Ru
19:08 / 20 Fevral 2026

Ölkəmizdə balıq ehtiyatları tükənir: Çaylar və kollektorlar kimlərə satılıb? – SENSASİON iddialar - VİDEO

Ölkəmizdə balıq ehtiyatları tükənir: Çaylar və kollektorlar kimlərə satılıb? – SENSASİON iddialar - VİDEO
Eye

Son günlər balıq bazarında qiymətlərdə kəskin artım müşahidə olunur.

Xüsusilə xaricdən idxal olunan balıqların qiymətində son bir həftə ərzində hər kiloqram üzrə 1-2 manat artım qeydə alınıb. Hazırda balıq məhsulları əsasən İran, Rusiya və Türkiyədən idxal olunur.

Satıcıların sözlərinə görə, əvvəllər 33-34 manata satılan ağ balıq hazırda 36-37 manata təklif olunur. Levrək 20, çupra 18, forel isə 12-13 manata satılır. Xaricdən gətirilən forellərdə də təxminən 1 manat artım müşahidə edilir. İran mənşəli forel və suprada da qiymət artımı qeydə alınıb.

Bəs son günlər balıq bazarında qiymətlərin kəskin artmasının səbəbləri nələrdir? Növbəti aylarda balıq qiymətlərində artımın davam etməsi gözlənilirmi?

Mövzu ilə bağlı Bakupost.az -a danışan Azərbaycan Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev bildirdi ki, qiymət artımının səbəbi yanvar ayından mart ayının sonları, aprel ayına qədər Azərbaycanda və bir çox ölkələrdə ən çox tükənən məhsullardan birinin balıq olmasıdır:


“Balıq çox yeyilir, restoranlarda geniş istifadə olunur və qiymətlərin artmasında bunun da rolu var. Qiymət artımı daxili bazarda olan yerli məhsullarda daha çox müşahidə olunur. Çünki Xəzər və daxili su hövzələrimizin balığı daxili bazarın, deyərdim ki, heç 2-3 faizini əhatə etmir. Ona görə də idxala üz tuturuq və tələbat çox olduğu üçün balıq gətirilən ölkələrin yerli bazarlarında da bu dövrdə qiymət artımı baş verir. Mart ayında qiymətlərin bir daha kəskin şəkildə artacağı gözlənilir. Çünki Azərbaycanda mart ayı əsasən bayramların olduğu aydır və bu dövrdə, xüsusilə cənub zonasında süfrələrdə ən çox istifadə olunan məhsullardan biri balıqdır. Bütün bunlar balığın qiymətinin yenidən artmasına təsir edəcək”.

Əfqan Əliyevin sözlərinə görə, əsas problemlərdən biri də ölkənin daxili su hövzələrinin lazımi səviyyədə qorunmamasıdır:

“Bu hövzələrə daxil olan kollektorların və çayların qorunmaması çox böyük itkilərə səbəb olur. Çünki həmin kollektorlar və çaylar, xüsusilə cənub zonasında balığın miqrasiya yollarıdır. Balıqlar bu çaylar vasitəsilə kanallara, kollektorlara daxil olur və həmin yerlərdə kürü verir. Lakin bu ərazilər 20 ildən artıqdır ki, satılıb. Halbuki mart ayından aprel ayının sonlarına, maksimum may ayının ortalarına qədər balıqların kürü vermə prosesi başa çatır. Azərbaycanda isə təəssüf ki, kürüvermə dövrü ilə bağlı qadağa yalnız may ayında başlayır və sentyabr ayına qədər davam edir. Bu isə absurddur. Çünki bu səbəbdən su hövzələrimizdə balıq ehtiyatları 90 faiz azalıb. Bu rəsmi məlumatdır. Nəticədə yerli məhsullar Azərbaycan bazarının cəmi 1-2 faizini əhatə edir və biz idxaldan asılı vəziyyətə düşürük. İdxal olunan balıqların qiyməti də mövsümə görə dəyişir. Adətən aprel ayından etibarən qiymətlərdə müəyyən enmə müşahidə olunur”.

Ə.Əliyev bildirdi ki, son illər daxili su hövzələrimizdə balıq ehtiyatları azaldıqca idxal olunan balıqların qiymətində ümumi artım müşahidə edilir və bu proses bir müddət davam edəcək:

“2025-ci ildə balıqçılıq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Ümid edirik ki, bundan sonra bu sahəyə vicdanlı mütəxəssislər cəlb olunacaq, su hövzələrinin qorunması istiqamətində ciddi addımlar atılacaq və sənaye balıqçılığına daha çox diqqət ayrılacaq”.

Ə.Əliyev qeyd etdi ki, hazırda qiymətlərin düşəcəyini demək mümkün deyil:

“Şəxsən Azərbaycan Balıqçılar İttifaqının rəhbəri olaraq bildirirəm ki, artıq 12 ildir bu sahəni diqqətlə izləyirəm, monitorinqlər aparırıq, reydlərdə iştirak edirik. Qeyri-dövlət təşkilatı olaraq su hövzələrimizə yüz minlərlə balıq buraxmışıq. Düzdür, bu fəaliyyətə lazımi qiymət verilməyib, lakin biz yenə də işimizi davam etdiririk”.

İttifaq rəhbəri vurğuladı ki, daxili su hövzələrimizdə aidiyyəti qurumların əli olmaqla tok aparatlarından istifadə edilərək balıqların kürüvermə dövründə qanunsuz ov aparılır:

“Tok aparatları ilə ov, qanunsuz balıqçılıq və Xəzər dənizindən daxili su hövzələrinə birləşən çayların qarşısının alınması balıq populyasiyasına ciddi zərbə vurur. Halbuki bu çaylar balıq populyasiyasının qorunması və artırılması üçün həyati əhəmiyyət daşıyır”.

Əfqan Əliyev əlavə etdi ki, idxal olunan dəniz məhsullarında qiymət artımının əsas səbəblərindən biri də logistika xərclərinin artmasıdır:

“Daşınma xərcləri hər il artır və bu da daxili bazarda balıq və digər dəniz məhsullarının qiymətinə təsir edir. İrandan idxal olunan balıqlar da bahalaşıb. Ümumilikdə İrandan gətirilən məhsullarda təxminən 10-15 faiz qiymət artımı müşahidə olunur ki, bu da əsasən logistika xərcləri ilə bağlıdır.

" target="_blank">

Bura Neftçala rayonunda, Kür çayının Xəzərə birləşən hissəsidir. Balıq Xəzərdən bu çaylara daxil olmalıdır. Lakin hazırda bəzi yerlərdə bu yollar bağlanıb və balığın təbii miqrasiyası mümkün deyil. Bu əsl qətliamdır.

Bir neçə yerdə – Şirvan kanalı, Mil-Muğan kollektoru, Qızılağac qoruğu və Lənkəran çayı kimi ərazilərdə vəziyyət eynidir.

Ümumilikdə Azərbaycanda bu sahədə ciddi və sistemli tədbirlərin görülməsinə ehtiyac var”.

Lalə Novruz, BakuPost

" target="_blank">

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar