“Virtual məkanda nifrət nitqi və fəsadları” - VİDEO
178
“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində müxtəliflik mövzusunda yazan jurnalistlər, blogerlər və milli azlıqları təmsil edən icmalar üçün “Virtual məkanda nifrət nitqi və fəsadları” mövzusunda infosessiya keçirilib.
"Bakupost" xəbər verir ki, “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin sədri Niyaz Niftiyev layihənin məqsədinin virtual məkanda milli azlıqlara yönələn ideoloji təxribatların qarşısını almaq, ictimaiyyətin maariflənməsi və mədəni müxtəlifliyin qorunması yolu ilə sabit etnomühiti formalaşdırmaq olduğunu bildirib.
N.Niftiyev qeyd edib ki, layihə çərçivəsində 13 maarifləndirici məqalə, 30-40 dəqiqəlik 13 podkast, 80-dən çox maarifləndirici qısa video, eləcə də milli azlıqların mədəni birlikləri və rəqəmsal resursları ilə bağlı Məlumat Bankı hazırlanıb.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli medianın və jurnalistlərin milli-etnik məsələlərin işıqlandırılmasında məsuliyyətindən danışıb.
O, jurnalistlərin milli, dini və sosial mənsubiyyətə görə ayrı-seçkiliyə yol verməməli, nifrət nitqini təşviq edən və cəmiyyətdə qarşıdurma yarada biləcək ifadələrdən çəkinməli olduğunu vurğulayıb. Sosial şəbəkələrin informasiya mühitinə təsirindən danışan Müşfiq Ələsgərli bu platformalarda yayılan məlumatların qısa müddətdə geniş auditoriyaya çatdığını bildirib.
O, sosial şəbəkələrdə təxribat xarakterli paylaşımların və dezinformasiyanın yayılmasının etnomədəni münasibətlərə mənfi təsir göstərə biləcəyini qeyd edib. Çıxışında süni intellektin yaratdığı yeni informasiya risklərinə də toxunan Müşfiq Ələsgərli bu vasitə ilə əldə edilən məlumatların etibarlı mənbələrlə yoxlanılmasının vacibliyini qeyd edib.
“Dodo” qəzetinin baş redaktoru İradə Məlikova milli kimlik, ana dili, mədəniyyət və adət-ənənələrdən danışıb. Baş redaktor sosial şəbəkələrdə bəzi paylaşımların insanları bir-birinə qarşı qoymağa, ayrı-seçkilik yaratmağa, cəmiyyətdə narazılıq və qarşıdurma formalaşdırmağa xidmət etdiyini bildirib. Onun fikrincə, belə hallarda jurnalistlər və sosial şəbəkə istifadəçiləri daha məsuliyyətli olmalıdırlar. İradə Məlikova hər yazılanı paylaşmağın, hər təxribat xarakterli fikrə cavab verməyin zəruri olmadığını qeyd edib.
“Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədr müavini Emin Xanlarov Azərbaycanda müxtəlif xalqların və etnik icmaların birgə yaşayışından danışıb. O, etnomədəni müxtəlifliyin qorunması və milli birlik mühitinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Emin Xanlarov sosial şəbəkələrin həm müsbət informasiya imkanları yaratdığını, həm də yanlış məlumatların yayılması üçün istifadə olunduğunu diqqətə çatdırıb.
Avar İctimai Birliyinin üzvü, araşdırmaçı Abdulla Xanayev sosial kimlik məsələsinə toxunub. O, cəmiyyətdə “biz” və “onlar” qarşıdurmasının formalaşmasının etnik və sosial münasibətlərə təsir göstərə biləcəyini bildirib. Abdulla Xanayev qeyd edib ki, Azərbaycanda müxtəlif etnik mənsubiyyətlərdən olan insanların vahid dövlət və dövlətçilik kimliyi ətrafında birləşməsi mühüm əhəmiyyət daşıyır. O, həmçinin apardıqları tədqiqatların dezinformasiyanın münaqişələrin yaranmasına və təkrarlanmasına təsir göstərdiyini ortaya qoyduğunu bildirib və media savadlılığının artırılmasının vacibliyini vurğulayıb.
“Diaspor Jurnalistlərinə Dəstək” İctimai Birliyinin sədri Fuad Hüseynzadə çıxışında Azərbaycan diasporunun fəaliyyəti, xaricdə yaşayan azərbaycanlı icmaların informasiya mühitində üzləşdiyi məsələlər və diaspor resurslarının əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin və Azərbaycanla bağlı məlumatların təbliğində rolunu diqqətə çatdırıb. Diaspor mühitində müxtəlif risklərin mövcudluğundan danışan Fuad Hüseynzadə onların informasiya vasitəsilə düzgün təqdim edilməsinin əhəmiyyətini qeyd edib.
Kürd Media Mərkəzinin rəhbəri İbrahim Əliyev sosial şəbəkələrin milli icmaların özlərini cəmiyyətə təqdim etməsi üçün yaratdığı imkanlardan danışıb. O qeyd edib ki, Kürd Media Mərkəzi və digər icma resursları öz xalqları haqqında məlumatların yayılması ilə yanaşı, Azərbaycanda baş verən ictimai-siyasi prosesləri də işıqlandırır. İbrahim Əliyev həmçinin sosial şəbəkələrdə yayılan məlumatların yoxlanılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, virtual məkanda dezinformasiya və yanlış məlumatların sürətlə yayılması milli məsələlər ətrafında yanlış təsəvvürlərin formalaşmasına səbəb ola bilər.
İT mütəxəssisi Bünyad Həbibov sosial şəbəkələrin informasiya yayımındakı sürətindən və bunun yaratdığı risklərdən danışıb. O bildirib ki, sosial şəbəkələr informasiyanı digər media platformaları ilə müqayisədə daha sürətlə auditoriyaya çatdırır, bu isə dezinformasiyanın yayılmasının qarşısının alınmasını çətinləşdirir.
Tədbirdə “milli azlıq”, “etnik qrup”, “azsaylı xalq”, “mədəni müxtəliflik”, “multikulturalizm” və “tolerantlıq” kimi anlayışların düzgün istifadəsi məsələsi də müzakirə olunub. Qeyd edilib ki, milli və etnik məsələlərə dair materiallarda terminologiyanın düzgün seçilməsi həm peşəkar yanaşma, həm də müxtəlif icmaların həssaslıqlarının nəzərə alınması baxımından vacibdir.
Müzakirələr zamanı sosial şəbəkələrdə təhlükəsizlik məsələlərinə də diqqət yetirilib. İştirakçılar şəxsi məlumatların qorunmasının, şübhəli keçidlərdən istifadə edilməməsinin və kibertəhlükələrə qarşı maarifləndirmənin artırılmasının vacibliyini qeyd ediblər.