Oyanan nəhəng, sındırılan çərçivə, “siz robot deyilsiniz...” – AzTV-dən REPORTAJ

  • 08 İyl 2019 20:04
  • 1412 Baxış
Oyanan nəhəng, sındırılan çərçivə, “siz robot deyilsiniz...” –  AzTV-dən REPORTAJ
Bilmirəm, siz də müşahidə etmisiniz, ya yox, ancaq son vaxtlara qədər mənə elə gəlirdi ki, AzTV-də SSRİ təzəlikcə dağılıb. Hətta bu yaxında məni söz azadlığı ilə bağlı bir verilişə dəvət edəndə lap təəccübləndim. Zəng edən xanıma telefonda bildirməsəm də "AzTV və söz azadlığı” sözləri məndə qəribə təbəssüm yaratmışdı. Üstəlik, bundan sonra dostlarım Şərif Ağayar və Qismətin iştirak etdikləri verilişdə "postmodernizm” sözünü eşitməyim məni ikiqat heyrətləndirdi. Bu nə təbəddülat, ya haqq! Olmaya bildiyimiz AzTV gedib, yerinə təzəsi gəlib?



Zarafat bir qırağa, Azərbaycan kanallarının bozluğundan şəxsən bəndənizi çox vaxt elə AzTV-nin "ötən əsrin ətəyindən tutub da fırlanan” nimdaş verilişləri xilas edib. Köhnə də olsa, bilirdik ki, peşəkarcasına çəkilib. Ancaq bu da son beş-altı aya qədər belə idi. Artıq onlar da yoxdur. Və AzTV qoca bir div kimi silkinib yeni bir havaya, nəfəsə bürünüb; rəhbərlik dəyişib, yeni-yeni verilişlər yaranıb, efir siyasəti təzələnib... Biz də bu dəyişimin, yeniliklərin izləri ilə burdayıq, çoxlarının sözün müstəqim mənasında məbəd hesab etdiyi "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində.

 

Beləliklə... Diqqət, efirdəyik.


***



Düşünürəm ki, yolumuzu əvvəlcə mənə "bir köynək” yaxın olan "Azərbaycantelefim” Yaradıcılıq Birliyindən salsaq yaxşıdır. Xatirinizdədirsə, AzTV-dəki dəyişikliklərdən sonra ilk təyinatlardan biri də qocaman rejissor Ramiz Həsənoğlunun bura direktor keçməsi olmuşdu. Xəbər Feysbukda da sevinclə qarşılandı, çoxları Ramiz Həsənoğlunun "Azərbaycantelefim”ə gəlişini ikiəlli dəstəklədi. Bəs görəsən tamaşaçılar yenidən AzTV-də "Topal Teymur”, "Günahsız Abdulla”, "Ac hərflər”, "Yaşıl eynəkli adam” dadında televiziya tamaşaları görə biləcəklərmi? Ramiz müəllim nikbindir, tamaşaçıları əmin etməyə çalışır, deyəsən masanın üzərindəki ssenarilər də bu nikbinlikdən xəbər verir: "Yeni rəhbərlik qarşımıza belə bir öhdəlik qoydu ki, bədii quruluşlara daha çox əhəmiyyət verək. Hər dəfə Rövşən müəllimlə (Rövşən Məmmədov – M.A.) görüşəndə deyir: "Əlbəttə, ictimai-siyasi verilişlər vacibdir, ancaq unutmamalıyıq ki, tamaşaçı bizdən yeni bədii quruluşlar gözləyir”. Buna görə də "Telefilm”in istiqamətində də müəyyən dəyişiklər etməli olduq”.



Yaradıcılıq birliyində artıq ilk tele-tamaşanın çəkilişləri yekunlaşıb, yaxın günlərdə montaja təqdim olunacaq: "Dörd il əvvəl Yuğ teatrında Pərvinin "Sonuncu” adlı pyesini səhnələşdirmişdim. O tamaşaya baxandan sonra çox adam mənə dedi ki, bunu mütləq ekranlaşdır, çünki sənət adamının dramatik həyatı hər zaman maraqlı olur. Mən də düşündüm ki, məqamdır. Beləliklə, Yuğ Teatrının səhnəsində kameraları quraşdırıb, çəkilişlərə başladıq”.



"Azərbaycantelefilm” Nəsiminin 650 illiyinə də töhfə verməyə hazırlaşır: "1974-cü ildə Rəsul Rzanın "Son gecə” adlı poeması əsasında eyniadlı tele-tamaşa hazırlamışdım. Nəsimi rolunda da Hamlet Xanızadə oynayırdı. Nəsimi ilk dəfə o tamaşa ilə ekranlara gəlmişdi. Fikirləşdim ki, bu əsəri həmkarım Nazim Məmmədovla yenidən işləyək. Artıq kastinqlər bitib, Nəsimi rolunda bu dəfə Elşən Rüstəmov, keşikçi rolunda isə Vidadi Əliyev oynayacaq”.



"Son gecə”nin çəkilişləri iyulun 15-dən Şirvanşahlar Saray kompleksində baş tutacaq.



Ramiz müəllim serial çəkmək arzusunda olduğunu da inkar etmir: "İmkan olsa, Anarın "Ağ Liman”ı, "Əlaqə”, "Macal”, "Gürcü familiyası”, "Beş mərtəbəli evin altıncı mərtəbəsi” və başqa əsərlərini birləşdirib, vahid serial şəklində çəkərdim. Hadisələri bizim dövrümüzə də gətirmək olar. Görüm də. Bunlar hələ arzulardır...”



Yenə Təhminə, yenə də Anar... Deyəsən, Anar bizim nəslin taleyinə yazılıb, hara gediriksə qarşımıza çıxır. Neynək... "Azərbaycantelefilm”ə yaradıcılıq uğurları arzulayıb, Xəbərlər İnformasiya Proqramları Studiyasına yollanırıq. Burda bizi kim qarşılasa yaxşıdır? "GünEllə səyahət” verilişinin aparıcısı Günel Habilqızı. Günel xanım xahiş edir:



- "E” böyük hərflə yazılsın.



- Niyə?



- Günel mənim, Elbrus rejissorumuzun adıdır. Bu, ikimizin layihəsi olduğuna görə, adlarımızı birləşdirmişik.



AzTV-də bu vaxta qədər səyahət verilişləri olmayıb. Günel bu verilişin yaranma ideyasından danışır:



- Xəbərlər üçün Lahıca getmişdik. Beş dəqiqəlik süjet hazırladıq. Bu süjetdən sonra səyahət verilişi yaratmaq ideyası yarandı - Sevinə-sevinə bildirir - Xınalıqla başladıq, artıq Zaqataladan 15-ci verilişimizi edirik – və gülür.



Günel iddialıdır:



- Bizim səyahət verilişi başqalarından fərqlənir.



- Nəyi ilə?



- Əvvəla, şit deyil, ikincisi, "GünEllə səyahət”də sponsor yoxdur. Biz sırf turistlərin gedə biləcəkləri yerləri çəkib təqdim edirik. Sonra bizdən soruşurlar ki, o yer haradır, ora necə gedək? Məsələn, biz Qaxda bir hamama getdik. Oranı heç çoxları bilmir. Səhər tezdən yollandıq, çay keçdik, piyada getdik, günortaya çatdıq. Bizə hətta dedilər ki, yol çətindir, getməyin, amma biz getdik. Ondan sonra özümüzə deyirik ki, biz odda yanmaz, suda batmazlarıq – gülür.



