Bəzi insanlar gələcəkdə yenidən həyata qaytarılmaq ümidi ilə öldükdən sonra bədənlərini -196°C temperaturda saxlatdırırlar.
“Bakupost” xəbər verir ki, Avstraliyadakı Southern Cryonics müəssisəsində hazırda 7 nəfərin cəsədi maye azotla dolu tanklarda qorunur. Ölümündən sonra bədənlər hüceyrələrin zədələnməsini azaltmaq üçün xüsusi kimyəvi maddələrlə işlənir və daha sonra tanklara yerləşdirilir.
Bu prosedurun ilkin mərhələsi təxminən 60 min dollara başa gəlir. Bədənin müddətsiz saxlanılması üçün əlavə 150 min dollar ödənilir.
Lakin mütəxəssislər insan bədəninin dondurulduqdan sonra yenidən həyata qaytarılmasını mümkün edən texnologiyanın hazırda mövcud olmadığını bildirirlər.
Müəssisənin rəhbəri Philip Rhoades isə yaxşı qorunmuş bədənlərin 2080-ci il ətrafında yenidən həyata qaytarıla biləcəyini düşünür.
Vüsalə Hüseynova,
BakuPost