Ermənistan İstintaq Komitəsinin Baş İdarəsində arxiyepiskop Mikael Acapaxyan barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Bakupost.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata əsasən, istintaq zamanı müəyyən edilib ki, Mikael Acapaxyan mediaya verdiyi müsahibələrin birində Ermənistanın iki keçmiş prezidentinə dəfələrlə hərbi çevriliş həyata keçirməyi təklif etdiyini bildirib.
O, bu planın ordu, polis və milli təhlükəsizlik sistemində vəzifə tutan, onların siyasi baxışlarını bölüşən generalların dəstəyi ilə reallaşdırıla biləcəyini ifadə edib.
Yerli istintaq orqanının rəyinə görə, Mikael Acapaxyan bu açıqlamaları ilə kütləvi informasiya vasitələrindən istifadə edərək dövlət hakimiyyətinin zorakı yolla ələ keçirilməsinə və ya saxlanmasına, eləcə də konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar edib.
Bu əməllə əlaqədar olaraq Acapaxyan barəsində Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə (dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə və ya zorla saxlanmasına, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya dövlətin ərazi bütövlüyünün zorla pozulmasına yönəlmiş açıq çağırışlar) cinayət təqibi başlanıb.