Günel xanımla sağollaşıb, keçək İnformasiya Proqramları Studiyalarının baş direktoru Mehriban Məmmədova ilə söhbətə. Qoy, burada aparılan yeniliklər barədə özü məlumat versin: "Gün ərzində 13 xəbər buraxılışımız olur. Onların hər biri efirə canlı gedir. Bundan başqa, hadisə yerindən canlı bağlantılar təqdim edirik. Əvvəllər canlı bağlantılarımız bu qədər deyildi. Xəbərlərimizin də sayı artıb, faktiki saat 17-yə qədər hər iki saatdan bir, saat 17-dən sonra isə hər saatdan bir "Xəbərlər”i təqdim edirik. Bundan başqa, vacib məsələlər olanda canlı yayımla veririk. Canlı yayımlar Feysbuk üzərindən də olur və biz Feysbukdan verilən sualları cavablandırırıq. Əvvəllər AzTV-də belə şeylər olmurdu”.



Mehriban xanımın sözlərinə görə hər zaman operativliyi qorumağa çalışırlar: "İkinci sosial paketlə bağlı ilk sərəncam 19:30-da verildi, biz artıq "Xəbərlər”in 20:00 buraxılışında Vüsal Qasımlını (İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru - M.A.) dəvət etmişdik. Onun vasitəsi ilə tamaşaçı bu paketin nəyə xidmət elədiyini bizdən öyrəndi”.



İnformasiya Proqramları Studiyalarında yeniliklərdən biri də Xüsusi Reportyor Qrupunun yaradılmasıdır. Qrupun fəaliyyəti müxtəlif mövzuları seçib araşdırmaqdan ibarətdir. "Bizim digər müxbirlərdən fərqimiz ondan ibarətdir ki, mövzuları özümüz tapıb araşdırırıq. Hazırda 7 nəfər əməkdaşımız var. İstəyirik ki, gələcəkdə redaksiyadakı bütün müxbirlər bu qrupa daxil olsun” - bunu reportyorlar qrupunun gənc üzvü Tural Qurbanov deyir.



İnformasiya Proqramları Studiyalarının digər bir gənc əməkdaşı isə Səmayə Quliyevadır. Səmayə xanım əvvəllər reportyor kimi çalışıb, mart ayından isə həm də "Xəbərlər”in aparıcısı keçib:



- Çalışırıq ki, səhvlərimiz olmasın, amma səhvlərimiz olanda da Rövşən müəllim vurğulayır ki, siz robot deyilsiniz, səhv edə bilərsiniz.



- Rəhbərliyin işçilərə münasibəti necədir?



- Rövşən müəllim mükəmməl adamdır, doğrudan, o bizi başa düşür. Çünki Rövşən müəllim də müxbir olub, veriliş aparıb.



Səmayə xanım AzTV-nin adlı-sanlı diktorlarından, aparıcılarından öyrəndiklərini də vurğulayır. Elə fürsət düşmüşkən, biz də Azərbaycan Televiziyasının simalarından biri sayılan Dilarə Səlimə yaxınlaşırıq. Dilarə xanım hazırda "Mədəniyyət xəbərləri redaksiyası”nın baş redaktorudur:



- Azərbaycan Televiziyası ana televiziya olduğu üçün burda klassik ənənələr qorunur. Eyni zamanda, müasir televiziyaya nə tələb olunursa, onları da artıq yeni verilişlərdə, yeni üslubla təqdim edirik. Tamaşaçıları ekran qarşısında saxlamaq üçün müasir həyatın ab-havası televiziyada da əksini tapmalıdır.



- Xalq arasında belə bir fikir vardı ki, AzTV-yə ancaq qocalar baxır. Necə düşünürsünüz, həmin stereotipi dağıda bilmisiniz?



- Dəyişikliklərdən sonra fikir versəniz, görərsiniz ki, bizim gənclərə ünvanlanmış nə qədər yeni verilişlərimiz var: "Nəsillərin debatı”, "Gənclik stansiyası” və sair. Nə qədər yeni aparıcılar, gənclər televiziyaya gəlib. Azərbaycan Televiziyasında Televiziya Akademiyası var. Əgər əvvəllər akademiya aktiv fəaliyyət göstərmirdisə, dəyişikliklərlə bərabər oranın özündə də yeniliklər olub. Bu yaxında məzunlarımızı təqdim etdik. Onların əksəriyyəti indi burada çalışırlar. Bu özü böyük bir addım, yenilikdir, tamamilə dəyişiklik deməkdir.



