara rəsm çəkmək” deyil, paytaxtın mərkəzində yerləşən mədəni-tarixi əhəmiyyətli binaya qarşı vandallıqdır. Bu sayaq addımlarla əslində binaların divarları pis hala salınır, şəhərin ümumi görünüş və arxitekturasına ciddi zərbə vurulur. Nəticədə də şəhərin gözəlliyi, təmizliyi pozulur. Digər tərəfdən, qrafiti mədəniyyəti Bakıya və Azərbaycana xas deyil. Azərbaycanda, xüsusilə Bakıda belə “mədəniyyət” yad və qəbuledilməzdir.

Əməkdar memar Ədalət Məmmədov Bakupost.az-a bildirib ki, şəhərin tarixi-mədəni binaları və abidələrinə qarşı belə hərəkətlər qəbuledilməzdir:

“Bunu edənlər adi kənd divarı ilə tarixi abidənin divarlarını fərqləndirə bilmirlər. İnsan axınının sıx olduğu məkanda abidəyə nə gəldi yazmaq doğru yanaşma deyil. Bu əməl heç bir ədəb-tərbiyyə kodeksinə, mentalitetimizə uyğun gəlmir. Özünü azərbaycanlı hesab edən belə bir işə əl atmaz”.

Memarın sözlərinə görə, belə əməlləri “söz azadlığı” kimi qələmə vermək doğru deyil:
“Bu şəxslər xaricdə divara nə gəldi yazıldığını görüb, elə başa düşürlər ki, bunlar “söz azadlığı”dır. Tarixi abidənin divarına nə gəldi çəkmək və ya yazmaq söz azadlığı hesab edilə bilməz. Bu tərbiyyəsizlikdir. 46 ildir ki, tarixi abidələrin bərpası ilə məşğulam. Abidələrə yaxınlaşanda divarı zədələməmək üçün ona ehtiyatla yanaşırıq. Nizami Kino Mərkəzi kimi möhtəşəm əsərlərə qarşı bu cür addımlar yolverilməzdir”.

Həmsöhbətimiz deyir ki, qrafit işləri heç bir halda yaradıcılıq məhsulu sayıla bilməz:

“Bu əslində dağıdıcılığa hesablanmış barbar əməlidir. Qrafit işlər üçün xüsusi sahələr ayrılır. Bu işlə məşğul olanlar həmin ərazilərdə nə istəsə edə bilərlər. Divarı bu hala salanlar əlinə əski və “şotka” alaraq divarı təmizləməlidirlər. Onlar üçün ən böyük cəza budur”.

Memar belə halların baş verməsində internetin də müəyyən dərəcədə rol oynadığı qənaətindədir:

“İnternet bir tərəfdən inkişafa xidmət etsə də, digər tərəfdən, təəssüf ki, pis vərdişlərin də ayaq açmasına şərait yaradır. Ölkəmizdə bunlar qəbuledilməzdir”.

Müsahibimiz hesab edir ki, gənclərimizin bu yola düşməsində müəyyən dərəcədə valideynlər də günahkardır:

“Onlar övladlarını kiçik yaşlarından dəyərlərimizə hörmət ruhunda böyütməlidirlər. Təəssüf ki, bir çox hallarda bunun əksini müşahidə etməkdəyik”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar