“Bu gün səhərə yaxın vəfat etdi... Başımız sağ olsun”.
Bakı Sağlamlıq Mərkəzinin rəhbəri Asiman müəllimin telefondakı kədərli sözləri və yorğun səsi Nuranini həyatda saxlamaq üçün əlindən gələn hər şeyi etmiş kollektivin - həkim, tibb bacısı, reanimotolq və müəssisənin başqa işçilərinin - hər kəsin hissini, artıq heydən düşmüş halını əks etdirirdi. Avqustun bu gününə keçə bilmədi Nurani… Həmişə hər kəsə doğrunu çatdıran Nuranimiz özünü aldatdı…
Uzun müddət. Xəstəliyini gizlətdi. Əvvəl anası istəmişdi ki qızı, sevimli Tofiqəxanımı - xərçəngə tutulduğunu bilməsin. Sonra da Nurani özü inanmaq istəmişdi ki, sadəcə qostritdən əziyyət çəkir. Mədəsini aldatmışdı. Xərçəngə tutulduğunu ona sonadək demədilər. Nurani xərçəng olduğunu bilmədi. Gözlərinin bulağınadək saralmış, arıqlamış, üzündəki növbətçi təbəssümündən yalnız zərif qırışlar qalan Nuraninin uzun fasilədən sonra qida qəbul etməsi xəbərindən uşaq kimi sevinən Asiman müəllimlə hər dəfə ehtiyatla danışdığımı indi də ehmallıca xatırlayıram.
Yaymırdıq. Danışmırdıq. Sanki gözə gələcəyindən qorxurduq. Elə bil möcüzəyə inanırdıq. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın vəziyyəti sonadək nəzarətdə saxladığını bilirdik. Ümidsiz olsaq da, ümid yerinə inanırdıq. Hamılıqla çalışırdıq ki, kiçik işartılardan belə muğayat olaq, “bu gün bir neçə damcı qəbul etdi”dən hədsiz bəxtəvər olurduq, amma susurduq, xəbərdən “xəbər” düzəldən "psevdopeşəkar"lara yem verməmək üçün susurduq. Çünki son zamanlar xəstəxana, müalicə, reanimasiya xəbərləri yayılmış bir çox məşhurlarımızın ömrünün axır çağlarını məhz elə bəzi “müxbirlər” burnundan gətirmiş, onları ömürlərinə də, ölümlərinə də peşiman etmişdilər…Son dəfə Nurani ilə Bakının Əsas Parkında - Dənizkənarı Bulvarda görüşmüşdük. Əvvəllər ata-anası, sonra anası, axır vaxtlar isə tək addımladığı yerdə. Boynunu azacıq aşağı əyərək yeriyirdi…
Mən gördüm.
Salamlaşdım.
Vəziyyəti ilə maraqlandım. “Nurani” imzasının həyatımızda azaldığından məyus olduğumu dedim. Güldü. Dedi ki, “vse budet”.
Zarafatla bunu da söylədi: “Məni Real-a çıxardanda danışaram. Amma canlıda. Zapisdə yox. Doqovorilis?”.
Razılaşdıq…
Bu gün son mənzilə yola düşdü Nurani. Onun son səfərini Real TV-də canlı verdik. Özü istədiyi kimi. Birbaşa… Azərbaycanın print mediasının məndən ötrü ən böyük simalarından biri, çap mətbuatımızın şəriksiz ən güclü qadın qələmi bizimlə deyil artıq.
Mətbuatımız Nuranini yaşadacaqmı? Burası vacib deyil. Nurani mətbuatımızı yaşadacaq, imzası, yazıları ilə; vacib olanı budur. Əməkdar Jurnalist Nuraninin irsi qalacaq. Övladları yazıları olan Ana Nuranimiz!
Torpaqlarımızın işğaldan azad edilməsinə çox sevinirdi. Düşmənlə mübarizədə onun qələmi çox iş görmüşdü. Əsl müharibə iştirakçısı kimi. O “Minval”a döyüşçü yazılar yazanda içində xərçənglə döyüşməyə vaxtı və həvəsi qalmırdı. Nurani hər yazısı ilə düşmənə qalib gəlir, həm də xərçəngə məğlub olurdu. O bu saat torpağın altındadır. Xərçənglə bir yerdə. O yaşamır.
Xərçəng isə yəqin ki, hələ bir müddət Nuranidən qidalanaraq yaşayacaq. Nurani bunu artıq hiss etməsə də. Mən xərçəngə nifrət edirəm! Əlvida, Nuranimiz! Heç vaxt ölməyəcək, oxunduqca yaşayacaq Həmkarımız! Əziz Nuranimiz! Nur içində yat, bacım! Nurani içində qal, Azərbaycan!
Mir Şahin Ağayev