Dilarə Səlim onu da vurğulayır ki, əgər əvvəllər AzTV-də mövzu məhdudiyyəti var idisə, artıq belə bir məhdudiyyət götürülüb. Bu da zamanla ayaqlaşma ilə əlaqədardır.



Etiraf edim: "Əsas məsələ” verilişinin aparıcısı Rüfət Həmzəyev haqqında mənə əvvəldən deyilmişdi ki, ölkənin ən intellektual aparıcılarından biridir. Doğrusu, masasındakı kitablar da mənə əyani sübut kimi göründü. Təəssüf ki, kitabların adını çəkməməyi xahiş edir. Biz də onun təvazökarlığına hörmətlə yanaşmağı özümüzə borc bilirik: "Əsas məsələ” hazırda AzTV-nin ən əsas ictimai-siyasi tok-şoularından biridir. Rəhbərlik dəyişiləndən sonra bu verilişin də formatında müəyyən dəyişikliklər edilib. Artıq verilişin bəy və xanım olmaqla iki aparıcısı var. Opponentlərin olması artıq AzTV üçün bir yenilikdir. Bundan başqa, auditoriyanın müzakirələrdə aktiv iştirakı da yenilikdir”.



Rüfət bəyin sözlərinə görə, auditoriya bir çox kanallarda olduğu kimi sadəcə "massovka” xatirinə, əl çalmaq üçün təşkil edilmir: "AzTV-nin rəsmi internet səhifəsi açılandan sonra Feysbukdan tamaşaçılar bizə yazır, verilişlərdə iştirak etmək istədiklərini bildirirlər. Biz də onların istəklərini həyata keçirməyə çalışırıq. Elə bil ki, ictimaiyyətlə televiziya arasında daha sıx əlaqə yaranıb. Biz sosiumdan gələn tələbləri, istəkləri efirdə müzakirə edirik. Çünki problemlər müzakirə olunmasa, onlara cavab tapılmaz”.



Nə yalan deyim, müsahibələrdən bir qədər yorulmuşam. Yaxşı ki, bu dəm bizim Ülviyyə Heydərovanı görürəm. Qələm dostum "Xəbərlər” verilişi və "Mədəniyyət” kanalı üçün süjetlər hazırlayır. Nəfəs dərmək adıyla masasına yaxınlaşıram.



- Ülviyyə, işdə hekayə yazırsan? – provokativ sual.



- Yazıram, amma onu qeyd etmə də. Yaxşı çıxmaz.



Söz verirəm və gördüyünüz kimi sözümü tuturam.



"İş yormur ki?” – soruşuram.




Ülviyyə deyir ki, mədəniyyətdən yazmaq ona xoşdur, buna görə də yorulmur. "Dilarə Səlim bura keçəndən sonra isə hər gün işə tələsirəm. Dilarə xanım mənə stimul verir”. – Bunu da Ülviyyə deyir.



- Bu gəmilər nədir? - Monitorun qırağına qoyulmuş kağız fiqurları soruşuram:



- Bura mənim ağ limanımdır – gülür.



- Əl çəkin, canım, bu "Ağ liman” eşqindən. Bayaq Ramiz Həsənoğlu, indi də sən... - Guya ciddiləşirəm.



- Yaxşı, yaxşı hirslənmə, ağ olmasın, qırmızı liman olsun, - o da guya məni sakitləşdirməyə çalışır.



Süjetləri ilə mədəniyyətimizə mayak tutmağa çalışan Ülviyyəni qırmızı gəmiləri ilə baş-başa qoyub, xəbərlər redaksiyasından çıxmağa hazırlaşırıq ki, bu dəm "İqtisadiyyat xəbərləri” blokunun əməkdaşları qabağımızı kəsirlər:



- Biz də danışmaq istəyirik.



- Hansı əsasla? – Zarafata salıram.



- Çünki şüarımız var: "Əsas ürək və niyyət təmiz olsun, qalanları düzələcək”.



"İqtisadiyyat xəbərləri” blokunun bu nikbin şüarı xoşuma gəlir deyə, mikrofonu onlara sarı tuşlayıram: "Bizim iqtisadiyyat xəbərlərinin başqa kanallardakı iqtidasiyyat verilişlərindən fərqi odur ki, heç bir qurumu reklam etmirik, ona görə də obyektiv, balanslaşdırılmış xəbərlər hazırlayırıq. Özü də çalışırıq iqtisadi məlumatları elə dillə təqdim edək ki, hamı başa düşsün. Axı bizə baxan təkcə iqtisadçılar deyil”.



...Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsində, necə deyərlər, özümüzünkülərdir, keçmiş APA -çılar - Mübariz Aslanov və Heyran Əmiraslanova. Ümumilikdə isə şöbənin 5 əməkdaşı var.



Bu şöbə əvvəllər sadəcə "İctimaiyyətlə əlaqələr” adlanırdı: "Rövşən müəllimin tapşırığı ilə adı dəyişdirilib, bu cür oldu. Deyim ki, əvvəllər AzTV-nin Feysbukda səhifəsi yox idi. Yeni rəhbərlik gələndən sonra bütün sosial şəbəkələrdə səhifələr açılıb. Səhifələr müntəzəm şəkildə yenilənir, tamaşaçıların fikirləri öyrənilir, nəzərə alınır”, - şöbə müdiri Mübariz Aslanov deyir.



Verilişlərdən maraqlı hissələri kəsib sosial şəbəkələrdə paylaşmaq da Heyran xanımın işinə aiddir: "Doğrusu, yüksək baxış sayları əldə edirik. Rəylərdə yazırlar ki, əvvəllər AzTV-də belə şeylər olmazdı. İndi kanalın siması tamam dəyişib”.



Növbəti dayanacağımız "Əsas məsələ”, "Nəsillərin debatı”, "Xəbərlər” kimi verilişlərin çəkildiyi studiyalardır. Amma burda çox dayanmayıb, İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının diektoru Sərvər Bayramovla müsahibəyə yollanırıq. Studiyalardakı yenilənmələrlə bağlı da o məlumat verəcək:

 



 

 
- Son illər ölkədə o qədər böyük işlər aparılır ki, onları cəmiyyətə təqdim etmək həddindən artıq böyük məsuliyyət tələb edir. Buna görə sosial sahə ilə bağlı verilişlər hazırlamağa çalışırıq. Bundan başqa, dünyada baş verən hadisələrlə bağlı "Planet” adlı verilişimiz efirə gedir. Yeni layihələrimizdən "Rakurs” verilişi var ki, həftə içi 5 gün efirə çıxır. "Rakurs”da çalışırıq ki, günün əsas hadisəsini müzakirəyə çıxaraq. "Günün nəbzi”ndə mövzuya uyğun görüntülər verməklə, məzmun baxımından da müəyyən dəyişiklik etmişik. "Əsas məsələ” tok-şousu barədə də yəqin Rüfət Həmzəyev məlumat verib...



- Bəli, verib. Sərvər müəllim, AzTV-də "Milli istehsal” adlı veriliş də var. O nəyə xidmət edir?



- Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet sahələrdən biridir. Burda əsas məqsəd "Made in Azerbaijan” brendinin dünyaya çıxarılmasıdır. Buna görə də biz belə bir veriliş hazırladıq ki, istər paytaxtda, istərsə də bölgələrimizdə istifadəyə verilən sənaye parkları, aqrar sahədə görülən işlər barədə məlumat verək. Burda da məqsədimiz odur ki, Azərbaycanın milli istehsalının yaradılması prosesində yaxından iştirak edək.



- Bildiyim qədəri ilə gənclərlə bağlı verilişlərin sayında da artım var.



- Gənclərlə bağlı "Gəncsən”, "Gənclik stansiyası” və başqa verilişlərimiz var. Həmin verilişlərdə gəncləri maraqlandıran mövzulardan söhbət açır, dövlətin gənclər siyasətindən bəhs edirik. "Nəsillərin debatı” verilişində isə yaşlı nəsillə gənc nəslin debatı təşkil olunur. Biz bu debatı yaratmaqla gənc nəsillə yaşlı nəslin düşüncəsi, yanaşmaları arasındakı ortaq məxrəci müəyyən etməyə çalışırıq.



- Adətən bizim kanallarda tok-şoular qalmaqala hesablanır.



- Tok-şou formatında olan verilişlərimizin əsas amalı qalmaqal yaratmaq deyil. Əvvəla, bura Azərbaycan televiziyasıdır. İkincisi, bizim hədəflərimiz elmə əsaslanır. Mövzuları peşəkar şəkildə gündəmə gətirməklə sanballı verilişlərə nail olmaq istəyirik.



- Əvvəllər cəmiyyətdə belə bir təəssürat vardı ki, AzTV-nin göstərdiyi Azərbaycanda hər şey yaxşıdır, necə deyərlər, özünün ayrıca dünyası var.




- Doğrusu, mən eşitməmişəm, amma bu yanaşmalar ondan irəli gələ bilər ki, reallıqlar təqdim edilməsin. Reallıqlar təqdim olunanda cəmiyyət də onu rahat qəbul edir, inam, etimad mühiti formalaşır. Əvvəlki dövrdə çalışanların özlərinin yanaşması var idi, xüsusən köhnəlik aydın görünürdü. "Bu olmaz, bu olar” deməklə özlərində müəyyən bir çərçivə yaratmışdılar, bu da istər-istəməz real görünmədiyinə görə tamaşaçıda qıcıqla qarşılanırdı. Amma yeni dəyişikliklərdən sonra rəhbərliyin bizim qarşımızda qoyduğu əsas hədəflərdən biri problemləri də, uğurları da olduğu kimi göstərmək və onun ətrafında müzakirə yaratmağı təşkil etmək dayanır. AzTV haqqında illərdir formalaşan stereotipləri qırmaq çətin prosesdir. O baxımdan, artıq yeni rəhbərliyin dövründə efirin estetikası dəyişib, studiyalar yenilənib. Bundan başqa, kadr islahatları aparılıb, 200-dən artıq yeni kadr işə dəvət edilib. Onların əksəriyyəti gənclərdir. Rəhbərlik dəyişiləndən sonra 30-dan çox yeni veriliş açılıb. Təxminən 20-yə yaxın müasir studiya tikilib. Siz bayaq onlardan bir neçəsini gördünüz.



- Bəs yeni mövsümə hazırlıqlar hansı səviyyədədir?




- Yeni mövsümdən tamaşaçıların qarşısına yeni layihələrlə, yeni tok-şoularla, verilişlərlə çıxacağıq. Biz istəyirik ki, ölkədə həyata keçirilən sosial-iqtisadi məsələlərdən danışarkən tam reallığı göstərə bilək. Ölkədə hazırda o qədər böyük işlər həyata keçirilir ki, biz elə çatdırıb bu hadisələri təqdim edə bilsək, yeniliklərlə bağlı maarifləndirmə işlərini görə bilsək, hədəfimizə çatmış sayılarıq.



***



Reportaj bitir və biz AzTV-nin – məbədin ağır-ağır örtülən dəmir darvazalarından çölə çıxırıq. Özüm-özümdən xoflanıram: Bu eşitdiklərim nə idi, bunlar nə danışırdılar, AzTV hara, Feysbuk hara, reallıq hara? Mən doğrudanmı AzTV-ə gəlmişdim, yoxsa başqa yerə düşmüşdüm?



Dönüb geriyə baxıram.



AzTV-nin loqosu arxamızca əl yelləyir...



 

Lent.az
Oyanan nəhəng, sındırılan çərçivə, “siz robot deyilsiniz...” –  AzTV-dən REPORTAJ